ABŞ İrana bağlı hərbi qüvvələrə hava zərbələri endirir – İraqda genişmiqyaslı əməliyyat

ABŞ Bağdad yaxınlığında Qərb qüvvələrinin yerləşdiyi baza ölümcül hücuma məruz qaldıqdan sonra İraqda fəaliyyət göstərən iranyönlü silahlılara hava zərbələrinin endirilməsinə başlayıb.

ABŞ hərbiyyəsi martın 12-də verdiyi bəyanatda bildirir ki, Kətaib Hizbullah qruplaşmasının İraq boyunca obyektlərinə dəqiq zərbələr endirilir. Bəyanatda deyilir ki, zərbə endirilən anbarlarda saxlanan silahlardan İraqdakı ABŞ və koalisiya qüvvələrinə hücumlarda istifadə edilirdi.

Bu da qeyd olunur ki, müdafiə xarakterli və proporsional zərbələr şiə silahlı qruplarının yaratdığı təhlükəyə bilavasitə cavab olaraq endirilib. ABŞ rəsmilərindən biri “Associated Press” agentliyinə deyib ki, zərbələr ABŞ-Britaniya birgə əməliyyatının gedişində endirilir.

Bu xəbər dərc ediləndə aviasiya zərbələrinin endirilməsi davam edirdi. Bundan əvvəl ABŞ müdafiə naziri Mark Esper, martın 11-də koalisiya qüvvələrinin İraqda, Bağdadın 30 kilometrliyindəki Kemp Taci hərbi bazasına hücuma görə İrana bağlı şiə silahlı qruplaşmalarını ittiham etmişdi.

Nazir demişdi ki, Vaşinqton iki Amerika və bir Britaniya hərbçisinin ölümü ilə nəticələnmiş bu hücuma cavab variantlarını götür-qoy edir və bütün variantlar masa üstündədir. Bu hücumdan sonra ABŞ hərbçiləri Kemp-Taci bazasının bir neçə kilometrliyində üzərində Katyuşa raket qurğusu olan yük avtomobilini aşkar etmişdilər.

Mark Esper martın 12-də, ABŞ və Britaniya təyyarələrinin hava zərbələrinin davam etdiyi bir vaxtda bildirib ki, Birləşmiş Ştatlar “bizim adamlarımıza, maraqlarımıza və müttəfiqlərimizə edilən hücumlara dözümlülük göstərməyəcək”.

Bundan əvvəl qonşu İraqda ABŞ-ın koalisiya qüvvələri üzərinə hücumun ardınca Suriyanın şərqinə endirilmiş hava zərbələrindən İranın dəstəklədiyi İraq yaraqlı qruplaşmasının 26 döyüşçüsünün həlak olduğu xəbər verilmişdi.

Britaniyada mənzillənmiş Suriya İnsan Haqları Müşahidə qrupu martın 12-də bildirib ki, sərhəddəki Albu Kamal şəhəri yaxınlığına zərbənin ABŞ koalisiyası tərəfindən endirildiyi ehtimal edilir.

Lakin koalisiyanın sözçüsü AFP agentliyinə verdiyi bəyanatda koalisiyanın ötən gecə Suriya və İraqda heç bir hava zərbəsi endirmədiyini deyib. Suriya dövlət mediası bildirir ki, Albu Kamal şəhərinin cənub-şərqinə naməlum təyyarələr tərəfindən endirilmiş zərbələr yalnız maddi ziyanla nəticələnib. (azadliq.org)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password