Camal Zeynaloğlu- Aqil yanğısı (esse)

                                                                                     

     Quliyev Aqil Sahib oğlu

                                                                 

                                                                                       AQİL YANĞISI

                                                                                           (esse)                                

 

 

                                                                                                                         Azərbaycanın Milli Qəhrəmanı Aqil   

                                                                                                                         Quliyevin əziz xatirəsinə ithaf edirəm. 

 

 Qəhrəmanlarımız, şəhidlərimiz xalqımızın qürur mənbəyidirlər. Hər bir xalqı onun qəhrəman övladları və şəhidləri ilə tanıyırlar. Qəhrəmanlarımız “Öncə Vətəndir!” şüarının daşıyıcılarıdır. Mübariz İbrahimov və Əlif Hacıyev, Allahverdi Bağırov və Çingiz Mustafayev, Tahir Bağırov və Səfiyar Behbudov, Yelmar Edilov və Elşad Əhədov, Əliyar Əliyev və Rövşən Əliyev, Fikrət Hacıyev və Məhəmməd Həsənov, Səyavuş Həsənov və Fərhad Hümbətov, Əfqan Hüseynov və Şahlar Hüseynov, Tofiq Hüseynov və Təbriz Xəlilbəyli, İlqar İsmayılov və Muxtar Qasımov, Asif Məhərrəmov və Şirin Mirzəyev, Koroğlu Rəhimov və Canbulaq Rzayev, Fəxrəddin Musayev və Yusif Mirzəyev, Şikar Aslanov və Şikar Şikarov, Şahlar Şükürov və Yavər Əliyev, Aqil Quliyev kimi. 

 Bu igidlər canlarını vətən yolunda qurban dedilər. Şəhidlik zirvəsinə yüksəldilər. Sinəsini düşmən qülləsinə sipər edən oğullar son anda “Təki Vətən sağ olsun!” deyərək qanlarıyla doğma yurdun müqəddəs torpağını suladılar. Suladılar ki, onlardan sonra neçə-neçə igid bu diyardan, bu torpaqdan doğulub onların intiqamını alsın…  

Aqil də belə etdi. Yarasından doğma torpağa axan qanı gördükcə, gözlərində mənfur düşmənə qarşı nifrəti son həddə çatdı. Döyüşçü yoldaşları – İlqar, Cabbar, Hafiz komandirləri Aqili nəyin bahasına olur-olsun, mühasirədən çıxarmalı idilər. Amma düşmən hər tərəfi havadarlarının köməyi ilə elə kəsmişdilər ki, bu qanlı səddi aşmaq heç cür mümkün deyildi. Onlar son güllələrinə qədər döyüşdülər. Amma Aqilin döyüşçü dostları fikirlərində israrlıydılar. On bir nəfərdən cəmi dördü sağ qalmışdı, onlar da yaralıydılar. Hər tərəfdən güllələr dolu kimi onların üzərinə yağırdı. Amma döyüşçülər Aqili sürünə-sürünə də olsa, mühasirədən çıxarmağa çalışırdılar. Aqilin hər iki ayağı düşmən gülləsinə tuş gəlmişdi. Hafizlə Cabbar ağır yaralı olmalarına baxmayaraq komandirlərinin qoluna girərək yavaş-yavaş Kətik kəndi istiqamətində sürünürdülər. Amma Kətiyə çata bilmədilər. Arxadan atılan güllələr Cabbarla Hafizin həyatına son qoydu. İlqar isə onlardan öncə əbədiyyətə qovuşmuşdu. Güllələrdən biri də yenə də arxadan Aqilin kürəyinə dəymişdi. Aqil yerdə cansız uzanmış döyüşçü yoldaşlarını görəndə, qəzəbindən dəli bir nərə çəkdi. Bu qorxunc bağırtının əks-sədası Xocalını da titrətdi. Bu məqamda Xocalı anladı ki, hər zaman onun harayına yetişən igid – cəsur və qorxmaz oğulu hazırda dardadır. Amma həmin anda elə Xocalının özü də can üstündə idi. Yaralı aslan bir anlığa dərindən nəfəsini dərib geri, son dəfə Xocalıya tərəf boylandı. Kömək yolu gözləyən, lakin köməksiz qalan şəhərin özü də od tutub yanırdı. Aqil ömründə heç vaxt özünü bu qədər aciz və çarəsiz hiss etməmişdi. O, indi doğma Xocalının harayına yetə bilmədiyi üçün xəcalətindən üzünü ağ örpəyli torpağa qoyub göz yaşları axıtdı. Bir anlığa olub-keçənləri – Xocalıyaqədərki həyatını, doğulduğu yeri – Urud kəndini, Bakıya gəlib Neft Akademiyasına qəbul olmasını, daha sonra Xarkov Ali Milis məktəbinə, daha sonra isə Xarkov Ali Hərbi Məktəbinə daxil olmasını, Vətənin dar günündə özünü onun harayına çatdırmasını, atası Sahibi, anası İfratı, qardaşlarını – Nəsimini, Azəri, Validi, Rahibi, bacıları – Sevda və Rəmziyyəni, həyat yoldaşını və  yeganə ciyərparəsi olan balaca Səbinəni və bir də buraqədərki döyüş yolunu xatırladı… 

