NEFT ÖLKƏLƏRİNİN “QARA GÜNÜ” – Qərb ölkələri də neft dollarlarından məhrum olur
Dünyanıın hər tərəfini bürümüş koronavirus infeksiyasının iqtisadiyyata vurduğu fəsadlar öz təsir gücünü getdikcə artırır. İqtisadi təməlinin necə olmasından asılı olmayaraq, bütün ölkələr pandemiyanın ağır nəticələriylə üzləşiblər. Bəllidir ki, ən böyük zərbə daha çox iri neft ölkələrinə dəyir. Bunun qarşısının alınması üçün müvafiq tədbirlər görülsə də, mütəxəssislər vəziyyətin tam sabitləşəcəyinə skeptik yanaşırlar.
ABŞ-ın “Forbes” nəşri neft bazarındakı mövcud vəziyyəti tanınmış investorlardan birinin baxışıyla şərh edib. Nyu-Yorkdakı “IDB” bankının aktivlərinin qlobal idarə olunmasının investisiya direktoru Qreqori Leo neft qiymətlərinin bugünlərdəki çöküşünü belə şərh edib: “Buradakı hesab çox sadədir. Dünya iqtisadi böhranı tələbin əhəmiyyətli dərəcədə aşağı düşməsinə gətirib çıxarıb və xam nefti haradasa saxlamaq imkanımız yoxdur. Bu gün dünya üzrə gündəlik hasilat 90 milyon bareldirsə, ümumi gündəlik tələbat 75 milyon bareldir. Uzaq fyuçerslər hələ ki, 30 dollar səviyyəsində satılır. Amma əgər tələb və təklif arasındakı bu cür qeyri-taraz vəziyyət ortadan qalxmazsa, onda həmin fyuşers ticarətinin taleyi də yaxşı olmayacaq”.
Amma neft hasilatına görə dünya liderlərindən olan Rusiyanın energetika naziri Aleksandr Novak təlaşlanmağa əsas olmadığını vurğulayıb. A.Novak neftin qiymətinin şok düşüşünə münasibət bildirərkən deyib: “İnvestorlar neftin neqativ səviyyəyə kimi enməsini dramatikləşdirməsinlər. Başa düşmək lazımdır ki, bu kağız bazarıdır. Yəni, ticarət fiziki neftlə deyil, maliyyə törəmələri vasitəsiylə aparılır. Rusiya və OPEK ölkələri vəziyyəti diqqətlə izləyirlər və lazım gəldiyi təqdirdə reaksiya göstərmək üçün hər cür imkana malikdirlər. OPEK+ müqaviləsi fəaliyyətə başlayana kimi neftin qiymətində eniş-qalxış olacaq”.
Bir neçə gün bundan əvvəl Tramp bəyan edib ki, neft qiymətləri yalnız ABŞ iqtisadiyyatı tam gücü ilə işə düşəndən sonra bərpa olunacaq. Bütün bunlara baxmayaraq, neft hasil edən ölkələrdə baş verənləri həyəcanla izləyirlər. Çünki əhalinin həyat səviyyəsi aşağı olan iri neft ölkələrində sosial təlatümlərin yaşanacağı riski böyükdür. Bu məsələ ilə əlaqdar Fransanın “Liberation” qəzeti “Neft hasil edən ölkələrin qara günü” başlıqlı məqalə dərc edib.
Həmin məqalədə deyilir: “Səudiyyə Ərəbistanının enerji naziri hələ 1970-ci illərdəki ilk neft böhranı zamanı demişdi: “Daş dövrü daş qurtardığına görə sona çatmayıb, neft erası da insanlar dünyadakı nefti tükəndirməmişdən xeyli əvvəl bitəcək”. Vaxtilə neftin qiymətinin dörd dəfə yüksəlməsini təşkil edən səudiyyəli nazir heç düşünə bilməzdi ki, onun öncəgörməsi nə vaxtsa indiki elektik şoku effekti yaradacaq.
