Kirayə mənzil ikinci şəxsə kirayə verilə bilər – Bu nə qədər doğrudur?
İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzil sahiblərinə bu hüququ verməkdə məqsədi nədir?…
Əmlak üzrə ekspert: “Mənim subyektiv mövqeyimə görə əslində kirayə mənzilin başqa şəxsə kirayə verilməsi doğru deyil”.
“Qanun imkan verir ki, uzunmüddətli satmaq öhdəliyi ilə kirayə verilən mənzili sahibi başqa şəxsə kirayə verə bilsin”.
Bu sözləri Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı kirayə mənzillərin başqasına kirayə verilməsini şərh edərkən qeyd edib.
İpoteka və Kredit Zəmanət Fondunun Baş direktoru İlham Kələşov deyib ki, vətəndaşlar kirayə mexanizmi çərçivəsində əldə etdikləri mənzilləri subkirayə üsulu ilə kirayəyə də verə bilərlər. Bunun üçün fondun razılığı əldə olunmalıdır.
Baş direktor vurğulayıb ki, bu mənzillər üzrə hüquqlar 3 ildən sonra başqa bir şəxsə ötürülə də bilər.
Kirayə müddətində mənzillər əmlak sığortası ilə də təmin edilir. Sığorta xərcləri fondun vəsaiti hesabına ödənilir. Vətəndaşlar sözügedən mənzilləri öz istəklərinə uyğun şəkildə təmir də etdirə bilərlər.
İlham Kələşov vurğulayıb ki, kirayə mənzil üçün 5441 nəfər müraciət edib. Dünəndən etibarən isə vətəndaşlardan sənədlərin qəbuluna başlanıb.
Mənzillərin seçimi başa çatdıqdan sonra kirayə müqavilələrinin rəsmiləşdirilməsi həyata keçiriləcək. Bəzi vətəndaşların bu ayın sonuna kimi yeni mənzillərinə köçəcəyi gözlənir.
Bəs kirayə mənzilin kirayə verilməsi nə qədər doğrudur və fondun bu hüququ verməkdə məqsədi nə ola bilər?
Mövzunu əmlak üzrə ekspert Ramil Osmanlı ilə müzakirə edib.
Ramil Osmanlı: “Bu mənzilin kirayə verilməsi haqqında qanunvericilikdə belə bir məhdudiyyət yoxdur”.
Kirayə mənzillərin kimin daha çox ehtiyacı var ona verilməli olduğunu xatırladan ekspert açıqlamasında əlavə edib ki, bu mənada məsələ ətrafında müzakirə gedə bilər və sosial layihənin ösasnaməsində müəyyən dəyişikliklər ola bilər:
“Kirayə mənzillərin ikinci şəxslərə kirayə verilməsi qanunvericilikdə nəzərdə tutulan məsələdir. Yəni qanun imkan verir ki, uzunmüddətli satmaq öhdəliyi ilə kirayə verilən mənzili sahibi başqa şəxsə kirayə verə bilsin.
Sadəcə olaraq bu məsələdə bir çox yanaşmalar var. Məlumdur ki, kirayə mənzillər kimin daha çox ehtiyacı var ona verilməlidir. Bu mənada hesab edirəm ki, məsələ ətrafında müzakirə gedə bilər və müəyyən dəyişikliklər ola bilər.
Ramil Osmanlı: “Fond hesab edir ki, qanunda müəyyən dəyişiklik olsa, bu zaman tələbi qarşılamaq mümkün olmayacaq”.
Amma fond hesab edir ki, bu zaman tələbi qarşılamaq mümkün olmayacaq. Kirayə mənzillərdə tələbi formalaşdıran müəyyən kateqoriya var ki, həmin kateqoriya aradan qalxacaq. Bu istiqamətdə müəyyən ilkin müzakirələr gedir.
Mənim subyektiv mövqeyimə görə əslində kirayə mənzilin başqa şəxsə kirayə verilməsi doğru deyil. Amma nəzərə alınmalıdır ki, bu mənzilin kirayə verilməsi haqqında qanunvericilikdə belə bir məhdudiyyət yoxdur”.(pia.az)