Koronavirus mənzil bazarını da “vurdu” – Qiymətlər dəyişdi
Çinin Uhan şəhərində meydana çıxan və dünyanın 199 ölkəsinə yayılan koronavirus təhlükəsi davam edir .
Dövlətlər fövqəladə vəziyyət elan edir, insanlara küçəyə çıxmaq qadağası qoyulur. Azərbaycanda da bir sıra tədbirlər həyata keçirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yayıb. 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilir.
Bakı metrosunun iş vaxtı 5 saat təyin olunub. Həmçinin insanlara məcburiyyət olmadıqca evdən çıxmamağı da tövsiyə edirlər.
Maraqlıdır, bu günlərdə Azərbaycanda mənzilin satış və kirayə bazarındakı vəziyyəti necədir? Ucuzlaşma varmı, yoxsa qiymətlər stabildir?
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli bildirib ki, bazarda canlanmanın olmaması, eyni zamanda qiymətlərin enməsi qaçınılmazdır:
“Hazırda mart ayına aid olan məlumatlar hazır deyil, gələn ay olacaq. Fevral ayında satış və kirayə bazarında ucuzlaşma vardı, mart ayında da bu hal ola bilər. Yaxın 2-3 ay ərzində bazarda vəziyyət mürəkkəb olaraq qalacaq. Bundan sonra bazarda canlanma ola bilər və əvvəlki durumunu istər canlanma baxımından, istərsə də, qiymət baxımından bərpa edə bilər”.
Virusla əlaqədar bir sıra iş yerləri bağlanıb və insanlar iş yerlərini itiriblər. Bununla bağlı olaraq kirayə evlərin boşaldılması tendensiyası varmı sualına cavab olaraq ekspert bildirib ki, hələ ki bu halla qarşılaşmayıblar.
Xatırladaq ki, ötən ay mənzil bazarında qiymətlər 6,82 faiz aşağı düşüb. Mənzilin orta qiyməti 601 manatdan 560 manata enib. Bir kvadratmetri 9,44 manatdan 9,04 manata düşüb, yəni 4,14 faiz qiymət azalması müşahidə olunub.(cebhe.info)