“BÖYÜK ŞƏHƏRLƏR ÖLƏCƏK, İNSANLAR KƏNDLƏRƏ AXIN EDƏCƏK” –Postpandemiya dövrü üçün bədbin proqnozlar

“Koronavirus böyük şəhərlərin varlığına son qoyacaq”.

“RBK” xəbər verir ki, Livan əsilli amerikalı publisist, filosof, iqtisadçı, “Qara ququşu. Gözlənilməzliyin əlaməti” kitabının müəllifi Nəsim Talib koronavirus pandemiyasının mümkün nəticələri barədə danışıb.

Onun sözlərinə görə, insanlar bu virusun ümumiyyətlə, necə təsir etdiyini hələ də başa düşmədikləri üçün epidemiyanın bundan sonra necə inkişaf edəcəyi barədə heç bir aydınlıq yoxdur.

Talib deyib: “Məsələn, hər şey yenicə başlayanda ilk simptomların infeksiyadan iki həftə sonra göründüyünə inanılırdı. Ancaq bu yaxınlarda məlum olub ki, bəzi xəstələrdə bu əlamətlər daha sonralar müşahidə edilir. Bundan əlavə, həkimlər hələ infeksiyanın immunitet sisteminə hansı fəsadlar gətirdiyini tam başa düşmürlər”.

Publisist əlavə edib: “Xəstəxanada olduqdan sonra sağalmış insanlar haqqında hesabatları oxudum, amma bu şəxslər indi, məsələn, ağciyər funksiyalarının üçdə birini itirdiyinə görə hərəkət etməkdə çətinlik çəkirlər… Bəzi xəstələr qoxu qabiliyyətinin itirilməsindən şikayətlənir, onların bir qismi ömrünün sonuna qədər həmin durumda qala bilər”.

Nəsim Talib epidemiyanın onlayn rejimə keçidi sürətləndirəcəyi proqnozunu verib. Onun fikrincə, təhsil müəssisələri binalara, logistikaya və s. ciddi qənaət edə biləcək.

“Biznesin əhəmiyyətli bir hissəsi internetlə aparılacaq. Bu, ofislərin tamamilə yox olacağı demək deyil, sadəcə onlar kiçiləcək və insanlar hər gün işə getməyəcəklər”.

Bu trend, Nəsim Talibin fikrincə, “şəhərləri, ilk növbədə, meqapolisləri öldürəcək, insanlar meqapolislərdən kəndlərə axın etməyə başlayacaqlar”.

Bu da öz növbəsində, lokalizmə meyli gücləndirəcək. “İndi insanlar həyat səviyyələrinin yaxşı oldumasının yalnız ölkənin deyil, həm də konkret şəhərin təsir göstərdiyini başa düşürlər. Məsələn, Ohayo qubernatoru Donald Trampdan daha yaxşı iş görürsə, bu, Ohayoya köçmək üçün səbəbdir”.

Böhrandan yaxa qurtarması mümkün olmayan biznes sektorları arasında Nəsim Talib turizmi xüsusi vurğulayıb. “O, pandemiyadan əvvəl də gəlirlərini itirirdi. Bundan əlavə, koronavirus epidemiyası insanların vərdişlərini gözümüzün qabağında dəyişdirir, tutalım, təcrid vəziyyətində onlar artıq kortəbii alış-verişdən çəkinərək qənaət etməyi öyrənirlər. Bu mənada böhran bu tendensiyanı daha da gücləndirəcək”./strateq.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password