HESABLAMA PALATASI: “UTANCAQ” NƏZARƏT ORQANI… – Yaxud, Gülməmmədov niyə Stepaşin ola bilmir?
Bir neçə icra başçısı və Mədəniyyət Nazirliyinin yüksək rütbəli məmurları həbs ediləndən, eləcə də bu şəxslərin sahibləndiyi varidatın miqyasına dair görüntülər təqdim olunandan sonra dövlət nəzarətini həyata keçirməli olan qurumların məsuliyyəti məsələsi gündəliyə çıxdı. Və təbii olaraq, əslində uzun illərdir səsləndirilən “nəzarət orqanları hara baxır” sualı yenidən aktuallıq qazandı.
Belə ki, istər yerli icra strukturlarında, istərsə də nazirlik və komitələrdəki talançılığı, büdcə vəsaitlərinin oğurlanmasını üzə çıxara biləcək kifayət qədər sayda dövlət orqanı var. Həmin qurumlardan biri də Parlamentə hesabat verən və dövlət büdcə-maliyyə nəzarəti orqanı hesab edilən Hesablama Palatasıdır(HP).
Doğrudur, HP demək olar ki, əsasən qanunvericilikdə nəzərdə tutulduğu kimi, vaxtlı-vaxtında, səliqəli şəkildə hesabatlarını, rəylərini verir, büdcə prosesində iştirak edir və s.
Ancaq qurumun əsas funksiyaları büdcə gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditini aparmaq, büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğunu təhlil etmək və nəhayət, aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş pozuntular barədə məlumatları parlamentə təqdim etməkdir. Təəssüf ki, bu bəndlər üzrə HP-nin fəaliyyətini tam qənaətbəxş hesab etmək, yumşaq desək, insafsızlıq olardı…
Misal üçün HP sədri Vüqar Gülməmmədov 2019-cu il büdcəsinin icrasıyla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, Azərbaycanda ötən il ərzində səmərəsiz büdcə xərcləri cəmi 75 milyon manat təşkil edib: “Səmərəsiz xərclər il ərzində ayrılan vəsaitin vaxtında istifadə edilməməsi, tələbatdan artıq malların alınması və uzun müddət anbarlarda istifadəsiz qalması, daha az xərclə alına biləcək mal və xidmətlərin alınmaması, dövlət vəsaitinin istifadəsi zamanı dövlət alışları üzrə bağlanmış müqavilələrin münasib şərtlərinin seçilməməsi, dövlət proqramlarında müəyyən edilmiş hədəflərə nail olunmaması (və yaxud qismən nail olunması) ilə bağl xərclərdir…”
Cəmi 75 milyon manat(!). Hörmətli V.Gülməmmədova deyən lazımdır ki, araşdırsaq bir neçə rayonun icra başçısının taladığı vəsaitin həcmi bundan çoxdur. Necə ola bilər ki, icra başçılarından nazirlərə, komitə sədrlərindən dövlət şirkətlərinə qədər kimin barmağı dövlət büdcəsinə bir balaca ilişirsə, az qala onun içalatını çəkib çıxardığı ölkədə HP cəmi 75 milyon manatlıq “səmərəsiz xərc” üzə çıxarıb?
İstənilən ortabab mütəxəssisə məlumdur ki, başqa büdcə xərclərini bir kənara qoysaq, təkcə dövlət satınalmaları üzrə obyektiv araşdırma, audit aparılsa həmin bu 75 milyondan 75 qat artıq miqyasda mənimsəmə üzə çıxarmaq olar.
