Kirayə yolu ilə mənzil sahibi olmaq istəyənlərin nəzərinə
İpoteka və Kredit Zəmanət Fondu bildirir ki, “Elektron ipoteka və kredit zəmanət sistemi”nin (EİKZS) kirayə mənzil modulu elektron kabinetin yaradılması və elektron müraciətin formalaşdırılması üçün vətəndaşların istifadəsinə açıqdır.
Elektron müraciətlərin qəbulu və baxılması aşağıdakı mərhələlər üzrə həyata keçirilir:
– Vətəndaşlar ilkin mərhələdə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya Asan imza) istifadə etməklə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən EİKZS-də elektron kabinet yaradır və elektron müraciətini formalaşdırır.
– EİKZS-də elektron kabinetə malik olan və müraciətini formalaşdıran vətəndaşların elektron kabinetində müraciətlərin qəbuluna başlanması vaxtı barədə bildiriş yerləşdirililir və SMS məlumat verilir.
– Elektron kabinetdə bildiriş yerləşdirildikdən sonra vətəndaşlar eyni elektron kabinetdə müəyyən olunmuş vaxtda elektron müraciəti göndərir. Elektron müraciət avtomatik qeydə alınır və onlara növbə təyin edilir.
– Növbəlilik əsasında vətəndaşa EİKZS vasitəsi ilə sənədlərin qəbulu tarixi təyin edilir. Qeyd edək ki, sənədlərin qəbulu prosesi 2 saylı Bakı “ASAN Kommunal” və Sumqayıt “ASAN Xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcəkdir.
Vətəndaşların nəzərinə çatdırırıq ki, EİKZS vasitəsi ilə yaşayış sahəsini seçmək imkanı yalnız Fond tərəfindən müraciətə baxıldıqdan və razılıq barədə qərarın qəbul edilməsindən sonra yaranır.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.
Eyni zamanda, vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.