Sahil Babayevin haqq verdiyi hər kəslə, əsl haqqı olanlar kimlərdir?
Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamından irəli gələn tədbirlər çərçivəsində əhaliyə birdəfəlik ödəmə ilə bağlı mətbuat konfransı keçirdi.Aztəminatlı ailələrin çoxdan gözlədiyi işartının üzərinə birdəfəlik su tökən nazir konfransda bir çox məsələlərə toxundu. Bizim onun toxunduğu məsələlər ətrafında müzakirə aparmaq fikrimiz yoxdu.Lakin nazirin açıqlamalarından ortaya çıxan bəzi bir çox sullara aydınlıq gətirmək istərdik. Azərbaycan əhalisinin sosial problemlərinin həll olunmasına birbaşa cavabdeh şəxs kimi,nazir Sahil Babayevin açıqlamalarından diqqət çəkən bəzi məqamları oxucuların nəzərinə bir daha çatdırırıq.Nazir: “Bəzən əmək müqaviləsi ilə işləyən şəxslər belə birdəfəlik ödəniş almaq üçün müraciət edirlər. Birmənalı şəkildə bilməliyik ki, dəstək sosial cəhətdən həssas təbəqəyə aiddir. Əgər ailənin bir üzvü əmək müqaviləsi ilə işləyirsə digər ailə üzvlərinin başqa nümayəndəsi əlavə dəstək ala bilməz”- dedi. Bu hardasa başa düşüləndi. Amma nazirin“məhz işsiz hesab edilən şəxslər üçün birdəfəlik ödəniş ediləcək. Son iki gün ərzində 10 minlərlə müraciət emal edilib. Qeydiyyata düşən və haqqı olan hər kəsə ödəniş olunacaq” kimi açıqlama verməsi başa düşülən olmadı. Geniş ictimiyyətin də diqqətini daha çox məhz bu məqam çəkdi.Nazir “haqqı çatan hər kəs”dedikdə kimləri nəzərdə tuturdu,əvvəlcədən onları da açıqlamışdı.Bəs qeyd olunan “haqqı çatan hər kəs”dən kənarda qalmış başqa vətəndaşların haqqı?
Biz bu suala cənab nazirdən cavab gözləmirik. Sadəcə ona vaxtı ilə müraciət etmiş haqqı çatan hər kəslərdən biri barədə bir xatırlama etmək istəyirik. 2018-ci ilin dekabr ayının 16-da Şəmkir rayonunda vətəndaşlarla görüş zamanı qəbula gəlmiş sözügedən rayonun Çənlibel kənd sakini, sizdən iş istəyən,Müharibə Veteranı,işsiz,xəstə Qurbanov Aqil Novruz oğlunun necə,haqqı çatmırmı?
Bunu Aktualinfo.org redaksiyasına zəng edən Şəmkir rayonu,Çənlibel kənd sakini Qurbanov Aqil Novruz oğlu deyir. Aqil deyir ki, 2018-ci ilin dekabr ayının 16-da Şəmkirdə vətəndaşlarla qəbul keçirərkən mən də yazılmışdım. Növbəm çatan kimi Sahil Babayev “sənə iş verirlər,niyə işləmirsən?-deyə əsəbi halda mənə sual verdi.Mən isə-“kim verir mənə o işi,deyin,nə iş olur olsun, bax elə indi başlayım işləməyə”-dedim.Nazir qarşısındakı sənədlərimi vərəqləyərək “sən xəstəsən ki- deyib üzünü Şəmkir rayon Tibbi Sosial Ekspert Komissiyasını baş həkiminə tutaraq,”Fəridə xanım,bu sənədlərə baxın,görün əlilik düşürmü?-deyə sənədləri ona verdi. Ekspert komissiyasının sədri sənədlərimə baxıb, “bəli,düşür”-deyə cavab verdi.Nazir-“düzəldin onun sənədlərin,getsin pensiyasını alsın”-dedi.Həmin gündən bir il beş ay keçməsinə baxmayaraq Şəmkir rayon Tibbi Sosial Ekspert Komissiyasının baş həkimi Fəridə xanım bu gün də məni get-gələ salır.” Niyə, Sahil Babayev,haqqı çatmırmı?
