Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Hazırda Azərbaycanda karantində saxlanılan şəxslərin heç birində koronavirus aşkarlanmayıb, onlar sadəcə nəzarətdədirlər.
Bunu açıqlamasında Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev bildirib. Onun sözlərinə görə, insanların təşvişə düşməsi üçün əsas yoxdur, çünki ölkəmizdə virusa rast gəlinməyib.
“Əmin ola bilərsiniz ki, respublikanın ərazisində xəstə aşkar olunarsa, birinci bunu mən televiziyalar vasitəsilə deyəcəyəm. Amma bu dəqiqə ölkədə koronavirusa yoluxma halı yoxdur. Virusa yoluxmağa yalnız laborator üsulla diaqnoz qoymaq mümkündür. O da Azərbaycanda xüsusi təhlükəli infeksiyalarla mübarizə şöbəsindədir. Laboratoriyamız müasir standartlara cavab verir. Heç kim narahat olmasın, hazırda bizdə belə bir təhlükə yoxdur”.