İcra başçısına arxalananlar Ucarda at oynadır, polis isə göz yumur
Ötən il dekabrın 19 da Prezident İlham Əliyevin sədrliyi ilə ölkədə pambıqçılığın inkişafı ilə bağlı keçirilən müşavirədə ölkə başçısının Ucar rayon İcra Hkimiyyətinin başçısı Mənsur Məmmədova tutduğu iradları hər kəs yaxşı xatırlayar. Xatırladaq ki, Mənsur Məmmədova olunan iradlar başqa bir neçə İcra Hakimiyyəti başçısına da edilmişdi. İcra Hakimiyyəti başçılarının özbaşına əməlləri barədə Prezident İlham Əliyev martın 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edən zaman bir daha səsləndirdi: “Onların dövlət mülkiyyətini talaması, sahibkarları incitməsi, sahibkarlardan pul alması, hər bir təyinata görə pul alması, məktəb direktorlarından, xəstəxanalardan aylıq haqq alması allahsızlıqdır və onlar bu cinayətlərə görə cavab verəcəklər.” Prezident İlham Əliyev onu da xatırlatdı ki, “hamı bilsin ki, məsələ bununla bitməyəcək. Birinci hadisə oldu eşitmədilər, ikinci hadisə oldu eşitmədilər. Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər. Bu proses davam etdiriləcək və hamı üçün də dərs olmalıdır.”
Aktualinfo.org-a Ucar rayon sakini müraciət edərək üzləşdiyi problemi mətbuat vasitəsi ilə Prezident İlham Əliyevin diqqətinə çatdırmaq istəyini bildirir və rayonda baş verən özbaşınalıqların ictimailəşdirilməsini,aidiyyatı qurumların tədbir görməsini istəyir. Rayon sakini Həmidov Sərdar Akif oğlunun sözlərinə görə Ucar rayonun Müsüslü kəndində, dördyol deyilən ərazidə bu yaxınlarında avtomobil təmiri sexi və avtoyuma məntəqəsi açıb. Lakin, üstündən bir müddət keçdikdən sonra həmin ərazidə kafe,avtoservis işlədən Saleh,Namiq,Müsəllif Yusifov qardaşları heç bir səbəb olmadan onunla mübahisə etməyə başlayıblar.Bir neçə gün əvvəl,10 mart 2020 ci ildə isə qardaşlar vətəndaşa hücum edərək döymək istəyiblər. Sərdar Həmidov deyir ki,həmin gün saat 17.00 radələrində DİN 102 xidmətinə zəng etdikdən sonra Ucar rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəldilər,izahatımı aldıqdan sonra tədbir görəcəklərini bildirib getdilər.Artıq bir ay keçməsinə baxmayaraq şikəyətinə baxılmadığını bildirən vətəndaşın sözlərinə görə bu hadisədən sonra qardaşlar daha da aqressivləşib, onu işləməyə qoymurlar. Sərdar Həmidovun sözlərinə görə adıçəkilən qardaşlar hər ay İcra Hakimiyyətində çalışanlara pul verirlər.Onlar işlətdikləri obyektə qanunsuz benzin və dizel yanacağı sataraq yaxşı pul qazanırlar. Bunu da orada hamı çox yaxşı bilir.Sakınlər arasında deyilənlərə görə bu qardaşların arxasında yüksək vəzifəli məmur dayanır və hər cürə özbaşınalıq etməklərinə şərait yaradır. Vətəndaşın döyülməsi və avadanlıqlarının qırılması faktına polisin göz yumması da təəccüb doğurur. Daxili İşlər naziri Vilayət Eyvazovun Ucar rayonunda hüquqları tapdanmış vətəndaşın haqlı tələblərinə polis əməkdaşlarının göz yummasından görəsən xəbəri varmı? Görəsən rayon Polis Şöbəsinin rəisi Eldar Paşayev bu qanunsuzluqlara niyə rəvac verir? Daxili İşlər nazirliyinin 102 xidmətinə zəng edərək şikayətini bildirmiş vətəndaşın müraciəti nə üçün cavabsız qalıb?Nə üçün artıq bir aya yaxındır hüquq mühafizə orqanı olaraq Ucar Polis Şöbəsi tədbir görmür?
Xatırladaq ki, uzun illərdir müxtəlif rayonlarda İcra Hakimiyyəti orqanlarına rəhbərlik etmiş Mənsur Məmmədovun Ucarda nə kimi işlər çevirməsi barədə Aktualinfo.org-da və dövrü mətbuatda çox yazılıb. Ölkə başçısının sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı çağırışlara baxmayaraq, Ucarda nə hüquq mühafizə orqanları,nə də diğər səlahiyyətli qurumlar vətəndaşı birbaşa ölkənin Prezidentinə müraciət etməyə vadar edir. Elə bu rayondan olunan mütəmadı şikayətlər də,Ucarda idarəetmənin heç də günün tələbləri səviyyəsində qurulmadığından xəbər verir. Prezident İlham Əliyevin dediyi kimi, görünür ətrafda baş verənlər Mənsur Məmmədova hələ dərs olmayıb.
Mövzu diqqətimizdədir və yenə qayıdacağıq. Əks tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Aktualinfo.org