Nuriyyə Hüseynova – “Bundan da betər xəstəliklər olub, amma dünya dağılmayıb, həyat davam edir”
Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Karantin rejiminin elan olunması bir çox peşə sahibləri kimi sənət adamlarını da evə “həbs edib”. Evdə qalan sənətkarlar karantin müddətində xalqa müraciət edir, koronavirusla mübarizədə vətəndaşları həmrəy olmağa səsləyir.
Bu mövzuda tanınmış xanəndə, Əməkdar artist Nuriyyə Hüseynova geniş müsahibə verib.
– Nuriyyə xanım, karantin rejimini necə keçirirsiniz? Dörd divar arasında darıxmırsınız ki?
– Evdəyəm, dincəlirəm. Bəlkə də neçə illərin yorğunluğu canımdan çıxır. Evimdə bişirmədiyim ən çətin yeməkləri bişirirəm. Ailəmə xidmət edirəm, qohumlarımla əlaqə saxlayıb danışıram. Atam, anam, balalarımla tez-tez danışıram, hazırda nəvələrim yoxdur yanımda, hərəsi öz evindədir deyə görüşə bilmirik, amma telefonla əlaqə saxlayırıq. Düzünü desəm çox sıxılıb, darıxmıram, çölə çıxmaq, qaçmaq, getmək də istəmirəm. Öz evimdə elə rahatam ki… Səhər yerimdən durub nahara, axşama yemək hazırlayıram, cürbəcür şirniyyatlar bişirirəm. Oğlum həkimdir, onlar çox gərgin işləyirlər, arada bizə gəlir. Həyat yoldaşım da evdə olur, ona xidmət edirəm.
– Deyəsən, koronavirus gözəl sənətkarımızı mətbəxə “həbs edib”…
– Yox, belə deyil. İnternetdə də vaxt keçirirəm, xoşuma gələn məlumatları paylaşıram, sosial şəbəkələrdən insanları bilgiləndirmək, maarifləndirmək üçün istifadə edirəm. Yaradıcılıqla da məşğul oluram. Oturub qəzəllər əzbərləyirəm, özümün bəstələrim var, piano arxasına keçib bir neçə yarımçıq qalmış bəstələrimi tamamlayıram. Lider Televiziyasında yayımlanan, “Avaz” televiziya muğam müsabiqəsində jüriyəm, hazırda onlayn şəkildə tələbələrin səsini dinləyib onları seçirik. Karantin bitdikdən sonra onlarla canlı yayıma çıxacağıq. İncəsənət Universitetinin tələbələrinə həftədə iki dəfə onlayn dərs keçirəm, həmçinin Bülbül adına musiqi məktəbinin tələbələrinə də onlayn dərs keçirəm. Bir də başımı qaldırıram ki, axşam olub. Bilirsiniz, məşğuliyyəti olan insanlar ən çətin dövrlərdə belə çıxış yolu tapa bilirlər. Onlar ən çətin yaşam tərzi ilə üz-üzə qaldıqda belə başlarını qata bilirlər. Yetər ki, sənin ruhun sağlam olsun. Əsas ruh sağlamlığıdır, insanın bədəninin yükünü daşıyan ayaqları deyil, ruhudur. Əgər ruhun sağlam və möhkəmdirsə, həyat eşqin varsa, bütün bunların öhdəsindən gələ biləcəksən. O yoxdursa, bir az çətindir. Mən insanlara əhval-ruhiyyələrinin gözəl olmasını arzulayıram. Tarix boyu bundan da betər xəstəliklər olub. Elə dövrlərdə xəstəliklər olub ki, onda nə elm, nə texnika, nə tibb bugünkü qədər inkişaf etmişdi, amma həyat nə bitib, nə də qırılıb, yenə də davam edib. Dünya bu günə gəlib çıxa bilibsə, o gözəl, yaradıcı, müdrik, mərhəmətli insanların çiynində gəlib. Düşünürəm ki, bu gün də elə insanlar var və bunları da atladacağıq. Bəşəriyyət buna da qalib gələcək! Təbii ki, itkilər var və buna görə insan rahatsız olur. Heç kim istəməz ki, əzizini itirsin. Allah ölənlərə rəhmət eləsin, xəstələnənlərə də tezliklə şəfa versin. İnsanlar bacardıqları qədər özlərini qorusunlar, evdən çıxmasınlar. Bu bəlaya hamımız birgə, ağıl, düşüncə ilə qalib gələ bilərik.
