190 manata görə SMS almayanların nəzərinə! Bu sayta daxil olun
Hazırda işsiz statusunun verilməsi və işsiz vətəndaşlara birdəfəlik müavinətin ödənilməsi ilə bağlı fəaliyyət göstərən sistemdə heç bir yüklənmə yoxdur.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
İşsiz statusunun verilməsi və vətəndaşlara müavinət almaqdan ötrü daha çox e-sosial.az portalı vasitəsilə qeydiyyatdan keçməyi tövsiyə edən B.Hüseynov qeyd edib ki, müraciət edən vətəndaşa işsiz statusu bir gün ərzində verilir.
Bəzi vətəndaşlara müraciətləri ilə bağlı SMS-in gec gəlməsi və ya gəlməməsi məsələsində də münasibət bildirən B.Hüseynov qeyd edib ki, SMS-in göndərilməsi ilə bağlı xüsusi bir tarix müəyyən edilməyib:
“Vətəndaşa SMS elektron bazaya daxil olan məlumat əsasında göndərilir. Vətəndaşlar “Azərpoçt”un rəsmi intrenet ünvanından ödəniş alıb-almadıqları, vəsaitin köçürülüb-köçürülmədiyi barədə informasiya ala bilərlər. Bunun çox asan yolu var. Vətəndaş sayta daxil olduqda elə ilk interfeysdə sorğu bölməsi açılır.
Orada şəxsiyyət vəsiqəsinin FİN kodunu qeyd edib “mən robot deyiləm” düyməsini seçirlər. Bundan sonra onlara məlumat təqdim edilir və burada qeyd edilir ki, sizə ödəniş verilib, gedib ala bilərsiniz, yaxud sizin haqqınızda heç bir məlumat tapılmadı. Əgər “heç bir məlumat tapılmadı” infromasiyası verilirsə, deməli, hələ onun müraciətinə baxılmayıb.
Ər və arvadın müraciəti 4-5 elektron baza əsasında araşdırılır. Araşdırma zamanı müraciətlə bağlı hansısa dövlət qurumunun bazasından məlumat daha tez üzə çıxır. Bu halda, həmin vətəndaşa da SMS daha tez göndərilir”.