                                                                                              *** 

 1963-cü il sentyabrın 19-da Qərbi Azərbaycanın Zəngəzur dağlarının qoynunda yerləşən Sisyan rayonunun Urud kəndində dünyaya göz açan Aqil Quliyev orta məktəbməzunu kimi ali təhsil almaq üçün Bakıya üz tutdu. O, 1980-ci ildə Azərbaycan Neft Akademiyasının axşam şöbəsinə qəbul olundu. Üçüncü kursda olarkən hərbi xidmətə çağırıldı və hərbi xidməti başa vurduqdan sonra Xarkov Ali Milis Məktəbinə daxil olur. Aqil məktəbi fərqlənmə diplomu ilə bitirib, 1988-ci ildə Milli Ordu qərargahına gələrək hərbi xidmətə yazılır və Ağdam bölgəsinə göndərilərək rota komandiri təyin edilir. Onun hərbi peşəsinə olan marağı və bacarığını görən Azərbaycan DİN – nin rəhbərliyi onu bu dəfə Xarkov Ali Hərbi Məktəbinə göndərir. Narahat dolu günlər məhz ondan sonra başlanır...  

       Aqil ata-anasının, bacı-qardaşlarının doğma ocaqlarından didərgin salındığını Xarkovda eşitdi. Nigarançılıqdan qurtarmaq üçün Aqil körpə qızını da götürüb Bakıya qayıtdı. Həmin vaxt onun ailəsi Bakıda qohum-tanışlarının evində sığınacaq tapmışdı. 

Qarabağdan gələn dəhşətli xəbərlər Aqili çox narahat edirdi. O zaman Milli Orduda təcrübəli hərbi mütəxəssislərə, xüsusən də zabit kadrlara böyük ehtiyac vardı. Aqil leytenant rütbəli zabit idi. O, evdə heç kəsə demədən, Milli Ordunun qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş etdi. Yalnız həmin axşam qardaşı Nəsimi Aqilin cəbhəyə getməsindən xəbər tutur. Və o, qardaşı Aqillə birlikdə hər tərəfdən əlaqəsi kəsilmiş Xocalı şəhərinin müdafiəsinə göndərilir. O zaman Xocalı cəbhə bölgəsinin ən qorxulu nöqtəsi idi. Beləliklə, Aqil 21 nəfər döyüşçü ilə Xocalı aeroportunun rəisi Əlif Hacıyevin müdafiə batalyonuyla çiyin-çiyinə şəhərin müdafiəsində dayanır. Nəsimi qardaşı sarıdan çox nigaran olurdu. Çünki o, bir yerdə qərar tuta bilmirdi. Harada kömək lazım olurdusa, özünü oraya yetirirdi. Xocalıda vəziyyət günü-gündən gərginləşirdi. Silah-sursat, hərbi texnika, ərzaq çatışmırdı. Ermənilərin Xocalıya hücum qorxusu vardı. Onlar hər an havadarlarının köməyi ilə şəhərə hücuma keçə bilərdilər. Yuxarıdan Xocalıya hərbi texnika, canlı qüvvənin gəlməsini söz versələr də, sözlərinə əməl etmirdilər. Çünki o vaxt Bakıdakıların başı kürsü davasına qarışmışdı. Aqil vəziyyətin ciddiliyini görüb, heç kəsin ağlına gəlməyən bir əməliyyat planı hazırladı. Gizli plandan yalnız onun tabeliyində olan 21 əsgərin xəbəri vardı.  

