Şəhid əsgər Cəlilabadda,doğulduğu kənddə dəfn edilib

Ötən gün Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olarkən düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadənin nəşi doğulduğu Cəlilabad rayonunun Cəfərxanlı kəndinə gətirilib.

Şəhidlə vida mərasimi başa çatandan sonra onun cənazəsi Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən qəbiristanlığa gətirilib və burada torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin əməkdaşları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, martın 5-də saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password