Vüqar Bayramov: Azərbaycan dövləti ölkənin və əhalinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edir
Azərbaycan dövləti ölkənin və əhalinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edir. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması ondan xəbər verir ki, koronavirusun iqtisadiyyatımıza təsirlərinin minimumlaşdırılması Azərbaycan hökuməti üçün növbəti mərhələlərdə də prioritet olacaq.
Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və bu fondun hesabına dövlət büdcəsindən 1 milyard manat vəsaitin köçürülməsi birmənalı şəkildə Azərbaycan Prezidentinin vətəndaşlara qayğısını nümayiş etdirir:
“Bu, eyni zamanda Azərbaycan Prezidentinin koronavirusun həm sahibkarlara, həm də ölkə vətəndaşlarının fəaliyyətinə göstərdiyi təsirlərin minimumlaşdırılması ilə bağlı siyasi iradəsini bir daha ortaya qoyur. Bu, ondan xəbər verir ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xəttini məhz vətəndaşlarımızın təhlükəsizliyi və onların sosial təminatının gücləndirilməsi təşkil edir”.
V.Bayramov deyib ki, koronavirusun təsirlərinin minimumlaşdırılması ilə bağlı həyata keçirilən məhdudlaşdırıcı tədbirlər fərqli sektorlarda, o cümlədən turizm, xidmət, ictimai iaşə, nəqliyyat və loqistika sektorlarında çalışan sahibkarların fəaliyyətinə mənfi təsir göstərir:
“Koronavirusun təsiri nəticəsində xidmət, ictimai iaşə və turizm sektorunda çalışanların gəlirlərində azalmalar müşahidə olunur. Bu baxımdan yeni fondun formalaşmasında məqsəd sahibkarlara və vətəndaşlara dəyən ziyanın minimumlaşdırılması, onlara dövlət dəstəyinin daha da gücləndirilməsidir. Sahibkarlara dəyən ziyanın qiymətləndirilməsi ilə bağlı yaradılan işçi qrup fərqli sahələrdə çalışan sahibkarların fəaliyyətinə mənfi təsirlərin minimumlaşdırılması ilə bağlı fəaliyyət göstərir”.
V.Bayramov əlavə edib ki, yalnız sahibkarlara deyil, məşğul əhaliyə dəyən ziyanın aradan qaldırılması da əsas prioritet məsələlərdəndir:
“Bu baxımdan işçi qruplardan birinin məhz məşğulluğa ünvanlanması, məşğulluq sahəsində koronavirusun təsirlərinin yaratdığı mövcud çətinliklərin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur”.
Deputat qeyd edib ki, yeni iş yerlərinin yaradılması üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin artırılması, sosial iş yerlərinin yaradılması da hədəf olaraq qalır.
V.Bayramov Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın proseslərə çevik reaksiya verməsini təqdirəlayiq hesab edir:
“Bu, ondan xəbər verir ki, bütövlükdə bu siyasətin məqsədi koronavirusun ölkəmizə, vətəndaşlarımıza təsirlərinin minimumlaşdırılmasına nail olmaqdır. Nazirlər Kabineti sahibkarlar üçün yeni dəstək paketi hazırlayır. Dəstəyin gücləndirilməsi ilə bağlı təkliflərdə də məhz fərqli sektorlarda fəaliyyət göstərən sahibkarlar üçün yeni dəstək mexanizminin tətbiqi nəzərdə tutulur. Koronavirusun Azərbaycan sahibkarlarına, eləcə də vətəndaşlarımıza təsirlərinin minimumlaşdırılması əsas hədəfdir”.