Virusa yoluxanların adları niyə açıqlanmır? – Baş İnfeksionist açıqladı

Koronavirus pandemiyası Çinin Uhan şəhərində ilk dəfə qeydə alındığı qısa bir vaxtdan sonra sürətlə dünyada yayılmağa başladı. Ölkələrin əksəriyyətində virusla mübarizə məqsədi ilə məhdudiyyətlər qoyuldu, sərt tədbirlər görüldü. Ölkəmizdə də bu sahədə geniş miqyasda işlər həyata keçirilir. Lakin insanların məsuliyyətsizliyi ucbatından virus gündən-günə yayılmağa başlayır.

Bu və digər məsələlərlə bağlı Respublikanın baş infeksionisti, Azərbaycan Tibb Universitetinin (ATU) Yoluxucu xəstəliklər kafedrasının dosenti Cəlal İsayev müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– İnsanlara dövlət tərəfindən evdə qalmaları tövsiyə olunur. Amma buna baxmayaraq insanların bir qismi məsuliyyətsizlik edərək, heç bir işi olmadığı halda yenə çölə çıxırlar. Bu problemlə necə mübarizə aparmaq olar ki, insanlar evdə qalsınlar?

– İnsanlar fikirləşməlidir ki, çölə çıxmaq yaxşı bir şey olsaydı, onlara bu məsləhət görülərdi. Amma bu ərəfədə özünü qorumayaraq çölə çıxmaq çox böyük təhlükədir. İnsanlar düşünə bilərlər ki, “Mən sağlamam, mən dözümlüyəm, mənə heç nə olmayacaq”- deyərək gəzə bilərlər. Bu, tamamilə yanlış yanaşmadır. Ola bilər ki, onun orqanizmi sağlamdır, güclüdür, çölə çıxıb gəzə bilər və ona xəstəlik yoluxarsa, yüngül keçirə bilər… Bəla da elə burasındadır ki, xəstəlik insan orqanizminə keçdiyi ilk vaxtlar heç bir simptom hiss etdirmir. Halbuki, o, artıq virus daşıyıcısıdır və virusa yoluxduqdan sonra başqalarına yoluxdurma ehtimalı daha çox olur. Bir düşünün, bu adam bilməyərəkdən yoluxur və evinə, ailəsinə gəlir və ailəsi yoluxarsa, onların orqanizmi dözümlü olmaya bilər. İmmuniteti zəif insanlar kifayət qədərdir və belə insanların xəstələnməsi onların ölümünə səbəb ola bilər. İnsan birinci özünü yox, ətrafındakıları və cəmiyyəti fikirləşməlidir. Bir insanın xəstələnməsi görün nə qədər insana ziyan verə bilər. Hamı bunu gözünün qarşısına gətirərək məsuliyyətli olmalıdır!

– Həkim, xəstəlik hansı hallarda hiss oluna bilər?

– Koronavirus insan orqanizmində özünü müxtəlif cür biruzə verə bilər. Yüngül, orta, ağır və s.

Məsələn, elə insan ola bilər ki, ilk vaxtlar boğazında qıcıqlanmalar hiss edir, daha sonra isə yüngül öskürür və sakitləşir. O, elə düşünür ki, keçib getdi. Çıxır çölə və gündəlik fəaliyyətinə davam edir. Onun getdiyi yerlərdə özü də bilmədən və istəmədən görüşdüyü insanların virusa yoluxmasına səbəb olur. Bu yoluxma onların həyatı bahasına başa gələ bilər…

– Məhdudiyyətləri və qaydaları pozanlar düşünürlər ki, “Bu xəstəlik yalandan ortaya atılıb. Əgər belə deyilsə, nəyə görə ölənlərin və yoluxanların ad-soyadları açıqlanmır?!”. Bunu deyən insanlara nə demək istəyərdiniz?

– Virusa yoluxanların ad-soyadını açıqlamağa nə ehtiyac var? Yoluxan insanların adlarını açıqlamaq etik cəhətdən düzgün deyil. İnsanlar görmür ki, bütün dünya bu problemlə mübarizə aparır? İtaliyada minlərlə insan vəfat edir. Bu kimin marağında ola bilər ki, yalan desin? Bu, təkcə bizdə deyil. Gördüyünüz kimi ümumdünya problemidir. Üstəlik mütəxəssislər bütün bu problemin həlli üçün durmadan çalışır, bu qədər vəsaitlər ayrılır, təbliğat videoları çəkilir, maarifləndirilmə işləri aparılır…

Niyə bəzi insanlar sərt qanunlar olduğunda deyilənlərə əməl etməyi seçirlər?! Niyə biz hər zaman zor, güc tələb edirik?! Dövlətimiz normal şəkildə tövsiyə edir ki, evinizdə qalın, virusla mübarizə aparılsın, xəstələr sağalsın, bir müddət sonra çıxın yenidən gəzin də nə qədər istəyirsinizsə.

– Bəzi ölkələrdə koronavirusa yoluxan həkimlərin sayı olduqca çoxdur. Virus aşkar ediləndən bu günə kimi, bizdə yoluxan həkim qeydə alınıb?

– Bu günə olan statistikaya görə yoxdur…(konkret.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password