SDU-da rektorluğun videokonfrans şəklində növbəti iclası keçirilib

Aprelin 30-da Sumqayıt Dövlət Universitetində rektorluğun koronavirus pandemiyası ilə əlaqədar məsafədən tədrisin təşkilinin vəziyyəti, 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının və Dövlət attestasiyasının keçirilməsi, sosial baxımdan əhalinin həssas qruplarına aid edilən tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi ilə əlaqədar universitetdə görülən işlərin vəziyyəti, koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyətdə 2020-ci il üçün planlaşdırılmış beynəlxalq və respublika elmi konfranslarının keçirilməsi və cari məsələlərin müzakirəsinə həsr olunmuş növbəti iclası videokonfrans şəklində keçirilıb.

SDU-dan Aktualinfo.org-a verilən məlumata görə, rektor, professor Elxan Hüseynov iclas iştirakçılarını salamlayaraq koronavirus pandemiyası ilə mübarizədə Prezident cənab İlham Əliyevin uzaqgörənliyi, baş verənlərə dərhal ciddi reaksiya verməsi sayəsində respublikada vəziyyətin nəzarət altına alındığını, virusa yoluxanların sayının gündən-günə azaldığını bildirib. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldığını, Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırıldığını və ölkə üzrə bütün kütləvi tədbirlərin təxirə salındığını, karantin rejiminin tətbiq olunduğunu, koronavirusla mübarizə fondu yaradıldığını və ilk olaraq cənab Prezidentin fonda birillik əməkhaqqını keçirdiyini qeyd edən rektor SDU-nun da həmişə olduğu kimi ölkə prezidentinin yanında olduğunu, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan bu fonda 50 min manat vəsait köçürdüyünü bildirib.

Koronavirus pandemiyası ilə əlaqədar bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən tibbi maskanın böyük qıtlığı yaşandığı bir zamanda ölkə başçısının tapşırığına əsasən aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldu və tibbi maska istehsalına başlanıldı. Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva “Yeni klinika”nın açılışını etdilər. Vaxtında tikilən, ən müasir cihaz və avadanlıqlar, laboratoriyalarla təchiz edilən yeni tibb müəssisəsi dövlət başçısının qərarı ilə koronavirus xəstələrinin müalicəsinə yönəldildi.

Ümumdünya Səhiyyə Təşkilatının da qeyd etdiyi kimi, qısa vaxtda respublikada görülən işlərin digər ölkələr üçün nümunəyə çevrildiyini, bir sıra ölkələrlə müqayisədə, Azərbaycanda koronavirusa yoluxma hallarının vaxtında aşkarlandığını bildirən və bunu ölkədə güclü səhiyyə sisteminin olması ilə əlaqələndirən rektor hər kəsi karantin qaydalarına əməl etməyə səslədi.

Rektor professor Elxan Hüseynov sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə hökumətin verdiyi qərara toxunaraq, SDU-da ödənişli əsaslarla təhsil alan bu qəbildən olan tələbələrin siyahısının hazırlanması işinin davam etdiyini vurğuladı.

