İtaliya Azərbaycan sahibkarları üçün Avropada əsas bazarlardan biri ola bilər – Vüqar Bayramov
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Belə ki, rəsmi statistikaya görə, İtaliya-Azərbaycan arasında ticarət dövriyyəsi 6 mlrd. avrodan çoxdur və bu, ölkəmizin ümumi ticarət dövriyyəsinin beşdən birini təşkil edir. Eyni zamanda əvvəlki dövrlərə diqqət yetirsək, görərik ki, son illər İtaliya Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində artım var. Əsasən son üç ildə bu rəqəm 4,7 mlrd avrodan 6,2 mlrd. avroya qədər dəyişib ki, bu da ticarət dövriyyəsinin həcminin artmasından xəbər verir.
Bunu iqtisadçı ekspert Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya fevralın 19-da baş tutan səfərini şərh edərkən deyib.
Ekspert vurğulayıb ki, Azərbaycan-İtaliya arasında ticarət dövriyyəsi daha çox enerji əməkdaşlığı üzərində formalaşıb: “İtaliya Azərbaycandan neft məhsullarını alan əsas Avropa ölkəsidir. Bununla yanaşı, təbii ki, Azərbaycan növbəti mərhələdə Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya bazarına mavi qaz nəql edəcək. Həmçinin TAP kəməri vasitəsilə Avropa bazarına birinci mərhələdə ildə 10 mlrd. kub metr, ikinci mərhələdə ildə 20 mlrd. kub metr mavi qazın nəql edilməsi nəzərdə tutulub”.
V.Bayramovun sözlərinə əsasən, Azərbaycan-İtaliya arasındakı əməkdaşlığın ölkə Prezidentinin son səfərindən sonra məhz daha çox qeyri-neft sektoru istiqamətində inkişaf edəcəyi gözlənilir: “Təbii ki, ölkə Prezidentinin iştirakı ilə bu gün İtaliya-Azərbaycan biznes forumunun keçirilməsi də birbaşa qeyri-neft sektorunda, enerjidən kənar sahələrdə iki ölkə arasındakı strateji əməkdaşlığı gücləndirməkdən ibarətdir.
Qeyd edək ki, Avropa 500 mln istehlakçısı olan alıcılıq qabiliyyətinə görə dünyanın ən böyük bazarıdır. İtaliya isə Azərbaycan sahibkarları üçün qeyri-neft məhsullarını ixrac etmək baxımından Avropada əsas bazarlardan biri ola bilər.
Eyni zamanda İtaliyadan xarici investisiyanın cəlb edilməsi, birgə yeni layihələrin və proqramların reallaşdırılması bu gün müzakirə edilən məsələlərdən biridir.
Bu baxımdan Azərbaycan Prezidentinin İtaliyaya səfəri iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirməklə yanaşı, həm də İtaliya-Azərbaycan əməkdaşlığının qeyri-neft sektoru üzrə inkişaf etməsinə, ölkələrin enerjidən kənar sektorlar üzrə əməkdaşlığının genişlənməsinə imkan verəcək. Bu, təbii ki, həm də qeyri-neft sektoruna xarici investisiyanın cəlb edilməsi baxımından vacib hesab olunur. Eyni zamanda bu, İtaliyanın Azərbaycan sahibkarları üçün yeni bazarlardan biri kimi çıxış edə biləcəyi anlamına gəlir”.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət səfərinə gedib.
Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Kontenin geniş tərkibdə görüşü başa çatandan sonra Azərbaycan-İtaliya sənədlərinin mübadiləsi mərasimi oldu.
Azərbaycanın dövlət başçısının səfəri çərçivəsində fevralın 21-də İtaliya-Azərbaycan Biznes Forumu da baş tutacaq. Bu tədbirin iqtisadi tərəfdaşlığa ciddi impuls verəcəyi qeyd olunur.