Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarəti fəaliyyəti gücləndirilmiş iş rejimində həyata keçirilir.
Ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sərhədçiləri dövlət sərhədindən buraxılış məntəqələrində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydada sanitar-karantin və digər rejim tədbirlərinin həyata keçirilməsini təşkil edir və “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev martın 25-də “Samur” dövlət sərhədinin buraxılış məntəqəsinə səfər edib və Rusiya Federasiyasından avtomobil yolu ilə ölkəyə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının sanitar-karantin tədbirlərinə cəlb olunmasının təşkili vəziyyətini yoxlayıb.
Dövlət sərhədindən buraxılış məntəqəsində rejim tədbirlərinin təşkili, o cümlədən ölkəyə gələn vətəndaşlar üzərində sərhəd və gömrük nəzarətinin həyata keçirilməsi, həmin şəxslərin hərarətinin ölçülməsi və digər sanitar-karantin tədbirlərinə cəlb edilmələri vəziyyəti yoxlanılmış, xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin tibbi təxliyəsi tədbirləri nəzərdən keçirilib.
Ölkə ərazisinə gələn və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi səhra hospitalında ilkin müayinələrə cəlb olunan vətəndaşlarla görüş keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində görülən işlər haqqında onlara geniş məlumat verilib, vəziyyətləri ilə maraqlanıb, xahiş və müraciətləri dinlənilib.
Karantində saxlanılacaq şəxslərin qalması üçün ayrılmış yerlərə və yaradılmış şəraitə, həmin şəxslərin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinə baxış keçirilib.
Dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilmib, zəruri tapşırıq və göstərişlər verilib.
Səfər çərçivəsində Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin rəhbəri general-leytenant Aleksey Buyerov ilə işçi görüş keçirilmiş, Azərbaycan Respublikası və Rusiya Federasiyası vətəndaşlarının sərhədkeçmə prosedurlarının və nəqliyyat vasitələrinin yoxlanışlarının tezləşdirilməsi, şəxslərin dövlət sərhədindən hərəkətinin müvəqqəti olaraq yalnız “Samur” (AR) – “Yaraq-Qazmalar” (RF) dövlət sərhədindən buraxılış məntəqəsindən, avtomobil nəqliyyat vasitələrinin isə “Samur” və “Xanoba” dövlət sərhədindən buraxılış məntəqələrindən həyata keçirilməsi məsələləri müzakirə olunub.