Azərbaycan mədəniyyətinə ağır itki – Tanınmış aktrisa vəfat etdi

Bu gün günorta saatlarında “O olmasın, bu olsun” filmində Gülnaz obrazı ilə tanınan aktrisa Tamara Gözəlova dünyasını dəyişib.

Aktrisanın bacısı qızı açıqlamasında Tamara Gözəlovanın xərçəng xəstəliyindən vəfat etdiyini deyib: “Bu gün günorta saatlarında dünyasını dəyişdi. Döş vəzində xərçəng xəstəliyindən əziyyət çəkirdi. 2000-ci ildən müalicə alırdı. Heç nə danışa bilmirdi. Bir kəlimə deyə bilmədi. Bir ay idi ki, vəziyyəti pis idi. Vida mərasimi olmayacaq, icazə yoxdur. Əhmədli qəbristanlığındə dəfn ediləcək”.

Qeyd edək ki, Tamara Gözəlovanın 80 yaşı var. O, AzTV-də diktor kimi də fəaliyyət göstərmişdi.

T.Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, Içərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. Elə həmin ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb.

1956-59-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub.

Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında “Məşədi İbad” adı ilə məşhurlaşan “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password