Pensiya və sosial ödənişlərin veriləcəyi VAXT açıqlandı
Xüsusi karantin rejimi ilə əlaqədar əmək pensiyaları, sosial müavinətlərin, kompensasiyaların və ünvanlı dövlət sosial yardımların ödənişlərin veriilmə qrafikində dəyişiklik edilib.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
Onun sözlərinə görə, xüsusi karantin rejimi ilə əlaqədar bu qrafik daha əvvələ çəkilib:
“Bir qayda olaraq, hər ayın ortasında respublika üzrə əmək pensiyaları, ayın ikinci ongünlüyündə digər ödənişlər həyata keçirilirdi. Ancaq Sumqayıt şəhəri, Abşeron rayonu, Bakının Səbael, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları üzrə ayın 8-də, Nizami, Nərimanov və Xətai rayonları üzrə isə ayın 9-da ödənişlər həyata keçiriləcək. Xəzər, Pirallahı, Sabunçu, Suraxanı rayonlarında 10-da, digər rayon və şəhərlər üzrə isə ayın 15-dək həyata keçiriləcək. Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ÜDSY ödənişi isə ayın 28-i tarixində təmin ediləcək”.
B.Hüseynov qeyd edib ki, xüsusi karantin rejimində əmək pensiyaları, sosial müavinətlərin, kompensasiyaların və ünvanlı sosial yardımların ödənilmə qrafikinin dəyişilməsində məqsəd məhz bankomatların qarşısındakı növbələrin qarşısını almaq üçündür.
Nazirlik rəsmisi əlavə edib ki, yaşı 65-dən çox insanların pensiyalarının ala bilməsi üçün müəyyən addımlar atılıb:
“İlk hərəkət məhdudiyyəti yaşı 65-dən çox olan insanlar üçün tətbiq edilib. Həmin vaxtdan etibarən 65 yaşdan yuxarı olan və tənha yaşayan şəxslər nazirlik tərəfindən sosial xidmətə qəbul edilib. Əgər 24 mart tarixindən əvvəl ölkə üzrə yaşı 70-dən yuxarı olan təqribən 7500 şəxsə evində sosial məişət xidməti göstərirdiksə, artıq bu gün həmin statistika 12 400 nəfərə çatıb. yaşı 65-dən yuxarı olan 5000-dən çox şəxs sosial xidmətə qəbul edilib. Sosial xidmətə qəbul edilmə dedikdə, həmin şəxslərin küçəyə çıxamaması üçün zəruri ərzaqla təminatı, apteklərdən dərmanların alınması, icbari ödənişlərin həyata keçirilməsi və evdə sosial məişət xidmətlərinin göstərilməsidir. Bu kimi xidmətlərdən istifadə etmək üçün yaşı 65-dən çox olan şəxslər Çağrı Mərkəzinə zəng etməklə qeydiyyata alınması tövsiyə edilib”.