 1992-ci il fevral ayının əvvəli idi. Bu dəliqanlı gənc heç nədən qorxmadan komandiri olduğu 21 nəfər döyüşçü ilə hücum edib, MDB-nin qoşun hissələrinin ermənilərə yardım aparan 3 BRDM-i, ərzaq dolu 2 URAL maşınını və 13 hərbçisini girov götürdü. Bu hadisə rus qoşun heyətini xeyli hiddətləndirmişdi. Ona görə də onlar Xocalı milis şöbəsinə qəfil hücum edərək bir neçə nəfəri öldürdülər və rəis müavinini əsir götürdülər. Amma Aqil onlara imkan vermədi. Hadisədən xəbər tutan kimi, o, dərhal hücuma keçərək düşmənin BRDM-ni heyəti ilə birlikdə ələ keçirdi. Cəsur komandir milis şöbəsindəki rusları da girov götürüb qərargaha göndərdi. Bu əməliyyatda dəliqanlı qardaşını tək buraxmaq istəməyən Nəsimi Quliyev də iştirak edirdi. Aqili daha çox yandıran o idi ki, Xocalıda döyüşən və onun müdafiəsində gecə-gündüz mərdliklə dayanan əsgərlərimizin silah-sursata, ərzağa ehtiyacları olduqları halda, 366-cı rus alayının Gəncədən maşınlarla dolu ərzaq və silah-sursat aparılırdı. Hərbi texnikanın, silah-sursatın, ərzaq və heyətin azərbaycanlı əsgərlər tərəfindən ələ keçirildiyini eşidən Gəncə diviziyasının komandiri rus general-mayoru şəxsən özü Xocalıya gələrək  igid, qorxmaz komandir Aqil Quliyevlə görüşdü. Diviziya komandiri amiranə şəkildə Aqildən soruşdu: 

–  Siz nə cürətlə diviziyaya məxsus maşını qarət etmisiniz? 

– Cənab general, biz quldur deyilik. Bizim dinc sakinlər hər gün Xankəndi tərəfdən erməni silahlılarının hücumuna məruz qalır. Sizin əsgərlər isə bunları gödükləri halda, nədənsə seyrçi mövqe tuturlar. Sizin əsgərlər dinc əhalini qorumaq əvəzinə, ermənilərlə əlbir olub bir şüşə arağa onlara silah satır. Bizlərdə isə çoxunun  silahı yoxdur. Sizcə, bəs biz əli silahlı ermənilər qarşısında nə etməliyik?! 

– Sizi  başa düşürəm. Ancaq hər halda, yol kəsmək, çapqınçılıq etmək də yaxşı iş deyil. Sizə xəbərdarlıq edirəm, bunun sonu pis nəticələnə bilər. Əgər silah baxımından çətinliyiniz varsa, qoy respublika rəhbərliyi bizə müraciət etsin. Amma girov götürdüyünüz əsgərləri təcili buraxın! 

 – İnanıram ki, silah barəsində tezliklə sizinlə əlaqə saxlayacağıq.  O ki  qaldı  girovlar  məsələsinə, bunu yuxarıya məruzə etdikdən sonra həll edəcəyik, – deyə Aqil generalı yola salmaq üçün ayağa qalxdı. 

General isə gənc leytenantın onunla bu tərzdə danışmasından heç xoşlanmadı və əsəbi halda Aqilə xəbərdarlıq edirmiş kimi: 

  – Bilmirəm, mən diviziyaya qayıdana kimi girov götürdüyünüz bütün heyət sağ-salamat xidmət etdikləri hərbi hissədə olmalıdır – dedi. 

