Yeni “Marşal planı” dünyanı xilas edəcəkmi?
Koronavirus dünya iqtisadiyyatını iflic edib, inkişaf etmiş ölkələr belə tənəzzül içərisindədirlər. Dünyanın əsas maliyyə qurumu olan Beynəlxalq Valyuta Fondu da hamıya kömək əlini uzada bilməyəcək. Təxminən 80 ölkə Fonddan yardım istəyib. Fond yanğınsöndürən maşın deyil ki, onlarla ölkənin eyni zamanda milyardlarla dollar dəstək istəyini yerinə yetirə bilsin.
Belə şəraitdə hər bir dövlət hazırki vəziyyətdən təkbaşına çıxış yolu axtarmaq məcburiyyətindədir. Ancaq ağır karantin şərtləri davam etdikcə, vəziyyət düzəlməyəcək. Ona görə də bəzi liderlər və ekspertlər kononavirus sonrası iqtisadi model barədə təkliflər verməyə başlayıblar. İlk təklif Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula von der Leyendən gəlib.
Avropa İttifaqı Komissiyasının rəhbəri Avropa üçün yeni “Marşal planına” ehtiyac olduğunu bildirib. Məsələ burasındadır ki, Avropa İttifaqının büdcəsinə və yatırımlar portfelinə milyardlarla dollar və ya avro ianələrə ehtiyac yaranıb. Avropa İttifaqı ölkələri təkbaşına bu ianələri toplamayacağının fərqindədirlər. Ursula von der Leyen inaənin tapılmayacağı halda vəziyyətin necə olacağını qısa şəkildə izah edib: “Gələcək faciənin qarşısını almaq lazımdır”.
“Marşal planı” İkinci Dünya Müharibəsindən sonra Avropanı ayağa qaldırdı. Müharibədən sonra Avropa ölkələrinin iqtisadiyyatları dağılmışdı, köhnə qitənin kənar dəstəyə ehtiyacı var idi. Amerika Birləşmiş Ştatlarının o illərdəki dövlət katibi Corc Marşalın təklifi ilə müharibədən zərər görən ölkələrə iqtisadi yardım planı təklif etdi. Ona görə də bu plan tarixə “Marşal planı” kimi düşür. Koronavirusu üçüncü dünya müharibəsi kimi qiymətləndirənlər var. Buna görə Avropa bu müharibənin ağır iqtisadi yekunlarını yenidən Amerikanın ianələri hesabına ortadan qaldırmaq istəyir. Ancaq bu dəfə Amerikanın Avropanın yardımına tələsəcəyini söyləmək çətindir.
İkincü Dünya Müharibəsi Avropa iqtisadiyyatını darmadağın etsə də, ABŞ iqtisadiyyatına zərər yetirməmişdi, əksinə Amerika müharibədən iqtisadi imkanlarını artıraraq çıxmışdı. Bu dəfə isə belə deyil. Koronavirus Avropa ilə yanaşı Amerikanı da vurub. Virusdan yoluxan ölkələrin başında Amerika gəlir, ölənlərin sayı sürətlə artır. ABŞ prezidenti Donald Tramp virusdan ölkəsində ən azı 200 min insanın öləcəyini proqnozlaşdırıb. Virus Amerikada işsizlərin sayını artırıb. Karantin Amerikada bir neçə həftə də davam etsə, Amerika iqtisadiyyatı daha ağır zərbələr alacaq. Belə vəziyyətdə Amerika yalnız özünə kömək edə bilər, başqasının və ya başqalarının xilasına tələsməyəcək. Donald Trampın şüarı da məlumdur: “Birinci növbədə Amerika!”
Avropa İttifaqı üçün yeni “Marşal planını” böyük maliyyə resurslarına malik olan Çin təklif edə bilər. Koronavirus Çində başlasa da, xəstəlik bu ölkənin iqtisadiyyatını və reruslarını iflic etməyib. Doğrudur, təxmini hesablamalara görə Çin 60 milyard dollar itirib, ancaq bu Pekin üçün böyük itki deyil. Çin Avropa üçün Amerikanı əvəz etmək istəyərdi. Ancaq Avropa İttifaqının Çindən maliyyə dəstək istəməsi köhnə qitənin siyasi quruluşunu dəyişə bilər. Yəni Çin Avropa üçün Amerikanı əvəz edə bilər, ancaq bundan sonra Pekinin Avropa dövlətlərindən siyasi tələbləri də olacaq. Buna isə Avropa hazır deyil. Ona görə də Brüsselin Pekindən yeni “Marşal planının” yatırımçısı olacağını gözləməsi problematikdir. O başqa məsələ ki, Avropa İttifaqının bəzi ölkələri Brüsseldən iqtisadi dəstək görməsələr özləri birbaşa yardım məqsədilə Pekinə müraciət edəcəklər. Belə ölkələrdən biri İtaliya ola bilər.
İtaliyanın baş naziri Cuzeppe Konte Almaniyaya təklif edib ki, bazara avrobondlar buraxılsın. Konte avrobondlar vasitəsilə İtaliya iqtisadiyyatını xilas etmək istəyir. Ancaq Berlin İtaliya baş nazirinin bu təklifini rədd edib. Berlin dağılan İtaliya iqtisadiyyatının yükünü daşımaq istəmir. Berlinin cavabı İtaliyada mənfi qarşılanıb. İtaliyada Almaniya haqqında daha nələr demirlər:
– “İkinci Dünya Müharibəsindən sonra Almaniya dağılmışdı. 1953-cü ildə Almaniyanın borclarının yarısı bağışlandı. Bağışlayanlar arasında İtaliya da var idi. Ancaq indi Almaniya İtaliyaya yardım əlini uzatmaq istəmir”;
– “İkinci Dünya Müharibəsinin səbəbkarı Almaniyadır. Onlar yenə də özlərini yüksək irqin nümayəndələri kimi aparırlar. Əgər iki müharibənin nəticəsinə görə Almaniya dağıtdığı ölkələrin və iqtisadiyyatların ziyanını ödəməyə məcbur edilsəydi, bu gün almanlar səfil həyatı yaşayardılar”;
İş o yerə çatıb ki, İtaliyada bələdiyyə başçıları Avropa İttifaqının bayraqlarını endirirlər. Avropa İttifaqı monolitliyini itirir. İttifaqın gələcəyi təhlükə altındadır. Bu yerdə Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braunun dünya liderlərinə müraciətində “iqtisadi böhranı önləmək üçün qlobal hökumətin yaradılmasına ehtiyac var” təklifinin reallaşması mümkünsüz görünür. Birincisi, İtaliya nümunəsi göstərdi ki, ona heç tərəfdaşları dəstək vermək istəmir, o birilərin eyni qaydaya riayət edəcəyini gözləmək əbəsdir. İkincisi, “böyük iyirmilər” elə qlobal hökuməti əvəz edir. Ancaq əgər “böyük iyirmilər” tək bir məsələdə – neftin qiymətində razılığa gələ bilmirlərsə, qlobal iqtisadi mövzularda ortaq məxrəcə necə gələcəklər?
“Atlas” Araşdırmalar Mərkəzi