Əsgərlərimizin bu qərara münasibəti necə olacaq? – Şair Ramaldanov AÇIQLADI
“Hərbi xidmətdə olan müddətli hərbi qulluqçuların ehtiyata buraxılması müddəti uzanarsa əsgərlərimiz bu qərarı necə qarşılayacaq?”
Bu məsələ ilə bağlı Silahlı Qüvvələrin ehtiyatda olan polkovniki Şair Ramaldanov açıqlama verib.
Həmin açıqlamanı təqdim edirik:
“Nəzərinizə çatdırım ki, vaxt əgər uzadılarsa bir il və ya iki il müddətinə uzadılmayacaq. Müddətli hərbçilərin ehtiyata buraxılması Prezidentin fərmanına görə aprelin 30-na kimidir. Sadəcə mövcud vəziyyətlə müvəqqəti uzadılarsa elə də böyük fərq olmayacaq. Ola bilər ki, mayın əvvəlində də müddəti çatanlar artıq ehtiyata buraxılsın. Yəni onda bu ayla müqayisədə götürsək, 5-10 gün fərq edə bilər. Bildiyiniz kimi, əsgərlərimiz aprelin 1-də buraxılmırdı ki, deyək elə də böyük müddət fərqi var. Virusla bağlı məsələlər tənzimlənsə, məhdudiyyətlər və karantin rejimi bitsə onda, əlbəttə, Milli Məclisin qəbul etdiyi qərar üzrə məsələ həllini tapacaq. Ölkə başçısının fərmanından sonra əsgərlərin ehtiyata göndərilməsi cənab nazirin səlahiyyətinə verilir və bunu nəzərə alaraq o, hələ çağırışın ilk günlərində xidmət etmiş əsgərlərin evə buraxılması haqqında qərar qəbul edə bilər.
O ki qaldı əsgərlərimizə, onların ataları Dağlıq Qarabağ müharibəsində demək olar ki, 1992-ci ildən 1996-cı ilə kimi xidmət ediblər. Bu oğullar da həmin ataların oğullarıdır. Ot kökü üstündə bitər. Mən heç düşünmürəm ki, bu qərar bizim əsgərlərin hansınınsa əhval-ruhiyyəsinə mənfi təsir göstərə bilər. Ona görə ki, virusla əlaqədar hərbi hissələrdə maarifləndirmə tədbirləri olduqca yüksək səviyyədə gedib. Əsgərlərimiz özləri də bilirlər ki, orduya daha çox sağlam əsgərlər lazımdır və onların davamçıları sağlam olmalıdırlar. Bu məhdudiyyətləri nəzərə alaraq risklərin azaldılması üçün dövlət səviyyəsində necə qərar qəbul edilibsə, orduda da həmin formada düzgün qəbul olunub. Əsgərlərimiz bütün bunları tam şəkildə dərk edərək anlayırlar. Hərbi hissələrdə əsgərlər arasında müddətin uzadılması ilə bağlı da heç bir söz-söhbət yoxdur. Əksinə, onlar daha da məsuliyyətlə qaldıqları günlərdə xidmətlərini üstün səviyyədə təşkil edirlər. Hamısı bir nəfər kimi Ali Baş Komandanın yanındadırlar, dövlətimizin, insanlarımızın narahatlığını anlayırlar və hər hansı bir qərarı böyük ruh yüksəkliyi ilə qəbul edirlər. Onlar risk tam bitməyənə qədər orduda xidmət etməyə hazırdırlar.
Azərbaycan əsgəri dərk edir ki, bu Vətən torpağını qoruyub, qoruyur və bundan sonra da qorumağa hazırdır! Onlar düşməndən fərqli olaraq Vətənin bu çətin günlərində gün saymırlar. Bizim əsgərlərimiz torpaqlarımızın işğaldan azad ediləcəyi, zəfər çalacaqları və tarix yazacaqaları günü sayırlar! Amma əminəm ki, erməni əsgərləri gün sayırlar. İnanın mənə ki, əgər bu qərar onlarda verilsə, artıq intihar xəbərlərini eşidəcəksiniz. Çünki onların psixoloji durumu çox ağırdır. Bildiyiniz kimi, artıq onların ordusunda xeyli koronavirusa yoluxma faktları da qeydə alınıb.
Bizdə dezinfeksiya tədbirləri və şəxsi heyətin mütəmadi tibbi müayinədən keçirilməsi, həmçinin bu sahədə lazım olan bütün tədbirlər ən yüksək səviyyədə görüldüyünə görə çox şükür ki, ordumuzda hələ də virusa yoluxma faktı olmayıb. İnşallah, indidən sonra da olmaz. Allah dövlətimizi və ordumuzu qorusun!”(konkret.az)