Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları genişləndirildi

Azərbaycan Respublikası Prezidentinin 07.05.2020-ci il tarixli 1016 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişikliyə əsasən, güzəştli ipoteka kreditini almaq və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların mövcud kateqoriyalarından biri genişləndirildi və daha bir yeni kateqoriya əlavə olunub.

Agentlikdən verilən məlumata görə, “ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs” adlı mövcud kateqoriya genişləndirilərək “ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxsləri əhatə edəcək. Müvafiq dəyişikliklə, gənc ailə (Gənc ailə – yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan müəllimlər üçün əmək stajı tələbi 5 ildən 3 ilə endirilməklə yanaşı, yalnız ümumtəhsil məktəbində işləyən deyil, digər ümumi təhsil müəssisələrində çalışan gənc ailə üzvü olan müəllimlər də güzəştli mənzil əldə edə biləcəklər.

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 12.14-cü bəndinə əsasən ümumi təhsil müəssisələrinin aşağıdakı növləri vardır:

  • ibtidai ümumtəhsil məktəbi;
  • ümumi orta ümumtəhsil məktəbi;
  • tam orta ümumtəhsil məktəbi;
  • lisey;
  • gimnaziya;
  • ümumtəhsil internat məktəbi;
  • inteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;
  • inteqrasiya təlimli ümumi təhsil müəssisəsi;
  • xüsusi məktəb;
  • xüsusi internat məktəbi;
  • inteqrasiya təlimli internat tipli gimnaziya;
  • valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi;
  • digər məktəblər.

Bununla yanaşı, yeni – “ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs” kateqoriyası da əlavə olundu. Həmin kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana biləcəklər.

Ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılmış, həmin kateqoriyalara aid olan vətəndaşlar tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilmişdir. Sənədlərin siyahısı ilə www.mida.gov.az və www.mida.gov.az/mmc/ internet saytlarının ana səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür.

Hər iki yeni kateqoriyaya aid şəxslər 12.05.2020-ci il tarixindən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər. “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinetə sahib olan şəxslər mənzillərin seçimi zamanı daha öncə elektron kabinetə sahib olmuş digər kateqoriyalara aid vətəndaşlarla bərabər hüquqlara malik olacaqlar.

Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərələri vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108 Çağrı” mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password