Teymur Rəcəbov Millətlər Kubokunda birinci lövhədə
Azərbaycan şahmatçısı Teymur Rəcəbov onlayn Millətlər Kubokunda dünya yığmasının heyətində birinci lövhədə oynayacaq.
Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç “Matç! İqra” telekanalına müsahibəsində bildirib. O, komandanın digər üzvlərini açıqlamayıb.
Dvorkoviç Avropa komandasının kapitanı qismində əslən Azərbaycandan olan 13-cü dünya çempionu Harri Kasparovun çıxış edəcəyini də diqqətə çatdırıb. O, heyət üzvlərindən birinin Ermənistan şahmatçısı Levon Aronyanın olacağını dilə gətirib.
FIDE prezidenti Millətlər Kubokunun formal olaraq, Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə həsr ediləcəyini də açıqlayıb.
Qeyd edək ki, 180 000 ABŞ dolları mükafat fonduna malik yarış iki dövrəlik olacaq. İlk mərhələ 5 – 9 mayda gerçəkləşəcək. Daha sonra iki ən güclü komanda mayın 10-da Superfinalda üz-üzə gələcək.