Koronavirus epidemiyası dünya iqtisadiyyatını elə hala gətirib ki, neft bütün bazarları doldurub və nəticədə hasilatçı ölkələr müflisləşmə təhlükəsiylə üzləşblər. Həm Fars körfəzinin zəngin neft monarxları, həm də əsas gəlir mənbəyi karbohidrogen yataqları hesabına olan Afrikanın və Cənubi Amerikanın kasıb ölkələri küncə sıxışıblar.
Neft ixrac edən ölkələrin əksəriyyətinin büdcəsi neft gəlirlərindən asılıdır. Bu məsələdə Əlcəzair, İraq və Nigeriya xüsusilə fərqlənirlər. Hazırda onlar kəskin sosial böhranla qarşılaşıblar. Səhiyyə sistemi bərbad səviyyədə olan bu dövlətlərin iqtisadi problemlərinin üzərinə koronavirus təhlükəsi də əlavə olunub. Bu dövlətlərdə büdcə əsas etibarıyla neftin bir barelinin 60 dollar səviyyəsinə görə proqnozlaşdırılıb. Afrikanın ən çox əhalisi olan Nigeriyada büdcə fəlakət ssenarisinə uyğun şəklidə – 30 dollardan götürülsə də, lakin qiymət daha aşağıya – 20 dollara düşüb.
Son proqnozlara görə, bu il İraqın gəlirləri 70% azalacaq. Digər tərəfdən isə İraqdakı büdcənin dörddə üçü dövlət işçilərinin məvaciblərinə və pensiyalara gedir.
“Neft sıyığı” Əlcəzairdə sosial sakitliyin təmin olunması üçün əsas vasitədir. Təxminən bir ay bundan öncə hökumət dövlət xərclərini azaltmaq və iqtisadi siyasətə yenidən baxmaq qərarına gəlib. Hərçənd ki, epidemiya İraq və Əlcəzairdəki gənc nümayişçiləri küçələrdən təmizləyib, ancaq gəlirlərin növbəti dəfə aşağı yuvarlanması özüylə bərabər daha kəskin sosial böhranlar gətirə bilər.
Venesuela və İran üzərində daha ciddi təhlükələr var, çünki onları nəinki neft qiymətləri, həm də beynəlxalq sanksiyalar sıxır. Neftin qiymətinin çöküşü Karakas üçün siyasi və iqtisadi böhranın üstünə koronavirus kimi iri miqyaslı sanitar fəlakəti də əlavə edir. Neftin qiymətinin düşməsi ixrac potensialının 80 faizi karbohidrogenlərdən ibarət olan İrana hələlik az təsir göstərib. Çünki Tramp administrasiyanın tətbiq etdiyi sanksiyalar üzündən İran hökuməti büdcə planlamasında neft gəlirlərin payını aşağı salıb.
Fars körfəzi monarxları böyük valyuta ehtiyatı hesabına sosial təlatümlərdən müdafiə olunsalar da, amma hər halda onlar da öz iqtisadi və siyasi planlarını qısmalıdırlar. Bu, xüsusən də dünyanın iri neft ixracatçılarından olan Səudiyyə Ərəbistanın çılğın şahzadəsi Mühəmməd bin Salmana aiddir. O, “Aramco” neft şirkətinin bir hissəsinin özəlləşdirilməsinə söykənərək nəhəng layihələr həyata keçirməyi planlaşdırırdı. İndi həmin planların reallaşması sual atındadır.
Səudiyyə Ərəbistanı Rusiya ilə birlikdə neft bazarının sabitləşdirilməsini təmin etmək məqsədiylə hasilatın iki il müddətinə məhdudlaşdırılması öhdəliyini qəbul edib. May ayının əvvəlindən hasilatın gündəlik olaraq 10 milyon barel azalması, tələbin 30 milyon barel aşağı düşməsi fonunda xeyli az görünür. Nəhayət, zəngin neft ölkələrinin gəlirlərinin düşməsi dünya iqtisadiyyatına zərbə vura bilər. Belə ki, bundan sonra neft dollarları Qərb ölkələrinin dayanıqsız maliyyə vəziyyətini və beynəlxalq ticərətin inkişafını dəstəkləməyəcək”./azpolitika.info/