– Səhnədən, sənətdən uzaq düşən Nuriyyə xanım səhnə üçün darıxırmı? Bir çox layihələrin təxirə düşməsi, ünsiyyətin azalması sizi üzmür ki?
– Bilirsiniz, mən nə vaxt efirlərə baxıram, görürəm ki, kanalların əksəriyyəti səs yazılarımızı, keçmiş konsertlərimizi təkrar verirlər. O gün tələbələrim də deyir ki, “müəllimə, nə vaxt televizoru açırıq, sizi görürük”. Yaddan çıxmamışıq, gündəmdəyik. Səhnə üçün darıxmamışam desəm, yalan olar. İnsan doğmaları, əzizləri üçün də darıxır, mən özüm gəzməyi, harasa getməyi sevən insanam. Təkliyi sevən deyiləm, həmişə təklikdən qaçmışam, hər zaman cəmiyyət içində olmuşam. Ona görə hərdən darıxıram, amma ağıllı şəkildə özümə bir əmr edirəm ki, olmaz, yasaqdır. Mən özümü hazırlayıram ki, ayın sonuna qədər evdə olmalıyam. Evdə yarımçıq qalan, küncdə-bucaqda qalan işlərimi tapıb həll edirəm, evdə bəzi dəyişikliklər edirəm, təmizlik işləri görürəm. Beləcə, günlər gəlib keçir, təki salamatlıq olsun, ölüm-itim olmasın. Səhnə üçün darıxsam da, hələlik bu hissləri özümdən uzaqlaşdırıram.
– Bəs karantin müddətində davam edən canlı proqramlara gedirsiniz?
– Canlı proqramların bir neçəsindən dəvət almışam, amma getməmişəm. Ona görə ki, əgər karantindirsə, məncə, elə evdə də otursaq yaxşıdır, harasa getməyin heç bir mənası yoxdur. Bütün televiziyaların arxivində külli miqdarda gözəl proqramlar var və onları yayımlayıb insanların əhval-ruhiyyəsini yaxşılaşdıra, maarifləndirə bilərlər, bunun üçün yetərli qədər material var.
– Karantin günlərində dost-tanışla get-gəliniz var?
– Xeyr, bizə gələn-gedən yoxdur. Qızım, nəvələrim Gəncədədirlər, bayramdan əvvəl gediblər. Onlar burada olsaydı, təbii ki, biz bir yerdə olacaqdıq. Çünki qızımla qonşuyuq. Oğlumun uşaqları ilə görüşə bilirəm, onlar bizdən bir az uzaqda yaşayırlar. Oğlum özü də ara-sıra gəlib gedir. Vəssalam, başqa heç kəslə görüşmürük, nə bacı, nə qardaş, nə də qohumlarla. Naxçıvanlıların belə bir adəti var, Novruz bayramı görüşlə olur, lap yanğın da olsa, hamı bir-birinin evinə hədiyyə ilə gedir, mütləq getməlidir. Hətta bayramda belə biz süfrəmizi bəzədik, oturduq, qapımızı iki bacımdan başqa heç kimə açmadıq. Heç yoldaşımın bacıları, qardaşı da gəlmədi. Halbuki hər il birinci onlar gələrdi, bu il belə oldu. Yalandan deyə bilmərəm, nə gələn, nə də gedən var. Elə evdə özümüzük, yoldaşım və mən.(yenisabah.az)