Bu hadisəni eşidən rəhbərlik Aqilə təcili girovları buraxmağı tapşırır. Gənc leytenant məcbur olub girov götürdüyü rus əsgərlərini buraxır. Amma yuxarıdakılara belə bir məlumat göndərir: “Xocalıya təcili kömək gəlməlidir. Burada vəziyyət olduqca gərgindir. Dinc əhaliyə və Xocalını müdafiə edən əsgərlərə ərzaq və silah-sursat göndərin. Ruslar ermənilərlə əlbir olub Xocalı şəhərini ələ keçirmək istəyirlər. Bunun üçün ermənilər hər vasitə ilə ruslardan silah, ərzaq və hərbi texnika alırlar. Əgər tez bir zamanda Xocalını müdafiə edən könüllü batalyonun uşaqlarına  və Milli Ordunun əsgərlərinə silah-sursat, hərbi texnika və ərzaq yardımı gəlməsə, Xocalı əldən gedəcək. Əsgərlərimizin hərbi texnika, silah-sursat cəhətdən üstün olan düşmənin qarşısında dayanması mümkün olmayacaq. Xocalı uğrunda döyüş başlamazdan öncə, dinc əhali şəhərdən dərhal çıxarılmalıdır, yoxsa hücum başlasa, itkilərimiz çox olacaq. Mənim fikrim budur ki, Xocalıda ancaq döyüşən adamlar qalmalıdırlar. Qocalar, qadınlar, uşaqlar, qız-gəlinlər, körpə uşaqların hamısı təcili şəhərdən çıxarılmalıdır. Təəssüf ki, Aqilin bu məlumatını rəhbərlik “provokasiya” adlandırır və çoxları onu əhali arasına vahimə salmaqda ittiham edir. Bundan sonra Bakının göstərişiylə Ağdamdan Xocalıya sərnişin vertolyotuyla silah-sursat çatdırmağı qərara alırlar. Ancaq bu məlumat xainlər tərəfindən tezliklə ermənilərə çatdırılır və həmin vertolyotu düşmən vuraraq məhv edir. Beləliklə, Xocalı köməksiz qalır. Bakıdan əlini üzən şəhərin müdafiəçiləri və Aqilin tabeliyində olan cəsur əsgərlər yeganə çıxış yolunu yenidən rus alayına hücum edib, onların texnikasına sahib olmaqda görürlər. Başqa çarə də yox idi. Ona görə də soyuğun iliklərə işlədiyi sərt bir qış gecəsi Aqil döyüşçü yoldaşlarıyla bərabər 366-ci alayına hücum edərək rusların 6 BMP-sini heyət üzvləri ilə birlikdə girov götürür. Girov götürülmüş heyətin tərkibində bir rus polkovniki də olur. Aqilin keçirdiyi əməliyyat barədə yuxarılar dərhal xəbər tutur və ona göstəriş verilir ki, girovlar təcili azad edilsin. Aqil isə ələ keçirdiyi “qənimət”i əldən vermək istəmir və rus polkovniki ilə bazarlığa girişir. O, rus polkunun əsgər heyətini və polkovnikini azad edəcəyi təqdirdə, onlardan 1 BMP, 1 “Kristall” raket qurğusu, çoxlu hərbi sursat və 1 maşın ərzaq alacağını bildirir. Sövdələşmə baş tutur və bundan sonra girovların geri qaytarılması barədə yuxarıya – rəhbərliyə məlumat verilir. 

       Bu hadisə həm erməniləri, həm də rusları həddindən artıq qıcıqlandırır və rus ordusu erməni silahlıları ilə bərabər Xocalını tam mühasirəyə alır. Amma Aqil ruhdan düşmür və döyüşçü dostlarını götürərək mühasirəni yarmaq üçün erməni postuna hücum edir. Məqsəd mühasirəni yarmaq və dinc əhalini oradan çıxarmaqdı. Fevralın 18-də Aqil 11 nəfər döyüşçü ilə erməni postuna yaxınlaşır və düşmənə göz açmağa imkan verməyərək, postdakı 21 erməni döyüşçüsünü məhv edir. Aqilin döyüşçü yoldaşı İlqar Musayev ermənilərin hamısının ölüb-ölmədiyini yoxlamaq üçün otağa girir və bu zaman yaralı erməni onu avtomatla vurur. Onun arxasınca gələn Cabbar da ermənini gəbərdir. Bunu görən Aqil tez İlqarın qoluna girib onu təhlükəsiz yerə aparmaq istəyir. Amma bu vaxt digər yaralı bir erməni avtomatdan açdığı atəşlə Aqilin qıçlarını biçir. İlqar hərəkətsiz halda yerə yıxılaraq həyatla vidalaşır. Hafiz bir atəşlə yaralı ermənini o dünyalıq edir. Komandir yaralandığı üçün daha burada çox dayanmaq olmazdı. Hər an postdakı ermənilərə kömək gələ bilərdi. Ona görə də Cabbarla Hafiz Aqilin qollarına girib onu öz postumuza çatdırmağa çalışırlar. Posta az qalmış, arxadan atılan güllələr Cabbar və Hafizi də yaralayır. Hər üç döyüşçü yerə yıxılır. Onlar ağır yaralandıqları üçün çətinliklə sürünə-sürünə posta tərəf hərəkət edirlər. Bu vaxt düşmən yenidən onları atəşə tutur 

