“Uzun müddət ordumuzu ərzaqla təmin edəcək ehtiyatımız var” – MN rəsmisi
“Koronavirusla qlobal miqyasda mübarizə aparılır. Pandemiyanın Azərbaycanda yayılmasının qarşısını almaq baxımından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi sərəncamları müstəsna əhəmiyyətlidir. Bu sərəncamların tələbləri müvafiq olaraq Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə orduda da icra olunmağa başladı. Müdafiə nazirinin göstərişi ilə ərzaq bazalarına giriş və çıxış məhdudlaşdırıldı. İndi bu məsələləri karantin rejiminin tələblərinə uyğun olaraq daha ciddi nəzarətdə saxlayırıq”.
Bunu Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin xidmət rəisi polkovnik Eldəniz Yəhyayev hərbi qulluqçuların qida rasionu, təminatı, o cümlədən ərzaqların saxlanması şəraiti ilə bağlı deyib.
O söyləyib ki, hərbi hissələrə daxil olan bütün hərbi avtomobillər, həmçinin təminedici şirkətlərin yük avtomobilləri dezinfeksiya edildikdən sonra anbarlara buraxılır: “Eləcə də anbarlara daxil olan hər bir şəxsin temperaturu ölçülür, onlara əlcək və maska verilir. Həmçinin hərbi qulluqçuların ictimaiyyət arasına tez-tez çıxmaması, yoluxma hallarının qarşısının alınması məqsədilə bir sıra digər zəruri addımlar atılır. Bununla əlaqədar ərzaq məhsullarının natura halında verilməsi prosesi genişləndirilibdir. Bakı qarnizonunda xidmət edən hərbi qulluqçulara ərzaq payı natura şəklində verilir ki, bu da onların istər özlərinin, istərsə də ailə üzvlərinin virusa yoluxma ehtimalını kifayət qədər azaldır”.
E.Yəhyayev bildirib ki, ərzaq məhsullarının paylanması prosesində gigiyenaya və təmizliyə xüsusi diqqət yetirilir: “Təminedici şirkətlərdən xüsusi vasitələr əldə edilərək qablaşdırma prosesi steril şəraitdə aparılır. Hazırda qida rasionunda əsas təminatda nəzərdə tutulan mal ətindən əlavə, toyuq əti, ət konservi, müxtəlif növ okean və dəniz balıqları var. Çoxçeşidliliyə diqqət yetirməklə yanaşı, ərzağın istifadə intensivliyinə də diqqət edirik ki, bu da tərəvəz məhsullarının verilməsi zamanı həyata keçirilir. Biz Nazirlər Kabinetinin müvafiq qərarında öz əksini tapan əvəzetmə normalarına uyğun olaraq bəzi az istifadə olunan tərəvəz məhsullarını müvafiq mütənasiblik gözlənilməklə daha çox işlədilən ərzaqlarla əvəzləmişik. Onu da bildirim ki, ölkə rəhbərliyinin diqqət və qayğısının nəticəsidir ki, anbarlarımızda uzun müddət ordumuzu ərzaqla təmin edəcək ehtiyatımız var”.
Xidmət rəisi bü gün əsgərlərin gündəlik qida rasionunda dəyişikliklərdən də danışıb: “Bildiyiniz kimi, immuniteti zəif olan insanlar koronavirus infeksiyasına daha tez yoluxurlar. Müdafiə nazirinin xüsusi göstərişinə əsasən, vitaminləşdirmə gücləndirilir, rasiona C vitamini ilə zəngin olan meyvə və tərəvəzlər daxil edilir. Təzə alma, sarımsaq, soğan, kələm və çuğundurdan istifadəyə xüsusi diqqət edirik. Nahar və şam yeməklərində təzə tərəvəzlərdən hazırlanmış salatlar da verilir.Vətəndaşlarımıza müraciət edərək bütün şəxsi heyət adından demək istəyirəm ki, biz onlar üçün Vətənin keşiyində dayanmışıq. Onlar da bizim üçün sağlamlıqlarının keşiyində dayansınlar”./report.az/