Fevralın 27-də Bakı Slavyan Universitetində (BSU) koronavirus xəstəliyi və icbari tibbi sığorta ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə BSU-nun müəllimləri, tələbələri və əməkdaşları iştirak ediblər.
BSU-nun Mətbuat Xidmətindən Aktualinfo.org-a verilən məlumata görə tədbiri giriş sözü ilə açan BSU-nun Tərbiyə işlər üzrə prorektoru, dosent Xanım Sultanova bildirib ki, hazırda respublikamızda koronavirus xəstəliyi və icbari tibbi sığorta ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bizim BSU-da keçirdiyimiz bu tədbir də müəllim və tələbələrin maarifləndirilməsinə, onların məlumatlarının genişləndirilməsinə xidmət edir.
Sonra çıxış edən 2 nömrəli Tələbə Poliklinikasının həkimi Məhbubə Şükürova hazırda koronavirus xəstəliyinə qarşı bütün dünyada, o cümlədən Azərbaycanda müvafiq tibbi-profilaktik tədbirlərin reallaşdırıldığını bildirib və bu mövzunun cəmiyyət üçün aktual olduğunu vurğulayıb. Məhbubə Şükürovanın çıxışında koronavirus xəstəliyinin səbəbləri, əlamətləri və bu xəstəlikdən qorunma üsulları, şəxsi gigiyena qaydalarına ciddi əməl edilməsinin vacibliyi öz əksini tapıb.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsul əməkdaşı Pərvin Baxşəliyva ölkəmizdə icbari tibbi sığorta sahəsindəki mövcud qanunvericilik bazası, icbari tibbi sığorta sisteminin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi, aidiyyəti dövlət təşkilatlarının bu istiqamətdə həyata keçirdikləri işlər barədə geniş məlumat verib.
Tədbirin sonunda tələbə və müəllimləri maraqlandıran suallar cavablandırılıb.