Şair Ramaldanov: “Dağlıq Qarabağda döyüş mövqelərinə mülki şəxsləri çıxarmaqdan başqa düşmənin əlacı qalmayıb”

Azərbaycan Ordusu nəinki bütün təxribatların qarşısını layiqincə almağa və düşmənə sarsıdıcı zərbələr vurmağa, hətta bu gün işğal altındakı torpaqlarımızı azad etməyə qadirdir.

 Bunları qoşunların təmas xəttindəki son vəziyyəti şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, erməni xalqı və erməni əsgəri Baş nazir Nikol Paşinyanın populist çıxışlarının əsirinə çevrilib. Xalq arasında nüfuzunu tamamilə itirmiş hərbi-siyasi rejim koronavirus infeksiyasının tüğyan etdiyi Ermənistanda əhalini sakitləşdirmək, iqtisadi böhrandan diqqəti yayındırmaq üçün cəbhə xəttində uğursuz cəhdlərə əl atır.

“Bu gün düşmənin hər bir hərəkətinə ordumuz tərəfindən nəzarət edilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun cəbhə xəttində yerləşən hərbi hissələrə müntəzəm səfərləri, yerində vəziyyətlə tanış olaraq müvafiq tapşırıqlar verməsi şəxsi heyətin mənəvi-psixoloji ruhunu və döyüş əzmini daha da artırır. Qarşı tərəfdə isə vəziyyət günü-gündən pisləşməkdə davam edir”, – deyə Ş. Ramaldanov bildirib.

O həmçinin əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrində xidmət şəraitinin acınacaqlı olaraq qalır. Nizamnamədən kənar münasibətlər nəticəsində əsgərlərin xidmət yerini özbaşına tərk edərək müxtəlif yollarla Ermənistan istiqamətində qaçmalarının qarşısının alınması məqsədilə müvafiq yerli strukturlar tərəfindən əməliyyat tədbirləri keçirilir: “Ümumiyyətlə, Dağlıq Qarabağda döyüş mövqelərinə mülki şəxsləri çıxarmaqdan başqa düşmənin heç bir əlacı qalmayıb. Belə ki, əsgər çatışmazlığı səbəbindən döyüş mövqelərinin gücləndirilməsi məqsədilə Dağlıq Qarabağda yaşayan mülki şəxslərdən istifadə edilir. Onlar isə əksər hallarda komandanlığın əmrlərinə tabe olmurlar. Azərbaycan Ordusunun bölmələri tərəfindən həmin postlara cavab atəş zərbələri endirilən zaman mövqeləri tutmaq əvəzinə, sığınacaqlara girərək oradan çıxmaqdan imtina edirlər”.

Ş. Ramaldanov qeyd edib ki, düşmənin son təxribat cəhdi vasitəsilə atəşkəs rejimini pozmasının arxasında bir sıra səbəblər dayanır. Birinci səbəb yuxarıda qeyd etdiyim məsələlərdir. İkinci səbəb isə, koronavirus infeksiyasından Ermənistan ordusunda ölənləri ictimaiyyətdən gizlətmək niyyətidir. Buna nə qədər cəhd göstərsələr də xeyri olmayacaq.

“Son diversiya aktına cəhd bir də onu göstərir ki, Ermənistan Müdafiə Nazirliyi Orduda  real vəziyyətdən bixəbərdir və mövcud şəraitə nəzarət edə bilmir. Son günlər düşmən ordusunun rəhbərliyinin guya hərbi hissələrdə olması, vəziyyəti yoxlaması, eyni zamanda dünyanı bürüyən koronavirusla mübarizə tədbirləri həyata keçirməsi barədə erməni mətbuatında yer alan məlumatlar gözdən pərdə asmaqdan başqa bir şey deyildir. Ermənistan ordusunun yüksək vəzifəli şəxsləri belə ucuz yollarla xalqın diqqətini işğalçı orduda hökm sürən nöqsanlardan, problemlərdən yayındırmağa çalışar. Əgər bu belə olmasaydı onda onların heç olmasa baş verən hadisədən və ortalıqda qalan əsgərlərinin cəsədindən xəbərləri olardı və bunu etiraf etməyə cürətləri çatardı.

Azərbaycan Ordusunun bölmələri bütün cəbhə boyu daim döyüş hazırlığı vəziyyətindədir, əməliyyat şəraitinə tam nəzarət edir. Hər hansı bir təxribata  qarşı Azərbaycan Ordusu həmin anda dəqiq cavab verməyə hazırdır. Əgər münaqişənin sülh yolu ilə həlli mümkün olmayacaqsa, Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq, Ali Baş Komandanın əmri ilə düşmən üzərində tam qələbə çalmağa qadirdir”, – deyə ehtiyatda olan polkovnik əlavə edib.(apa.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password