Tədrisin gedişatına toxunan rektor koronavirusla mübarizə ilə bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığı nəzərə alınaraq Təhsil Nazirliyinin göstəriş və tövsiyələrinə uyğun olaraq, Sumqayıt Dövlət Universitetində tədris prosesinin onlayn və oflayn formada təşkil olunduğunu bildirdi. Onlayn formada WhatsApp mesajlaşma mübadilə sistemindən, Zoom onlayn konfransların keçirilməsi proqramından və Microsoft Teams platforma-sından, oflayn formada isə distant təhsilin təşkil edilməsi üçün nəzərdə tutulmuş Moodle sistemindən, Microsoft Teams platformasından və WhatsAppdan istifadə olunmaqla tədris prosesinin təşkil olunduğunu vurğulayan rektor ayrı-ayrı fənlərə dair mövzuların mənimsənilməsi üçün tələb olunan materialların buludda yerləşdirildiyini, tələbələrin istədikləri vaxt bu materiallardan istifadə edərək dərslərə hazırlaşdığını, mühazirə materiallarını mənimsədiklərini qeyd etdi. Hazırda bütün mühazirə, məşğələ və laboratoriya işlərinin, o cümlədən imtahan suallarının buludda yerləşdirildiyini söyləyən rektor görülən işlərin nəticəsində tələbələrin 70 %-dən çoxunun onlayn dərslərdə iştirak etdiyini bildirdi. İstehsalat və pedaqoji təcrübə keçən tələbələrin buraxılış işləri, imtahan prosesinin təşkili, tələbələrin biliklərinin qiymətləndirilməsi ilə bağlı fikirlərini bölüşən rektor onu da vurğuladı ki, aprelin 24-də təhsil naziri, nazirliyin aparatının rəhbər şəxsləri və ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə keçirilən videokonfransda təhsil naziri cənab Ceyhun Bayramovun çıxışı zamanı önəmli məqamlardan biri də postkarantin dövründə tədrisin təşkili və imtahan sessiyasının keçirilməsi olmuşdu. Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə birgə müzakirələrin aparıldığını bildirən rektor imtahanların keçirilməsi ilə əlaqədar 2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn rejimdə təşkil olunduğu nəzərə alınaraq tələbələrin biliklərinin qiymətləndirilməsində tələbəyönümlü və eyni zamanda biliklərin obyektiv qiymətləndirilməsinə əsaslanan yanaşmanın tətbiq olunmasının planlaşdırıldığını vurğuladı.

2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının və Dövlət attestasiyasının keçirilməsi haqqında Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Sosial baxımdan əhalinin həssas qruplarına aid edilən tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi ilə əlaqədar universitetdə görülən işlərin vəziyyəti haqqında Tədris-metodiki mərkəzin direktoru Faiq Şirinov, Koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyətdə 2020-ci il üçün planlaşdırılmış beynəlxalq və respublika elmi konfranslarının keçirilməsi haqqında Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov məruzələrlə çıxış etdilər. Müzakirələrdə Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev, Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, Elmi katib professor Muxtar Səmədov və fakültə dekanları koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar SDU-da tədris prosesinin təşkili, təcrübələrin keçirilməsi və xarici layihələrin, onlayn şəkildə görüşlərin həyata keçirilməsi barədə ətraflı məlumat verdilər və bir sıra təkliflər irəli sürdülər.

O da qeyd olundu ki, universitetdə tələbələrin asudə vaxtlarının təşkili istiqamətində də onlayn formatlı işlər görülür, intellektual yarış və müsabiqələr keçirilir. Görkəmli Azərbaycan ədibi Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş “Zoom” proqramı vasitəsilə “Realist ədəbiyyatın parlayan ulduzu” adlı onlayn elmi-praktik konfrans, Təhsil Nazirliyinin təşəbbüsü ilə “Evdə qal, təhsildən qalma” layihəsi çərçivəsində universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr arasında onlayn formatda intellektual oyunlar, rəssamlıq, qiraət və ifaçılıq müsabiqələri bu qəbildəndir.

14-15 may tarixlərində keçirilməsi nəzərdə tutulan magistrantların XX Respublika elmi konfransının keçirilmə tarixində koronovirus pandemiyası ilə əlaqədar olaraq dəyişiklik edildi və karantin rejimindən asılı olaraq keçirilmə tarixinin müəyyənləşdirilməsi qərarı verildi.

İclasın sonunda rektor professor Elxan Hüseynov iştrakçılara, eləcə də qlobal koronavirus pandemiyası ilə mübarizə şəraitində onlayn tədrisdə iştirak edən bütün müəllimlərə təşəkürünü bildirdi, tədrislə yanaşı, tələbələrin karantin rejiminin qaydalarına əməl etmələrini tövsiyə etdi.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password