Banklar Mərkəzi Bankın tövsiyəsini qulaqardına vurub – Özləri açıqlayır…
Koronavirus pandemiyası dövründə bir sıra iş yerlərinin bağlanması, xüsusilə də muzdla işləyənlərin işsiz qalması bank krediti olanların ödənişlərində problem yaradıb.
Kreditlərin ödənilməsindəki gecikmələr vətəndaşların əlavə olaraq borclanmasına zəmin yaradır ki, bu da kredit borclarının şişməsinə səbəb olur. Bu problemin, vətəndaşların daha çox borclanmasının qarşısını almaq üçün Azərbaycan Mərkəzi Bankı kommersiya banklarına tövsiyə xarakterli müraciət edib. MərkəziBankın kommersiya bankarına göndərdiyi sənəddə biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması tövsiyə edilib. Sənəddə göstərilir ki, əgər vətəndaşın martın 1-dən sentyabrın 30-dək kredit yubanması olacaqsa, bu, onun kredit tarixçəsinə yazılmayacaq və tarixçə pisləşməyəcək.
İpoteka kreditləri ilə bağlı məqamlar da sənəddə yer alıb. Belə ki, İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına bu il martın 1-dək verilmiş ipoteka kreditləri, Fondun razılığı əsasında bu il sentyabrın 30-dək restrukturizasiya olunacaq, yəni güzəşt tətbiq olunacaq. Fondun vəsaitləri hesabına martın 1-nə kimi verilmiş ipoteka kreditlərinin restrukturizasiya edilməsi zamanı banklar tərəfindən kreditin keyfiyyətinin pisləşdirilməməsi də tapşırılıb.
Qeyd edək ki, kommersiya bankları özəl müəssisəslər olduğu üçün Mərkəzi Bankın onlara birbaşa tapşırıq vermək imkanı yoxdur və ona görə də sənəd ancaq tövsiyə xarakteri daşıyır.
Maraqlıdır, kommersiya bankları bu tövsiyəyə əməl edirmi?
Bir neçə bank sorğumuzu cavablayıb.
“Kapital Bank”dan sorğuya cavab olaraq bildirilib ki, ödənişi gecikdirilmiş kreditlərə cərimə faizləri əlavə olunur.
“Accsses Bank”dan da gecikdirilmiş kreditlərə cərimə faizlərinin əlavə olunduğu, amma kredit ödənişi həyata keçirildiyi zaman gecikməyə görə əlavə olunan faizlərin nəzərə alınacağı bildirilib.
Azərbaycan Beynəlxalq Bankı isə yalnız krediti olan müştərilə bu haqda məlumat veriləcəyini bildirib.
Bir neçə bank isə ümumiyyətlə, sorğunu cavablandırmaqdan imtina edib.
Göründüyü kimi, pandemiya dövründə Mərkəzi Bankın tövsiyəsinə kommersiya bankları heç də müsbət reaksiya verməyib. Bu isə gələcəkdə problemli kreditlərin həcminin artacağına işarədir. Kredit ödənişində problem yaşayan şəxslərin bir müddət sonra borcu şişəcək və xüsusilə də aztəminatlı vətəndaşların ödəmə imkanını aşacaq. Bu isə növbəti problemli kredit dalğasını yarada bilər./cebhe.info/