Aqil Qurbanov deyir ki,”evin bir oğlu olmuşam,1993-1997-ci illərədə Azərbaycan ordusunda xidmət etmişəm.Bir övlad kimi getməyə də bilərdim,amma getdim,Gədəbəydə,ermənilərlə sərhəddə düz dörd il qulluq elədim.İndi 80 manat alıram. Ötən il böyrəklərimdən əməliyyat olunmaq üçün sələmə pul götürmüşdüm. Faizi çox olduğundan bankdan kredit götürüb sələmi qaytardım. İndi aldığım 80 manatın hamısını da banka verirəm.Belimdə isə yırtıqlar var,onun müalicəsini etdirə bilmirəm. İldə bir dəfə 308 manatlıq dərman almalı oluram,tapa bilmirəm. Böyrəklərimə görə həkimin yazdığı dərmanlar hər ay 86 manat edir, onu da tapa bilmirəm.”
Aqil Qurbanov deyir ki,”Şəmkir rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədova dəfələrlə müraciət etmişəm. Demək olar ki,iş üçün hər ay qəbuluna gedirdim.Bir iki dəfə İcra Hakimiyyətinin işçiləri gəlib kənddə evimə, şəraitimə baxdıqdan sonra bir iki dəfə ərzaq yardımı etdilər. Şəmkirdə Məşğulluq İdarəsinin xətti ilə Şəmkir Mənzil Kommunal Təsərrüfatı Birliyində işə düzəlmişdim,kənddə küçələrin zibilini təmizləyirdim,yenə kömək olurdu.Komxozun müdiri Teyyub (bu həmin Teyyubdur ki, evindən 150 işçinin maaş kartı çıxmışdı-red) məni işdən şıxardı ki, “mənə sənin kimi işçi lazım deyil”.Sonuncu dəfə Alimpaşa Məmmədovun qəbulunda oldum,iş istədim.Mənə dedi ki,iş yoxdur.Mən dərmanları ala bilmirəm- dedim.İcra başçısı isə “dərman ala bilmirsən,niyə yaşayırsan”-dedi. Bir ildən çoxdur ki,ona da müraciət etmirəm.
Sahil Babayevin rəhbərlik etdiyi nazirliyin Şəmkirdəki başqa bir qurumu,Sosial Müdafiə Fondu isə dəfələrlə müraciət etməyinə baxmayaraq Aqil Qurbanova ünvanlı sosial yardım verməkdən imtina edirlər.Aqil deyir ki, “səbəb də onu göstərirlər ki,iki hektar torpağım var.Şəmkirdə,yaşadığım Çənlibel kəndində,elə rayonun,digər kəndlərində də hektarlarla torpaqları olanlar, avtomobili,mal-qarası,başqa yerlərdən gəlirləri olanlar,formal olaraq boşanıb sosial yardım alanlar var.Nə üçün onlara düşür mənə yox? Qanun varsa qoy hamı üçün olsun,nə üçün biriləri bundan yararlanır,amma haqqı olanlar,kasıblar,xəstələr yararlana bilmir?”
Aqil Qurbanov deyir ki,”belimdəki yırtıqlara görə ağır işlər görə bilmirəm.Əvvəllər mis,alminium,”Hell”qutuları yığıb satırdım.Karantin rejimi başlayandan evdən çölə çıxa bilmirəm.Evdə olan çox əşyalarımızı satmışıq,oturmağa stolumuz belə yoxdur.Çörək almağa pulumuz da qalmayıb.İki azyaşlı üşaqla artıq mən nə edəcəyimi bilmirəm.”
Aktualinfo.org bu yerdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin dünən keçirdiyi mətbuat konfransındakı çıxışına bir daha qayıtmaq istəyir. Sahil Babayev deyir ki,”haqqı olan hər kəsə ödəniş olacaq.” Nazir haqqı olanları da sadaladı.Maraqlıdır,bəs müharibə veteranı, işsiz,xəstə bir insanın bu ölkədə haqqı nəyə çatır?Bax bu suala nazirdən açıqlama verməsini gözləyirik?
Aktualinfo.org