Havalar isindikcə koronavirus məhv olacaqmı? – Dünyanın cavab tapmaq istədiyi sual

Dünyada koronavirusa yoluxanlar və virusdan ölənlərlə bağlı qorxunc rəqəmlər var. Hər gün bu rəqəmlər daha çox artmağa başlayır. İtaliya, İspaniya, Fransa, ABŞ-da vəziyyət qorxunc hala gəlib.

Ümumilikdə isə dünyada virusa yoluxanların sayı 526 min, dünyasının dəyşənlərin sayı isə 23 min 709 nəfəri keçib. Bununla belə, xəstəlikdən sağalanların da sayı az deyil – 122 min nəfər.

Hazırda isə dünyanın cavab tapmaq istədiyi bir sual var – Havalar isindikcə koronavirus məhv olacaqmı?

Qeyd edək ki, bir çox dünya mütəxəssisləri havaların isti keçməsi ilə virusun zamanla məhv olacağını bildirir. Lakin bu fikrin əksini söyləyənlər də az deyil.

ABŞ-ın “Cekson Laboratoriyası İnstitutu”nun məşhur türkiyəli professoru Derya Unutmaz bu barədə ilginc açıqlamalar verib. O, bildirib ki, yeni tip koronavirusdan ölənlərin sayı heç də 2000-ci illərdə yayılan SARS virusundan ölənlərin sayından çox deyil. Lakin koronavirusa yoluxma daha kütləvidir. Unutmazın sözlərinə görə, koronavirus SARS virusuna bənzəyir, lakin fərqli şəkildə yayılır:

“Koronavirus SARS və MERS virusları qədər ölümcül deyil. Həmin viruslara görə, ölüm 100/30 civarındadır. Lakin koronavirus olduqca yoluxucudur və bu virusun əslində nə olduğunu və necə yoluxduğunu hələ də öyrənməyə çalışırıq”.

Unutmaz havaların isinməsi ilə koronavirusun məhv olacağına dair iddialar olduğunu, lakin bunu sübut edən dəillər olmadığını vurğulayıb. Professor həmçinin bir çox ölkələrin koronavirusu yetərincə ciddi qəbul etmədiyini, bu səbəbdən ona qarşı vaksin hazırlıqlarına gecikdiklərini bildirib: “Hazırda ən yeksək texnologiyaya malik kompüterlərlə on minlərlə test aparılır. Virusa qarşı yaradılacaq vaksin üçün ən optimal dövr bir ildir. Koronavirus hazırda çox kiçik ölçülərdə mutasiyaya uğrayır ki, bu da çox gözəl xəbərdir”.

Xatırladaq ki, bu mövzu ilə bağlı tanınmış həkim, fitoterapevt, ixtisasca infeksionist olan Füzuli Hüseynov “Yeni Müsavat”a danışarkən bildirmişdi: “Xəstəliyin hansı dərəcədə yayılma formasına diqqət etmək lazımdır. Məlum olduğu kimi, bu virus insandan insan birbaşa təmas yolu ilə keçə bilir. Otaqda xəstə insan asqıranda onda olan viruslar hava vasitəsi ilə hər yerə yayılır, o cümlədən ətrafımızdakı əşyalara hopur. Hər bir virusun da yaşama müddəti var. Məsələn, hava soyuq olanda virus bir taxta üzərində 1-2 gün yaşaya bilirsə, havanın temperaturu 25 dərəcəni keçdikdən sonra 15 dəqiqəyə tamamilə məhv olur. Hətta temperatur 35 dərəcəyə qalxdıqda, 2-3 dəqiqəyə məhv olurlar. Beləliklə, havanın temperaturu artdıqca ətrafdan gələn virus həddindən artıq azalacaq”.

Həkim qeyd edib ki, virus insandan insana keçirsə, burada havanın temperaturunun o qədər də önəmi yoxdur: “Amma isti havada əhatəmizdə olan əşyalardan bizə virus keçməsi sıfıra enir. Məsələn, insanların kütləvi olduğu yerdə havanın temperaturu 40-45 dərəcə olsa belə, burada insan-insana keçmə ehtimalı böyükdür.

Beləliklə, soyuq hava mühitində viral infeksiyaların yayılma sürəti çoxdur. Yay mövsümündə isə koronovirusun yayılması çox nadir hallarda baş verir. Bu da əsasən insanların çox sıx olduğu yerlərdə baş verə bilir. Əgər yayda insanların toplum olduğu yerlədən mümkün qədər uzaqlaşsaq, özümüzü sığortalamış olarıq”.(musavat.com)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password