DEPUTAT: “Sosial məsələlər pandemiya dövründə də Azərbaycan hökuməti üçün prioritetliyini qoruyub saxlayır”

Azərbaycanda karantin rejimi ilə bağlı olan qərarlar məhz koronavirusun yayılma miqyası və coğrafiyası ilə bağlı olacaq.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib..

V.Bayramov qeyd edib ki, Azərbaycan üçün də pandemiyanın iqtisadiyyatın müxtəlif sahələrinə təsirləri var:

“Azərbaycan pandemiyanın təsirlərinə çevik reaksiyalar verən və bu təsirləri minimumlaşdırmaq istiqamətində tədbirlər görən ölkələrdən biridir. Amma unutmamalıyıq ki, bu pandemiyanın nə qədər davam edəcəyi heç kimə məlum deyil. Postpandemiya dövrü ilə bağlı qlobal olaraq fərqli proqnozlar var. Virusun həm regionda, həm də qlobal sferada yayılma arealına uyğun olaraq görülən tədbirlər də dəyişir. Azərbaycanda karantin rejimi ilə bağlı olan qərarlar məhz koronavirusun yayılma miqyası və coğrafiyası ilə bağlı olacaq. İnkişaf etmiş ölkələrdə də karantin müddəti ilə bağlı qəbul edilən qərarlar uzadılır, dəyişilir. Azərbaycan hökuməti də növbəti mərhələdə çevik olaraq həm pandemiyanın yayılma dairəsini, həm də qlobal miqyasda təsirlərini nəzərə alaraq yeni qərarlar qəbul edəcək”.

Deputat onu da bildirib ki, sosial məsələlər pandemiya dövründə də Azərbaycan hökuməti üçün prioritetliyini qoruyub saxlayır:

“Son günlər ərzində imzalanan sərəncam və qərarlarda sosial dəstəyin daha da gücləndirilməsi nəzərdə tutulub. Əsasən də sosial xidmət işçilərinin əmək haqlarının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması onların sosial təminatının gücləndirilməsi baxımından olduqca vacibdir. Bu, dövlətimizin sosial sahəyə olan diqqət və qayğısının daha bir təzahürüdür. Elektrik enerjisinin limitinin artırılması ilə bağlı qərar vətəndaşlarımızın pandemiya dövründə daha aşağı tarifli enerjidən istifadə imkanlarını genişləndirdi”.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə dövlət büdcəsində xərclərə yenidən baxılması və təcili olmayan xərclərin növbəti illərə keçirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, bu zaman həm investisiya, həm də cari xərclərə baxılacaq və onların strukturunun təkmilləşdirilməsi ilə bağlı addımlar atılacaq:

“Ölkə başçısı tərəfindən müəyyənləşdirilmiş əsas tapşırıq büdcə xərclənmələrində şəffaflığı gücləndirmək, eyni zamanda büdcənin gəlir və xərclər hissəsinin mövcud çağırışlara, o cümlədən xarici faktorların yaratdığı reallıqlara uyğunlaşdırmaqdan ibarətdir. 2020-ci ilin dövlət büdcəsində cari və investisiya xərclərinin strukturunda dəyişikliklərin olacağı gözlənilir. İlk üç ayın yekunları dövlət büdcəsinə proqnozdan əlavə vəsaitlərin cəlb edildiyini göstərir. Pandemiyanın təsirlərinə baxmayaraq, büdcəyə ötən ilin sözügedən dövrü ilə müqayisədə 300 milyon manat əlavə vəsait cəlb etmək mümkün olub”.

Deputat qeyd edib ki, pandemiyanın iqtisadi təsirlərinin fonunda, hələlik dövlət büdcəsinə qeyri-neft sektoru və vergi daxilolmalarından proqnozlaşdırılandan əlavə vəsaitlər cəlb edilib:

“Təbii ki, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ölkəyə daxil olan valyutanın həcminə təsir göstərir. Dövlət büdcəsində neft sektorunun 56 faiz olduğunu nəzərə alsaq, qeyri-neft sektoru cari ilin dövlət büdcəsinin 44 faizini formalaşdırır. Dövlət Neft Fondunun büdcə qarşısındakı öhdəlikləri ümumi neft daxilolmalarının 84 faizini təşkil edir. Bu, ümumi büdcə gəlirlərinin 48 faizi deməkdir”.

V.Bayramov vurğulayıb ki, Dövlət Neft Fondu cari ildə dövlət büdcəsinə 6,7 milyard dollar vəsait transfer etməlidir:

“Aktivlərini nəzərə alsaq görərik ki, Fondun bu istiqamətdə vəsait transferində hər hansı bir çətinliyi yoxdur. Qlobal çağırışlar fonunda büdcənin xərc strukturunun təkmilləşdirilməsi vacibdir. Dövlət başçısı vurğulayıb ki, 2020-ci ildə büdcədə proqnozlaşdırılan sosial xərclər, eləcə də sosial proqramların maliyyələşdirilməsi və büdcədən pensiya və əmək haqlarının ödənməsi ilə bağlı hər hansı bir dəyişiklik olmayacaq. 2020-ci ildə dövlət büdcəsi sosial istiqamətdə nəzərdə tutulan vəsaiti tam olaraq maliyyələşdirəcək”.

Millət vəkilinin sözlərinə görə, büdcə xərclərinin 38,5 faizinin birbaşa sosial ayırmalar olduğunu nəzərə alsaq görərik ki, dövlət büdcəsi mövcud maliyyə imkanları çərçivəsində sosial xərcləri tam olaraq ödəmək gücündədir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password