Bakıya kənd təsərrüfatı məhsulları necə daşınır? – NAZİRLİKDƏN AÇIQLAMA
Ölkə ərazisində karantin rejimi hər gün daha da sərtləşdirilir. Fəaliyyətinə icazə verilmiş sahələrdən biri də Kənd Təsərrüfatı Nazirliyidir.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının paytaxta daşınması işi necə təşkil olunub?
Nazirliyin şöbə müdiri Vüqar Hüseynov bildirib ki, ərzaq məhsullarının Bakıya çadırılmasında problem yoxdur: «Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, müəyyən kateqoriya nəqliyyat vasitələrinin ölkə ərazisində hərəkəti sərbəstdir. Bu kateqoriyaya təcili tibbi yardım, qəza-xilasetmə avtomobilləri və digər nəqliyyat vasitələri ilə yanaşı, kənd təsərrüfatı texnikası və məhsul daşıyan avtomobilər də aiddir. Bölgələrdən paytaxta və digər şəhərlərə kənd təsərrüfatı məhsullarını daşıyan orta və ağır tonnajlı yük avtomobillərinin hərəkətinə heç bir məhdudiyyət yoxdur. Həmin maşınlar postlarda müvafiq yoxlamadan keçdikdən sonra sərbəst şəkildə Bakıya daxil olurlar».
Vüqar Hüseynovun sözlərinə görə, daxili bazarda heç bir ərzaq qıtlığı yoxdur: «Bazarlarda apardığımız monitorinqlər də göstərir ki, daşınma sərbəst olduğuna görə, kənd təsərrüfatı məhsullarında qıtlıq yoxdur. Bunu supermarketlərdə də, bazarlarda da və ərzaq satışını həyata keçirən digər obyektlərdə də müşahidə etmək olar». Nazirlik nümayəndəsi qiymətlərin də ciddi artmadığını, hətta bəzi məhsullarda ucuzlaşma olduğunu bildirib: «Əvvəla xüsusi qeyd edim ki, Kənd Təsərrüfatı Nazirliyi heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyən olunmasında iştirak etmir. Yəni qiymətlər bazar iqtisadiyyatının qanunlarına görə, tələb-təklif əsasında formalaşır. Amma nazirliyni Aqrar Tədqiqatlar Mərkəzi bazarlarda əsas kənd təsərrüfatı məhsullarının pərakəndə satış qiyməti ilə bağlı gündəlik monitorinqlər keçirir. Məhz bu monitorinqlərin nəticəsinə əsəsən deyə bilərik ki, 25 mart tarixi ilə müqayisədə bazarlarda pomidorun qiymətində növündən asılı olaraq 23-38 faiz, kələmin qiymətində 7 faiz, Türkiyədən idxal olunan portağalın qiymətində 17 faiz ucuzlaşma var».
İdxal-ixrac prosesinə gəlincə, qurum sözçüsü bildirib ki, bu məsələ dövlətlərarası sazişlərlə tənzimlənir: «Bu günə qədər Azərbaycanla iqtisadi əlaqələri olan həmsərhəd ölkələrlə yükdaşımalarda məhdudiyyətlə bağlı heç bir qərar yoxdur. Hazırda Azərbaycan məhsullarının ənənəvi bazarları sayılan ölkələrin hamısında karantin elan olunub. Bu karantinlər ölkədə pandemiyanın yayılması səviyyəsindən asılı olaraq yüngül, orta və sərt ola bilər. Gələcəkdə sərt qaydalarda hansısa fərqli məhdudlaşmalar tətbiq edilə bilər. Bu zaman da yük maşınları ilə kənd təsərrüfatı məhsullarının, ərzaq və digər məhsulların daşınmasında müəyyən ləngimələr olacağı da mümkündür. Amma bu günə qədər idxal-ixracda belə bir fakt qeydə alınmayıb. Həm də nəzərə almaq lazımdır ki, hazırda kənd təsərrüfatı məhsullarının ixracı üçün də aktiv dövr deyil. Amma indiki məqamda əminliklə deyə bilərik ki, ölkədən kənd təsərrüfatı məhsullarının ixracında hüquqi baxımdan maneə yoxdur».(FED.az)