Koronavirusun bir neçə dərmanı tapıldı – sınaqdan keçirildi
Rusiya Elmlər Akademiyasının mütəxəssislərinin iştirakı ilə koronavirus infeksiyasının müalicəsində istifadə edilə biləcək üç dərman ərsəyə gətirilib.
Bu barədə RİA “Novosti” Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, biotibbi elmlər bölməsinin rəhbəri, akademik Vladimir Çexoninə istinadən məlumat yayıb.
Akademikin sözlərinə görə, bir neçə il əvvəl viruslara qarşı hazırlanan “Triazavirin” dərmanının yalnız tənəffüs orqanları vasitəsilə yoluxan xəstəliklərə qarşı variantı hazırlanıb və bu, Kovid-19 infeksiyasının müalicəsi üçün daha məqbul hesab edilir.
O, bundan əlavə, Yaponiyada Kovid-19-un aid olduğu RNT virusları ilə yoluxmuş infeksiyaların müalicəsi üçün yaradılan “Favipiraviri”nin olduqca təsirli sintez sxemindən bəhs edib.
Rusiya Elmlər Akademiyasının vitse-prezidenti qeyd edib ki, hər iki dərman ixtisaslaşdırılmış müəssisələrdə sınaqdan keçməyə hazırdır.
Akademik heyvanlarda koronavirus infeksiyasının müalicəsi üçün nəzərdə tutulmuş “Fosprenilin” dərmanı əsasında yaradılan “Forteprenin”dən də söz açıb.
“Forteprenin” dərmanına gəlincə, o, kliniki sınaqların bütün mərhələlərini keçib, yəni insanlar üzərində belə sınaqdan keçirilib. Bu preparat qeydiyyat mərhələsindədir, bundan sonra sınaq üçün verilə bilər”, – Çexonin əlavə edib.
Son məlumatlara görə, Rusiyada 1534 nəfər koronavirusa yoluxub. Onlardan 8-i ölüb, 64-ü sağalıb. Dünya miqyasında koronavirus qurbanlarının sayı 33 min 997-yə çatıb.(publika.az)