“Yağışdan sonra” şeirlər kitabı üzərində gəzişmələr
Üzeyir Əlizadənin Faiq Balabəylinin “Yağışdan sonra” şeirlər kitabı haqqında yazısını təqdim edirik.
Faiq Balabəyli azsaylı imzalardandır ki, dövrü mətbuatda qarşılaşdığım zaman şeirlərini oxumadan keçməmişəm. O, oxucusunun bütün ovqat məqamlarına tuşlanan, istənilən ovqatında oxuna bilinəcək şeirlərin müəllifidir. Fəlsəfi uydurma, qeyri-səmimi pafosçuluq, nala-mıxa vurmaq kimi üslub xətası onun poeziyasına yaddır. Səmimidir, hiyləgər fəndlər nümayiş etdirmir, fikirlərinə sədd qoymadan yaradıcılığında düşüncə və duyğularına azadlıq verir. Şeiriryyatındakı davranışlarının zənginliyi daxili aləminin maraqlı tərəflərini ifadə edə bilir. Şeirlərinin içində dağılıb yox olmur. Misralarını, bəndlərini əl-ələ tutuşdura bilir. Rabitə ahəngliliyini pozmur, ən çılğın fikirlərinin ifadəsində belə şivən salmır. Əksinə, təmkinlilik nümayiş etdirir.
Aktyorun ən yaxşı oynadığı rol öz xarakterinə uyğun roldur. Bu psixoloji nəzəriyyədən çıxış etsək o zaman deyə bilərik ki, hər bir yazarın xarakteri qələminin dili ilə danışır. Balabəylinin iç danışığı şeirlərinə törəmə deyimlər bolluğu ilə siraət edir. Lirikasında qəribə bir müqəddəs təmasçılıq var. Əksər şeirlərində emosiyaları bu və ya digər formada qohum kəlmələr ilə özünü göstərir. Vətənini, övladlarını, doğmalarını, dostlarını, insanları öz canı və qanı qədər əziz bildiyindəndir ki, emosiyalarını toxunuşlarla bildirir. “Vətən” şeirindəki bu misralar kimi:
Mən sənsiz belə darıxdım –
əllərimi otlarına sürtdüm,
gözümü meşələrinə dikdim,
kürəyimi ağaclarına söykədim,
ürəyimi Araz nəhrinə çevirdim –
sənə gələn ağrıları, ağıları
içimdən keçirdim…
“Vətənə ağı” şeirində isə:
Hər gün istədim ki, durum dolanam başına, –
başını tapa bilmədim,
ayağına döşəndim…
üzümü sürtdüm otuna-çiçəyinə,
gözlərimi dikdim quşuna, böcəyinə…
qısıldım ayaqlarına,
bir hovr yata bilmədim, – deyir.
Digər şeirlərindəki aşağıdakı misraları da misal olaraq göstərmək olar: “Daşına sinəmi söykədiyim dağ”, “Üzümü söykəməyə gövdəndə yer gəzirəm”, “Çiynimi söykədiyim bu ağacın gövdəsinə” və.s. bu kimi misralara, deyimlərə tez-tez rast gəlinir. Vətənə əliylə, üzüylə, çiyniylə toxunaraq sevgisini bildirir, sanki hissə-hissə vətənə toxunub vətən olmaq, parçalanıb vətənin hər tərəfinə səpilmək istəyir. Vətənin ağacını, çayını, dənizini, dağını, dərəsini, qayasını, çəmənini, gülünü güvən yeri, arxa bilmək istəyir özünə.
Ayağını basdığı vətən torpağının ayağına döşənir, əllərini çəməninə, otuna sürtüb əlindən tutmaq istəyir sanki, vətənin.
Vətəninə olduğu qədər övladlarına, doğmalarına da tükənməzdir sevgisi. Övladlarını övladsevər, qohumlarına qohumcanlı, dostlarına istiqanlıdır Faiq. “Ah çəkmə” şeirindəki bu misralar söylədiklərimə bir nümunə olsun.
İndi havalar soyuqdur,
Ah çəkmə, ahın donacaq.
Uzaqlara gedib çatmaz,
Yenə də yaxın donacaq.
Faiqin şeirlərində sətirlər ögsüz deyil, canlıdır, xoşqılıq, xoşrəfdardılar. Qələminin vərəqdə büdrəməsi hiss olunmur. Fikirlərarası ardıcıllıq, sətirlərarası rabitə mükəmməldir.
“Yağışdan sonra” kitabında bəzi şeirlərinin altında CÇM yazısı diqqətimi çəkdi. Sonradan məlum etdim ki, sən demə bu şeirlər Cəza Çəkmə Müəssisəsində yazılıb. Elə bu misraların özü də içində bu ovqatı gizlədir.
O güllər qalın divarların,
tikanlı məftillərin,
arasında doğulmuşdular…
məhkum gülləridir…o güllər.
Həyat yoldaşının şəklini sinəsinə basaraq, “həyat yoldaşım məndən boşanmaq istəyir” deyərək ağlayan dustaq yoldaşının dərdinə laqeyd qala bilmir, “Bu şəkil” şeiri ilə şairanə təskinliyə gücü çatır dostu üçün:
Kimsə səni başa düşər bəlkə də…
amma, dostum, ağlayanlar tapılmaz!
Səndən başqa o qadının şəklini
sinəsində saxlayanlar tapılmaz!
Faiq Balabəylinin şeirləri obrazların diliylə danışmır. Şair məsuliyyətini öz üzərinə götürür, oxucusuyla özü üz-üzə durur. Bəzən poetik büdrəlmələrini oxucusunun gözündən ustalıqla yayındırmağı da bacarır. Bəzən də oxucusunu tələyə salmaq bacarığını nümayiş etdirmək istəyir. Bax belə…
Dəysən ürəyimə – inciməz yəqin,
sınmış ürəklərin canı halaldı!
Ətrini udmuşam tər çiçəklərin,
ölsəm çiçəklərin qanı halaldı…/qaynarinfo/