Ancaq utancaq və başıaşağı qurum təəssüratı bağışlayan HP-nin bir il ərzində üzə çıxardığı vəsait də özü kimi zəif təsir bağışlayır və vur-tut bir başçının evində saxladığı valyutanın miqdarına yaxın bir rəqəm təşkil edir…
Ancaq insafən qeyd edək ki, HP-nin hesabatlarında bəzən olduqca əhəmiyyətli təhlil predmeti olan obyektiv göstəricilərə də rast gəlmək olar. Məsələn, qurumun hesabatından belə məlum olur ki, dövlət satınalmalarının 40 faizi ictimaiyyətdən gizlədilir. Belə ki, 514,4 mln. manat dəyərində 1147 satınalma müqaviləsi internet portalın “bağlanmış müqavilələr haqqında məlumat” bölməsində yerləşdirilməyib.
Həmçinin, 2018-ci ildə satınalan təşkilatlar tərəfindən 8964 müsabiqəəsaslı satınalma keçirildiyi halda, portalda cəmi 5463 satınalma müqaviləsi barədə məlumat yerləşdirilib. Bəs niyə Milli Məclis tərəfindən bunun hesabı sorulmur, nədən dövlət satınalmalarının şəffaflığı təmin edilmir?
Palata sədrinin dövlət satınalmalarındakı talançılığa münasibəti isə aşağıdakı kimidir: “Yol verilən nöqsanların təhlili və daha çox rast gəlinmiş pozuntular onu qeyd etməyə imkan verir ki, dövlət vəsaitlərinə nəzarət, ilk növbədə, dövlət satınalmalarının şəffaf keçirilməsinə və dövlət əmlakından səmərəli istifadəsinə nəzarətin təşkilindən keçir”.
Yəni standart, “xalaxətrin qalmasın” bir tövsiyə, vəssalam!
Ancaq bütün bunlarla yanaşı, məsələnin təkcə sırf maliyyə-uçot, iqtisadi təhlil və s. yox, həm də siyasi tərəfi də nəzərə alınmalıdır. Belə ki, HP-nin fəaliyyəti və nüfuzu həm də onun hesabat verdiyi və birbaşa bağlı olduğu parlamentin çəkisindən, ümumiyyətlə hakimiyyətin bu qolunun dövlətin idarə edilməsindəki rolundan da asılıdır. Bu sarıdan isə Milli Məclisin indiyə kimi “axsadığı” heç kimə sirr deyil…
HP-nin sədrinə gəlincə isə, Vüqar Gülməmmədova peşəkarlığı və bilik səviyyəsinə görə irad tutulması düzgün olmazdı. Ancaq onu məsələn, Rusiya Hesablama Palatasının əvvəlki rəhbəri Sergey Stepaşin, yaxud hazırkı başçısı Aleksey Kudrinlə müqayisə etmək də gülməli olardı.
Sırf o baxımdan ki, adı çəkilən hər iki şəxs Rusiyada təkcə güclü mütəxəssis yox, həm də siyasi çəkisi, nüfuzu olan fiqurlardır. Onlar yeri gələndə cəsarət göstərə, ortaya mövqe qoya bilən, geniş ictimaiyyətin tanıdığı və bütün dövlət orqanlarının hesablaşdığı şəxslərdir.
V.Gülməmmədov isə sadəcə, sonradan Kənd Təsərrüfatı naziri olmuş və daha sonra “vurulmuş” sələfi Heydər Əsədovun irəli çəkdiyi kadr kimi tanınır. Və 7 ildir HP-yə rəhbərlik edən indiki sədrin lap 70 il sonra da Stepaşin, yaxud Kudrin olacağı inandırıcı görünmür…
Hər halda, heç bir bəhanə nə V.Gülməmmədovu, nə də digər büdcəyə nəzarət orqanlarının rəhbərlərini məsuliyyətdən azad etmir. Və bir şey dəqiqdir ki, ölkədəki məmur talançılığı, başçıların evlərindən çıxan milyonlar da daxil olmaqla, büdcədən oğurlanan pulların hər qəpiyində digər nəzarət orqanları ilə yanaşı HP-nin də böyük günah payı və dolayısı ilə ortaqlığı var!/azpolitika.info/