Kamran Əliyev açıqladı – “Plyonkadan istifadəyə görə cərimə oluna bilərlər…”
“Mövcud qanunvericiliyə görə cərimə yazıla bilər”
Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərə plyonka vurulması ilə bağlı məsələyə aydınlıq gətirib. İdarənin şöbə rəisi polis polkovniki Kamran Əliyev açıqlamasında bildirib ki, qanunvericiliyə heç bir dəyişiklik edilməyib. Qanunun tələbinə görə mayın 1-dən noyabrın 15-nə qədər avtomobillərin arxa yan şüşələrinə sənaye üsulu ilə hazırlanmış jalüzlərdən istifadə edilməsinə icazə verilir. Yəni mövcud qanunvericiliyinə görə avtomobilin arxa şüşəsindən başqa digər yan şüşələrə, (arxa yan və qabaq yan şüşələrə) o cümlədən alın şüşəsinə plyonka vuran sürücülərə cərimə yazıla bilər. Çünki, Dövlət Yol Polisi idarəsi təxminən 5 ay öncə sürücülərə güzəşt edərək qanunvericiliyə dəyişiklik edilənə kimi avtomobillərin arxa yan şüşələrinə plyonka vuran sürücülərə cərimə tətbiq edilməyəcəyini bildirmişdi. Lakin bu vaxt ərzində qanunvericiliyə heç bir dəyişiklik edilmədiyi üçün hesab edirəm ki, mayın 1-dən sonra avtomobillərin şüşələrinə plyonka vuran sürücülər cərimə edilə bilər. Fakt odur ki, mövcud qanunvericiliyə görə sürücülər plyonkadan istifadə edə bilməz.
Qanunvericiliyə dəyişiklik ediləcəyi ilə bağlı olan məsələnin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq hələ də heç bir dəyişiklik edilməyib. Ona görə də, bu gün mövcud olan qanunun tələbi yerinə yetirilməlidir və sürücülər də bilməlidirlər ki, qanunvericiliyə dəyişiklik edilmədiyi üçün plyonkadan istifadəyə görə cərimə oluna bilərlər- deyə Kamran Əliyev bildirib./avtosfer.az/