190 manatla bağlı müraciətlərin cavabı niyə gecikir? – Qurum rəsmisi AÇIQLADI
“Qeydiyyatdan keçən hər bir vətəndaşa təsdiq və ya imtina ilə bağlı sms göndəriləcək”.
Bunu açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı deyib.
Qurum rəsmisi bildirib ki, proses davam edir və hər bir vətəndaşın müraciəti araşdırılır: “Müavinətlə bağlı sistem elədir ki, vətəndaş qeydiyyatdan keçdikdən sonra məşğulluq haqqında qanuna əsasən, 5 iş günü ərzində ona iş tapmaq mümkün olmasa, işsiz statusu verilir. Yəni qanunla həmin şəxs işsiz hesab olunursa, növbəti mərhələ odur ki, ödəmənin təyin olunması ilə bağlı cavab gəlsin”.
Ə.Nəcməddinqızı bəzi müraciətlərin gec cavablandırılmasının səbəbini belə izah edib: “Sms xidməti ilə bağlı mesajların gec göndərilməsi halları var. Bu, birbaşa elektron sistemlə bağlıdır. Vətəndaşların məlumatlarının emal olunması elektron sistem üzərindən həyata keçirilir. Nəzərə almaq lazımdır ki, 22 elektron sistem üzərindən onların məlumatları araşdırılır. Ona görə də elə müraciətlər olur ki, onlar natamam doldurulur və tamamlamaq vaxt tələb edir. Elə müraciətlər var ki, ümumiyyətlə, telefon nömrələri yanlış qeyd olunur. Bunu məşğulluq mərkəzinin əməkdaşları vətəndaşlarla əlaqə saxlayaraq dəqiqləşdirirlər. Ona görə bu bir az vaxt aparan prosesdir. Bu səbəbdən də eyni gündə qeydiyyatdan keçən vətəndaşlara fərqli vaxtda sms-lər gələ bilər.
Qeyd edim ki, proses hazırda davam edir. Qeydiyyatdan keçən hər bir vətəndaşa təsdiq və ya imtina ilə bağlı sms göndəriləcək. Müavinəti alan şəxslər üçün ikinci ay vətəndaşlara bank hesabı açılacaq. Hansı bankda hesab açılacaqsa, vətəndaşa bununla bağlı zəng edilərək, məlumat veriləcək. Son prosesdə isə vətəndaş banka gedib, kartını götürərək, vəsaitini əldə edə biləcək”./publika.az/