Qarşısı kəsilən maşın, 10 min dollar və ya ayağa vurulan bıçaq zərbəsi: “8-ci kilometr bazarı”nın sahibini kim soyub?

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları 28 aprel saat 20:00 radələrində Bakıxanov qəsəbəsində iş adamına hücum etməkdə şübhəli bilinən şəxslərin izinə düşərək, onların şəxsiyyətini müəyyənləşdiriblər.

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.

Xatırladaq ki, cinayət hadisəsi Yavər Əliyev küçəsində törədilib. İlkin olaraq bildirilirdi ki, qara maskalı iki naməlum şəxs “Renault” markalı avtomobilini evinin qarşısında park etməyə çalışan Cəfər Səfərova (1972-ci il təvəllüdlü) hücum edib. Cinayətkarlar iş adamının avtomobilinə əyləşərək, onun sol ayağını bıçaqla yaralayıb və üzərində gəzdirdiyi pulları onlara verməyi tələb ediblər. C.Səfərovun üzərində olan 10 min ABŞ dolları məbləğində (17 min manat) pulu ələ keçirən şəxslər dərhal hadisə yerini tərk ediblər.

Lakin hadisənin araşdırılması zamanı maraqlı faktlar ortaya çıxıb.

Ondan başlayaq ki, soyğuna məruz qalan şəxs “8-ci kilometr bazarı”nın sahibi Səfərov Cəfər Qüdrət oğlu olub.

Mənbədən əldə edilən məlumata görə, hadisənin soyğunçuluq faktı olması şübhə altındadır.

Məlum olub ki, hücuma məruz qalan vaxt C.Səfərovun üzərində şikayət ərizəsində qeyd etdiyi kimi 10 min dollar yox (17 min manat), 47 min manat olub. Əgər bu, soyğunçuluq olsaydı, cinayətkarlar bütün pulları ələ keçirərdilər.

Əldə edilən məlumata görə, maskalı şəxslər C.Səfərovu izləmək üçün təyin olunublar. Eyni zamanda, C.Səfərovu izləmək haqda göstəriş verən şəxs və onun məqsədi də məlumdur, lakin informasiya hələ tam təsdiqini tapmadığından, bu haqda məlumat vermək tez olardı.

“Məsələ qaranlıqdır, lakin biz ona aydınlıq gətirəcəyik”, – deyə polisdən bildirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları istisna etmir ki, hadisə C.Səfərovun iş fəaliyyəti ilə əlaqədardır.

Qeyd edək ki, C.Səfərovun üç qardaşı var: Səfər, Süleyman və Qəhrəman. 2000-ci ildə Səfərov qardaşları “8-ci kilometr bazarı”nın sahibi olublar.

Əvvəl onlara məxsus “ООО Maral-Veqa” şirkəti Çingiz Əsədovun obyektinin yarısını, 2002-ci ildə isə qalan 50 faizini əldə edib. Bazar C.Səfərovun adına rəsmiləşdirilib. Lakin 2005-ci ildə bazar ələ keçirilib. Obyekt ləğv edilmiş milli təhlükəsizlik nazirliyində müavin vəzifəsində işləmiş Hilal Əsədovun və eyni nazirliyin Enerji və Nəqliyyat Baş İdarəsinin keçmiş rəisi işləmiş Akif Çovdarovun əlinə keçib. Akif Çovdarov 6 aprel 2020-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə əfv edilib.

A.Çovdarov bir sıra ağır cinayətlər törətdiyinə görə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Ələ keçirilən bazar səhmlərinin yarısı H.Əsədovun həyat yoldaşı Nüşab Əsədovanın adına, digər 50 faizi isə A.Çovdarovun qızı Aida Qasımovanın adına rəsmiləşdirilib.

Yerli kütləvi informasiya vasitələrində dəfələrlə 16 dekabr 2005-ci ildə “OOO Maral-Veqa” şirkətinin ofisinə daxil olan xüsusi xidmət orqanlarının C.Səfərovun qardaşı Qəhrəman Səfərovu, bazarın baş mühasibi Akif Əzimovu və direktor Əyyub Novruzovu saxlayaraq, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasına aparılması haqda xəbərlər dərc olunub.

Bu vasitə ilə C.Səfərova təzyiq göstərilib. Sahibkar mülkiyyətindən imtina etmək məcburiyyətində qalıb.

Uzun illərdir ki, Səfərovlar hüquqlarının bərpa olunması üçün bütün məhkəmə instansiyalarına müraciət ediblər. Əldə olunan məlumata görə, A.Çovdarovun məhkum ediləndən sonra C.Səfərov bazarın bir hissəsini geri qaytara bilib. Lakin bu günlərdə məlum olub ki, əfv olunan sabiq məmur “lənətlənmiş” bu obyekt üzərində itirdiyi nəzarəti yenidən bərpa etmək niyyətindədir./oxu.az/

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password