Mirzə Cəlil haqqında filmin premyerası olub
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, fevralın 28-də Nizami Kino Mərkəzində “Mirzə Cəlilin Azərbaycanı” adlı sənədli filmin premyerası olub.
Tədbirdə filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Nadir Bədəlov çıxış edərək ekran əsəri barədə fikirlərini bölüşüblər. Bildirilib ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm”də lentə alınıb.
Qeyd edilib ki, Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar lentə alınan filmin çəkilişləri ədibin dünyaya gəldiyi Naxçıvanda, Nehrəm kəndində, Ağcabədi rayonunda və Qori şəhərində aparılıb. Süjetlər əsasən Mirzə Cəlilin əsərlərinin motivləri və personajları üzərində qurulub. Filmə C.Məmmədquluzadə yaradıcılığının əsas hadisəsi olan “Molla Nəsrəddin” jurnalı ilə bağlı maraqlı faktlar da daxil edilib.
Diqqətə çatdırılıb ki, ekran əsərinin növbəti təqdimatı martın 3-də Gürcüstanda olacaq.
Sonra film nümayiş olunub.
Qeyd edək ki, filmin prodüseri Nazim Hüseynov, operatoru Elxan Rüstəmovdur.