Prezident: “Bakı-Sumqayıt yolunun genişləndirilməsi zəruri idi”
“Son illər ərzində Bakıda bir çox yol-nəqliyyat layihələri icra edilmişdir. Əgər bu layihələr icra edilməsəydi, bu gün Bakıda tıxacdan tərpənmək mümkün deyildi. Onlarla körpü, yol qovşaqları, yeni yolların çəkilişi, yolların genişləndirilməsi, yol çəkilişində nəzərdə tutulan standartlar. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda yol təsərrüfatının keyfiyyətini ən yüksək qiymətlərlə fərqləndirir və yolların keyfiyyətinə görə biz dünyada 30-cu yerlərdəyik. Ancaq əhali artır, fəallıq artır. Baxmayaraq ki, indi koronavirus dövründə iqtisadi fəallıq aşağı düşüb, amma bu, müvəqqəti məsələdir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olarkən deyib.
Dövlət başçısı bildirib ki, bu xəstəliyə qarşı mübarizə yekunlaşandan sonra iqtisadi fəallıq bərpa ediləcək: “Nəzərə alsaq ki, Bakı-Sumqayıt yolu artıq mövcud olan nəqliyyatı götürə bilmir və hərəkət çox intensiv xarakter daşıyır, əlbəttə, bu yolun genişləndirilməsi zəruri idi. Çünki indi Bakı ilə Sumqayıt elə bil ki, birləşib, bir çox adamlar Bakıda işləyib Sumqayıtda yaşayırlar və əksinə. Ona görə bu yolun strateji xarakterini nəzərə alaraq, – eyni zamanda, bu, şimal istiqamətə gedən yoldur, – biz bu layihəni icra edirik. Bu, əlbəttə, texniki cəhətdən asan layihə deyil. Çünki çoxlu köçürülmələr, yeni körpülərin tikintisi, bəzi obyektlərin köçürülməsi nəzərdə tutulur. Bu nəqliyyat layihəsinin icrası Dövlət İnvestisiya Proqramında da nəzərdə tutulur. Ona görə piyada keçidlərinin tikintisi, – bu istiqamətdə də son illər böyük işlər görülüb və vətəndaşların təhlükəsizliyi üçün bunun çox böyük əhəmiyyəti var, – yol infrastrukturunun müasirləşdirilməsi, tıxacların azalması və aradan qaldırılması istiqamətində əlavə addımlar atılacaqdır. Əlbəttə, Azəravtoyol, Bakı Nəqliyyat Agentliyi, nəqliyyatla məşğul olan digər qurumlar həm yolların genişləndirilməsi, həm də keyfiyyəti ilə bağlı bütün bu işləri əlaqəli şəkildə aparmalıdırlar. Eyni zamanda, yollarda tənzimləyici qaydaların tətbiq edilməsi nəticəsində “yaşıl dəhlizlər”in yaradılması da nəzərdə tutulur və bu istiqamətdə işlər aparılır. Ona görə bu işləri davam etdirmək lazımdır. Yol və bütün qovşaqlar nəzərdə tutulmuş vaxtda, yəni, təqribən iki aya və maksimum üç ay ərzində istifadəyə verilməlidir. Bu, insanlara rahatlıq gətirəcək və bu yolda tıxacların yaranmasına imkan verməyəcək”.