Dini ayinlər internetlə canlı yayımlanacaq – Hacı Şahin AÇIQLADI
Aprelin 25-i Ramazan ayının ilk günüdür və dindarlar həmin gündən oruc tutmağa başlayacaq. Lakin koronavirus pandemiyasının dünyanı cənginə alması orucla bağlı müəyyən sualların yaranmasına gətirib çıxarıb. Bəziləri hesab edir ki, oruc immun sisteminin zəifləməsinə səbəb olur. Dolayısı ilə koronavirus infeksiyası riskini artıra bilər.
Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Ramazan ayında orucun müsəlmanlar üçün vacib bir əməl olduğunu qeyd edib:
“Birmənalı olaraq demək olmaz ki, oruc immun sistemini zəiflədir və ya xəstəliyə yoluxma təhlükəsini artırır. Ümumimiyyətlə həkimlər arasında bu barədə fikir ayrılığı olsa da, orucun xəstəlik riskini artırdığını göstərən hər hansı bir elmi araşdırma aparılmayıb. Əgər imsakda və iftarda insan sağlam qidalanarsa, çoxlu maye qəbul edərsə, meyvə-tərəvəzdən istifadə edərsə, onun oruc tutmasında hər hansı problem yoxdur. Sadəcə indiki dövrdə insanlar özünütəcrid qaydalarına riayət etməlidir, sosial məsafəni saxlamalıdır. Bütün bu şərtlərə riayət olunarsa, orucun hər hansı bir narahatçılıq yaradacağını düşünmürəm”.
İlhaliyyatçı daha sonra qədr gecələrinin necə keçiriləcəyinə dair açıqlama verib:
“Qafqaz Müsəlmanları İdarəsinin bununla bağlı fətvası var. Ölkədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar və tövsiyələr əsasında addımlar atılır. O zamana qədər qədr gecələrinə qədər bu qaydalar qüvvəsində qalarsa, o zaman hər kəs qədir gecələrini öz evində keçirməli olacaq. Hər bir insan o duaları fərdi qaydada yerinə yetirə bilər. Din xadimləri onlayn qaydada çıxış edəcək və duaları internet vasitəsiylə oxuyacaqlar. İnsanlar sosial şəbəkələr vasitəsiylə dualara qoşula və ayinləri öz evlərində icra edə bilər”.
Məlumat üçün bildirək ki, bir çox xəstəliyin müalicəsində orucdan istifadə edirlir və bu, elmi araşdırmalarla sübut olunub.