Saxta diplom satan dəstənin məhkəməsi başlayır

Saxta diplom hazırlayaraq satmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Məhəmməd Bağırovun icraatında olan iş üzrə hazırlıq iclası mayın 15-ə təyin edilib.

Qeyd edək ki, dəstə üzvləri – Ələddin Məmmədov, Azər İmamquliyev, Elmir Qasımov, Mehralı Yusifov, Cəmilə Hacıyeva, Sevinc Orucova və Tofiq Hümbətov Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərəfindən törədildilməklə dələduzluq), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə), 320.1 (hüquq verən və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma) və 320.2-ci (Cinayət Məcəlləsinin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilirlər.

Rəsmi məlumata görə, Gəncə Dövlət Universitetinin Fiziki tərbiyə və çağırışa qədərki mülki müdafiə kafedrasının müdiri vəzifəsində işləmiş Məmmədov Ələddin Hətəm oğlu və həmin kafedrada laborant vəzifəsində işləyən Qasımov Elmir Müzadil oğlunun Gəncə Dövlət Universitetində xidməti otaqlarında aparılan axtarış zamanı 37 nəfər ayrı-ayrı şəxslərin adlarına müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları və sair sənədləri aşkar olunaraq götürülüb.

Bundan başqa, “İsmayıllı Olimpiya İdman Kompleksi” MMC-nin sabiq direktoru Hümbətov Tofiq Mürşüd oğlunun xidməti otağında, sonuncuya məxsus şəxsi avtomobilində axtarış zamanı 62 ayrı-ayrı şəxslərin adlarına müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları, vətəndaşların şəxsiyyət vəsiqələri, onların surətləri, bankomat kartları və sair sənədlər aşkar olunaraq götürülüb.

Eyni zamanda əməliyyat-istintaq qrupu tərəfindən sözügedən cinayətkar qrupun üzvü olan İmamquliyev Azər Vaqif oğlunun Gəncə şəhərində yaşadığı ünvanda aparılmış axtarış zamanı Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi, Gəncə, Qazax və Naxçıvan filialları, həmin İnstitutun Ümumi şöbəsi, Gəncə şəhəri Təsərrüfat Hesablı Məişət Xidməti Kolleci, Göyçay Dövlət İdarəetmə və Texnalogiyalar Kolleci, Azərbaycan Kooperasiya Universiteti, Mingəçevir şəhər kadr hazırlığı və ixtisasartırma məktəbi, Gəncə Elm-Təhsil Mərkəzi Yeyinti Sənaye İnstitutu, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, o cümlədən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunun saxta möhürləri aşkar edilərək götürülüb.

Həmçinin həmin ünvanda axtarış zamanı aşkar edilən saxta sənədlərin hazırlanması zamanı istifadə olunan rəngli printer, möhürlərin hazırlanması üçün xüsusi çanta, 1 ədəd LG markalı monitor, 1 ədəd “Raimb” markalı prosessor, 5 ədəd ali təhsil haqqında diplomun üzlükləri, 2 ədəd orta və texniki təhsil haqqında diplomun üzlükləri, 2 ədəd yaddaş daşıyıcısı və sənədlərin saxtalaşdırılmasında istifadə edilən digər alət və vasitələr götürülüb.

Baş İdarə tərəfindən qeyd edilən ünvanlarda aparılan axtarışlar nəticəsində toplanan ilkin sübutlarla, habelə aparılan ayrı-ayrı istintaq hərəkətləri ilə müəyyən edilib ki, Məmmədov Ələddin Hətəm oğlu Gəncə Dövlət Universitetinin kafedra müdiri vəzifəsində işləyərkən həmin kafedranın laborantı Qasımov Elmir Müzadil oğlu, tanışları İmamquliyev Azər Vaqif oğlu, “İsmayıllı Olimpiya İdman Kompleksi” MMC-nin sabiq direktoru Hümbətov Tofiq Mürşüd oğlu və istintaqla şəxsiyyətləri araşdırılmaqda olan başqa şəxslərlə sabit cinayətkar qrup yaradaraq aralarında cinayətkar məqsədlərinə uyğun ciddi vəzifə bölgüsü aparıblar.

Cinayətkar qrup üzvləri arasında aparılan bölgü ilə Ələddin Məmmədov ayrı-ayrı şəxslərin adlarına ali və orta-ixtisas təhsil müəssisələrində təhsil almalarını təsdiq edən saxta diplomların hazırlanmasının sifariş verilməsi və bunun müqabilində pul vəsaitlərinin qəbul edilməklə, dəstə üzvləri arasında bölüşdürülməsi, Tofiq Hümbətov ali və orta-ixtisas təhsil müəssisələrinə qəbul olunmaq və ya bu növ təhsil müəssisələrinin diplomlarını almaq niyyətində olan şəxslərin axtarılıb tapılması, onlardan pul vəsaitlərinin yığılması, Azər İmamquliyev və Elmir Qasımov hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə qanunsuz hazırlanması, hazırlanan saxta sənədlərin sifarişçilərə çatdırılması funksiyalarını icra edib, habelə cinayətkar qrupun digər üzvləri də oxşar funksiyaları yerinə yetirərək bu üsulla ayrı-ayrı şəxsləri aldatma və onların etibarından sui-istifadə etməklə əmlaklarını ələ keçiriblər.

Belə ki, aparılan istintaqla müəyyən edilib ki, Ələddin Məmmədovun rəhbərlik etdiyi cinayətkar qrupun üzvləri rəsmi sənəd olan Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filiallarında təhsilə dair diplomların məzmununa bilə-bilə yalan məlumatlar daxil edib qanunsuz hazırlayaraq həqiqi diplom kimi təqdim etməklə, Biləsuvar rayon sakini Vidadi Babayevin yaxın qohumu Hikmət Babayevin həmin ali təhsil müəssisələrindən birinə tələbə kimi qəbul edilməsinə yalandan vəd verərək buna görə Vidadi Babayevə məxsus 5 min 850 manat məbləğində pul vəsaitini ələ keçiriblər.

Həmçinin qeyd edilən mütəşəkkil dəstə üzvləri eyni niyyətlə Bakı şəhər sakini Mövlud Cəfərovun yaxın qohumu Şahin Cəfərlinin Xarkov Mülki Müdafiə Akademiyasının diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq etdirməklə buna dair rəsmi şəhadətnamənin alınmasına köməklik göstərilməsinə yalandan vəd verərək, Şahin Cəfərlinin adına olan diplomun Təhsil Nazirliyində təsdiq olunmasına dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdikləri rəsmi sənəd olan saxta şəhadətnaməni qanunsuz hazırlayıb Mövlud Cəfərova təqdim edib. Bundan sonra Şahin Cəfərlinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə idarəsində işə düzəldəcəklərinə inandıraraq bütün bu qanunsuz xidmətləri qarşılığında Mövlud Cəfərova məxsus 15 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib öz aralarında bölübər.

Aparılan istintaqla həmçinin müəyyən edilmişdir ki, sözügedən mütəşəkkil dəstə üzvləri cinayətkar niyyətlərinə uyğun olaraq Tərtər rayon sakini Müseyib Aslanovun yaxın qohumu Qaratel Aslanzadənin Gəncə Dövlət Universitetinə ali təhsil alması üçün tələbə qismində qəbul olunmasında qəbul etdirəcəklərini yalandan vəd verərək Müseyib Aslanova məxsus 3 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib öz aralarında bölüblər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password