Sahibkarlara dəyən zərər necə hesablanacaq? – «GƏLİRİN OLMAMASI HƏLƏ ZİYAN DEYİL»
Koronavirus pandemiyasından zərər görən və dövlətin çağırışlarına əməl edən sahibkarlara, eləcə də müəssisələrə dövlət dəstəyinin göstərilməsi müzakirə olunur.
Bununla yanaşı, xərclərin hesablanmasında mühüm məqamlar üzə çıxır. Bəzi sahibkarların dövlət dəstəyindən istifadə etmək üçün öz xərclərini şişirtməyə cəhd edəcəkləri də istisna deyil. Ekspertlər hesab edir ki, dövlətin dəstəyi daha çox şəffaf işləyən müəssisələrə şamil olunmalıdır.
Məlumat üçün bildirək ki, koronovirus pandemiyasının yayılmasını önləmək məqsədilə Nazirlər Kabineti tərəfindən bir sıra obyektlərdə, müəssisələrdə işlərin müvəqqəti dayandırılması, bu zaman işçilərin işdən çıxarılmaması və ya ödənişsiz məzuniyyətə göndərilməməsi tövsiyə edilib.
Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev hökumətin dəstək proqramları çərşivəsində sahibkarlara dəymiş zərərin qiymətləndirilməsini şərh edib.
O bildirib ki, məlum hadisələrin təsiri nəticəsində yaranan vəziyyət hamını həssas, səbirli, əməledici və bir-birimizə dəstəkçi olmağı tələb edir: “Sahibkarların düşdüyü vəziyyət başa düşüləndir. Sahibkarların da, xüsusilə də əsas 4 sektorun – ictimai iaşə, otelçilik, sərnişindaşıma nəqliyyatı və iri ticarət obyektlərinin sahiblərinin bu məsələyə şəffaf, düzgün və səmimi yanaşması ilə bağlı səslənən fikirlərə anlayışlı yanaşmasını xahiş edirəm. Aydındır ki, dövlətin çağırışlarına dəstək verən sahibkarlara ilk növbədə kömək olunacaqdır. Çağırışlara dəstək dedikdə, ilk növbədə sahibkarın əhatəsində olan işçilərin işdən əsassız azad edilməməsi və əmək haqqının saxlanılması ilə müəyyən müddətə evə buraxılması, həmçinin karantin qaydalarına riayət etməsidir. Yəni sahibkar belə bir çətin durumda öz mənəvi borcunu yerinə yetirməklə, hər bir halda hökumət qarşısına üzüağ çıxmalıdır”.
Analitik artıq hökumətin dəstək proqramı layihələrinin hazırlandığına da diqqət çəkib: “Həmin dəstək proqramları ən çox zərər çəkən sektorları və digər fəaliyyət istiqamətlərini əhatə edəcəkdir.
Nədir bu zərər?
Gəlir əldə etməmək hələ ziyanla qarşılaşmaq demək deyildir. Gəlirin yoxdursa, deməli xərcin də ya yoxdur, ya da ki, çox olmayan məcburi sabit xərclərin vardır.
Hökumət, əsasən belə xərclərin əvəzinin ödənilməsinə dəstək ola bilər. Sahibkar onu zərərə gətirə biləcək bəzi xərcləri hazırkı vəziyyətdə çəkə bilməyəcək və ya çəkməkdə çətinlikləri olacaqdır.
Hökumət sahibkarın belə zəruri öhdəliklərini yerinə yetirməsinə kömək olacaqdır. Məsələn, belə öhdəliklərə, işçilərə ödəniləcək əmək haqqı və onunla bağlı sosial ayırmalar, icarə haqları və aktivlərinin saxlanması ilə bağlı bəzi xərcləri misal göstərmək olar. Hökumətin dəstəyi kimi kredit və faizlərin, lizinq ödənişlərinin, vergilərin, kommunal və rabitə xərclərinin ödənilməsinin müvəqqəti dayandırılması tədbirləri də gözlənilir”.
Mehdi Babayevin sözlərinə görə, dəstək proqramında dəymiş zərərin tam ödənilməsi deyil, səmərəlilik nəzərə alınmaqla zərərin mümkün hissəsinin əvəzinin ödənilməsi nəzərdə tutulur: “Burada birinci amil sahibkarın, yəni işəgötürənin əhatəsində olan işçilərin əmək haqlarının təminatıdır. Təsəvvür edin ki, sahibkar işçiləri işdən azad edir, ixtisar edir, yaxud da ödənişli məzuniyyətə buraxır və nəticədə dövlətdən almaq istədiyi təminatla məhz özünün zərərini bağlamaq istəyir, həmçinin aldığı təminatla başqa sahibkarlara olan borclarını ödəmək istəyir. Yəni nəticə etibarı ilə sahibkar ancaq öz zərərini müəyyən qədər bağlamış olur. Bəs işçilər, hansı ki, onlar ordudurlar, cəmiyyətimizin əsas məhsuldar qüvvələridirlər?! Məncə, işçilərini işdən uzaqlaşdıran sahibkarların hökumətdən dəstək istəməsi ədalətli görünmür”.
Ekspert sahibkara dəyən zərərin müəyyən edilməsi sahibkarın təqdim etdiyi hesabat göstəricilərinin düzgün, şəffaf və qanunauyğun rəsmuləşdirilən olmasının vacib olduğunu da bildirib: “Zərərin məhz məlum səbəblər ucbatından yaranması, zərərlə bağlı təqdim edilən müraciətdə, hesabatda göstəricilərin qanuni sənədlərə əsaslanması, baxmayaraq ki, sənədləşmə praktiki olaraq düzgün həyata keçirilib, lakin sənəddə əks edilən əməliyyatın, yəni yaranan öhdəliyin riskli və ya yalan olması, zərəri əmələ gətirən əməliyyatların əvvəlki yaxın dövrlərdəki eyni adlı əməliyyatlarla müqayisəli təhlili, xüsusilə kütləvi surətdə işçilərin əmək müqavilələrinə xitam verilməsi, ixtisar edilməsi və ya ödənişsiz məzuniyyətə göndərilməsi, cari yaranan zərərin yaranma tarixinə qədər yığılmış mənfəəti olan müəssisələrin hazırkı vəziyyətinin qiymətləndirilməsi, müəssisələrin yaranan cari zərərləri ilə bağlı müraciəti zamanı ehtiyatlarının olması, cari yaranan zərərin gələcək dövrlərdə mütləq yarana biləcək gəlirlərlə bağlanma səviyyəsi, zərər yaranması xatirinə gəlir dövriyyələrinin rəsmiləşdirilməməsi kimi məsələlər araşdırıla bilər. İstənilən halda sahibkar dəymiş zərərin ona ödənilməsi ilə bağlı edəcək müraciətində əks etdirdiyi göstəricilər həm gəlirlər üzrə gizlədilməməli, həm də xərclər üzrə yalan və riskə söykənməklə şişirdilməməlidir”.(FED.az)