İlham Əliyev Baş prokuror vəzifəsinə yeni namizəd irəli sürüb
“Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ Milli Məclisə daxil olub.
“Report”un əldə etdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.
Məsələ yaxın vaxtlarda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılacaq.
Aktualinfo.org xatırladır ki, Azərbaycan Respublikasını Milli Məclisi Zakir Qaralovu bu vəzifəyə sonuncu dəfə 2015-ci ilin aprelin 28-də təsdiqləyib.
Qeyd edək ki, “Prokurorluq haqqında” qanuna əsasən, Azərbaycan Respublikasının Baş prokurorunun səlahiyyət müddəti beş ildir.
Məlumat üçün bildirək ki, Zakir Qaralov 2000-ci ilin 25 aprel tarixindən Baş prokuror vəzifəsində işləyir.