“KİVDF yoxlanmalıdır, məsələni mütləq Milli Məclisdə qaldıracağıq” – Vahid Əhmədov

“Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) yoxlamalar aparılmalıdır. Bununla bağlı məsələ Milli Məclisdə müzakirə ediləcək”.

Bu sözləri açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Deputat hələ xeyli əvvəl bununla bağlı fikir bildirdiyini də xatırladıb:

“Mən hələ vaxtında, Vüqar Səfərli icraçı direktor olanda fikrimi bildirmişdim ki, orada haqsızlıqlar var. Buna görə də onlara məxsus saytlarda əleyhimə yazılar gedirdi. Dövlətdən ayrılan vəsaitin paylanmasında, jurnalistlərin ev bölgüsündə, lap elə yazı müsabiqələrində haqsızlıqlara yol verilirdi. Orada yoxlamaların aparılmasına çox ciddi ehtiyac var. Keçən müddətdə ev alanlarla bağlı narazılıqlar yaranmışdı. Ev alanlar arasında heç jurnalist olmayanlar da var. Bu barədə mətbuata mütəmadi olaraq demişik. Çox yaxşı oldu ki, cənab Prezident Əli Həsənovu vəzifədən kənarlaşdırdı. Onun yaxın adamları olan KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Milli Televiziya Şurasının sədri Nuşirəvan Məhərrəmli bir kampaniyanın adamlarıdır. Son illər mətbuatda xaotik vəziyyətin yaranması birbaşa onların əməli idi.

Mətbuatı Azərbaycan xalqının milli xüsusiyyətlərinə xas olmayan söyüş alətinə çevirmişdilər. Bütün bunlar faktiki olaraq onların xidmətləri idi. Ona görə də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mütləq yoxlanılmalıdır, Hesablama Palatası orada yoxlamalara başlamalıdır. Keçən müddətdə Fonda nə qədər vəsait ayrılıb, hara, necə xərclənib, bunun hesabatı aparılmalıdır.

Bu yaxınlarda Milli Məclisdə Hesablama Palatasının hesabatını dinləyəndə bu məsələyə mütləq toxunacağıq”.

Vahid Əhmədov qeyd edib ki, jurnalistlər üçün tikilən 3-cü binadakı mənzillərin paylanması zamanı şəffaflıq olacağını gözləyir:

“Düşünürəm ki, hər kəs baş verənlərdən özünə pay götürür. Dövlət başçısı yeni təyinatlar zamanı da öz tapşırıq və tövsiyələrini verir. Ona görə də bundan sonra hər şey şəffaf olmalıdır. Buna qədər şəffaflığı təmin etməyənlər isə qanun qarşısında cavab verməlidirlər”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 4 apreldə imzaladığı sərəncamla Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru vəzifəsindən azad olunub. Prezidentin digər sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov KİVDF-nin icraçı direktoru vəzifəsinə təyinat alıb./modern.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password