Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının videokonfransı keçirilib
Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib.
Prezident İlham Əliyev Zirvə görüşündə açılış nitqi söyləyib.
O deyib ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik. Prezident bunun Azərbaycanın təşəbbüsü ilə keçirilən 2-ci Zirvə Görüşü olduğunu qeyd edərək ölkənin sədri olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının onun təşəbbüsü ilə aprelin 10-da COVID-19-a qarşı təşkil edilən Zirvə Görüşünü xatırladıb.
Zirvə görüşündə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik və zəruri qabaqlayıcı tədbirlər barədə məlumat verərək vurğulayıb ki, pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir. Ölkədə həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınıb. Son üç həftə ərzində Azərbaycanda xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasında müsbət dinamika yaranıb.
Prezident İlham Əliyev pandemiya şəraitində Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün görülən işlərdən də danışıb, bu məqsədlə 3.5 milyard manat məbləğində sosial-iqtisadi dəstək paketinin qəbul olunduğunu bildirib.
Sammitdə dövlət başçısı qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb.
Sonra BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande çıxış edərək deyib ki, heç bir ölkə qarşıya çıxan bu çətinliyi, bu maneəni təkbaşına aradan qaldıra bilməz. Biz BMT olaraq çox böyük məmnunluqla bu kimi təşəbbüsləri dəstəkləyirik və istəyirik ki, COVID-19 virusunun yayılmasının qarşısını alaq. Biz istərdik ki, həmçinin bütün dövlətlər, millətlər arasında olan bərabərsizlik aradan qaldırılsın.
Daha sonra BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciəti təqdim olunub. Baş katib bu təşəbbüsə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib. Müraciətdə vurğulanıb ki, bu böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirləri tələb edir. Burada yeganə cavab cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətləridir. Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin üçdəikisini əhatə edən Qoşulmama Hərəkatı qlobal həmrəyliyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus çıxışında Azərbaycanın təşkilata verdiyi dəstəyi yüksək dəyərləndirib. O, Azərbaycan hökumətinə və xalqına ÜST-yə 5 milyon ABŞ dolları həcmində maliyyə dəstəyinə görə təşəkkür edib, həmçinin təşkilata əlavə olaraq 5 milyon dollar həcmində yardım göstərdiyi üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Baş direktor pandemiya ilə mübarizədə qlobal həmrəyliyin və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq deyib ki, səylərimizi bütün cəmiyyət səviyyəsində müxtəlif sahələri əhatə edən, çoxtərəfli fəaliyyətə əsaslanan uzunmüddətli hazırlığa yönəltməliyik.
Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat da Zirvə görüşünün təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edərək bildirib ki, pandemiyaya qarşı mübarizədə Qoşulmama Hərəkatının oynadığı rol danılmaz və əhəmiyyətlidir. BMT ilə olan işgüzar münasibətlərimiz bizdən onu tələb edir ki, biz əl-ələ verib birgə addımlayaq. Bu virusa qarşı bütün dünya miqyasında aparılan mübarizəyə gəldikdə, istənilən hər hansı siyasi sərhədləri, hər hansı bir ideologiyanı, məfkurəni kənara qoymalıyıq. Biz nümayiş etdirməliyik ki, biz birgə işləməklə necə böyük ülvi məqsədlərə xidmət edən dövlətlərik.
Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciətində COVID-19-un dünyanın müxtəlif guşələrinin biri-birinə nə dərəcədə bağlı olduğunu göstərdiyini, bunun oyanış üçün qlobal çağırış olduğunu qeyd edib. O, Qoşulmama Hərəkatının Zirvə görüşünün çağırılması təşəbbüsünü alqışlayaraq deyib ki, pandemiyanın məğlub edilməsi qlobal yanaşmanı və əlaqələndirilmiş cavab tədbirlərini tələb edir.
Sammitdə 40-dan çox üzv ölkənin dövlət və hökumət başçıları da çıxış ediblər.
Qeyd edək ki, Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilib.
Bu Zirvə görüşü bir daha təsdiqlədi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir.