Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı şuşalı qız Milli Məclisdə çıxış edib
Şuşanın Ermənistan tərəfindən işğal edilməsinin 28-ci ildönümü ilə əlaqədar olaraq şuşalı qız Əsra Məmmədli Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.
Ə.Məmmədli deyib: “Mən Şuşadanam. Atam da, anam da, babam da, ulu babam da Şuşalıdır. Babalarımın əcdadları da Şuşada doğulub. Amma təəssüf ki, mən Şuşada doğulmamışam. Nəinki, doğulmamışam, heç Şuşanı görməmişəm də. Sizcə, bu necə hissdir? Mən Şuşamız barədə yalnız ata-anamın və nənə-babalarımın danışdıqları qədər bilirəm. Bu isə o deməkdir ki, mən də atam və ulu babalarım qədər Şuşalıyam. Bilirəm ki, məni çox gözəl anlayırsınız. Məni hiss etməyinizi istəyirəm. Mənim səsimi dünyaya çatdırın.
– Çatdırın ki, mənim çəkdiyim ağrı-acını, yaşadığım hissləri digər ölkələrdə yaxşı anlasınlar, yaxşı duysunlar.
– Qoy duysunlar ki, Şuşalı olub, Şuşanı görməmişəm.
– Şuşalıyam, fəqət anam mənə Şuşada layla oxumayıb
– Şuşalıyam, lakin Cıdır düzündə, gül-çiçək arasında ayaqyalın qaçmaq da mənə nəsib olmayıb.
– Şuşalıyam, Şuşanın qarlı, dumanlı dağlarını görməmişəm.
– Şuşalıyam, Şuşanın bulaqlarının suyunu içməmişəm.
– Şuşalıyam, Xarı bülbülün çiçək açmasını görməmişəm.
– Şuşalıyam, Şuşada Qarabağ şikəstəsini eşitməmişəm,
– Hiss edirsiniz məni? Qoy dünya da anlasın və hiss etsin ki, Şuşa mənim doğma torpağımdır. Qoy hamı anlasın və hiss etsin ki, Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır! Torpaq isə müzakirə olunmur”.