   …Cabbarla Hafiz yerdə hərəkətsiz qalırlar. Güllələrdən biri də Aqilin kürəyindən dəyir və gözləri qaranlıq çalır. İndi o, göylərdən həm döyüşçü yoldaşlarının, həm də özünün yerdə uzanmış cansız bədəninə baxırdı… 

 

                                                               *** 

 Yalnız beş gün sonra Aqilin meyitini oradan çıxarmaq mümkün oldu. Aqilin ölümünü qardaşı Nəsimi bir müddət evdəkilərdən gizlətdi. O gecə İfrat ana səhərəcən yata bilmədi, sanki yatağına qor ələnmişdi. Oğlu Aqili tez-tez gözlərinin önünə gətirirdi. Ana hiss edər övladı darda qalanda. Ananın ürəyi çox narahatdı Aqil sarıdan. Təlatüm keçirirdi ana ürəyi, sinəsini yarıb ordan çıxmaq istəyirdi. Aqil Xarkovdan qayıdıb gələndə İfrat ana çox sevinmişdi, ona görə sevinmişdi ki, uzun illərin ayrılığından sonra artıq bir yerdə olacaqdılar. Ancaq ananın sevinci uzun sürmədi. Aqilin “Anacan, mən Qarabağa gedirəm, orda mənə ehtiyac var. Axı mən zabitəm. Vətən darda olduğu halda zabit şərəfim məni onun harayına səsləyir. Mən evdə qala bilmərəm. Mənə xeyir-dua ver, Ana!” Ana dolmuş gözlərini oğluna zilləyib dedi: “Bilirəm, indi onsuz da kimsə səni durdura bilməz. Çünki həmişə Vətənini ananla tən tutmusan. Anlayırsan ki, ona atılan hər bir güllə sanki doğma anana tuşlanıb. Anaları qorumaq isə övladların müqəddəs borcudur, onların namus və şərəf məsələsidir. Get, oğlum, get. Allah amanında!” 

İndi İfrat ana: “Bu narahatlığın hökmən bir səbəbi var, qəlbim heç vaxt indiyə kimi bu qədər sıxılmamışdı”, deyə düşündü. Aqil isə bu zaman əllərini anasına tərəf uzadaraq can verirdi. İndi bu igid oğullar ana qollarının həsrətindəydilər. Analar əvvəlcə ovladlarının ölüm xəbərinə inanmazlar. “Harasa gedibdir, səfərdədir, tezliklə qayıdıb gələr” deyə düşünərlər. Vaxt ötdükcə analar darıxar; “ Oğul, bir az tez qayıt, boynuna qalxmağa qollarım ağlar. Gözlərim sən gedən yollardan çəkilmir bir an. Qayıt gəl, ananı ağlatma daha. Sən ki ananın ağlamasına heç zaman rəva bilməzdin. Qayıt gəl, qoy yollardan çəkilsin intizar gözlərim” deyə təsəlli verərlər özlərinə...  

   Analar dözümlü olurlar. Dağ boyda dərd çəkməyə gücləri yetər. Bəs atasına hələ tamam alışmayan balaca Səbinəyə nə deyək? Atan səni qoyub hara getdi deyək?!  

Atan Sahib kişini, qardaşın Nəsimini, Azəri, Validi, Rahibi, bacıların Sevda və Rəmziyyəni gözü yaşlı qoyub haraya getdin, Aqil?! Sənin yoxluğunla heç cür barışa bilmir dostlar-tanışlar, qohum-əqrəbalar… 

 Şəhidliyin mübarək, əziz qardaşım! Sən ölümünlə ölümsüzlük qazandın. İgidlik simvolu kimi yaddaşlarda qaldın. Həyatda əbədi izin qaldı sənin. Səninlə bütün dost-tanışların, qohum-qardaş, yaxınların, elin-oban, xalqın fəxr edir, qürur duyur. Sən əbədiyyət günəşitək həmişə yaşayacaq, qəlblərə işıq saçacaqsan! 

Necə ki, şair Seyran Cavadov “Şəhidlər” şeirində deyir:   

 

                  Dağılar duman da, dağılar çən də, 

                  Həm Tanrı sevinər, həm də ki bəndə. 

                  Dava qurtaranda, üzlər güləndə 

                  Şəhidlər qayıdar yenə bu yurda… 

 

                                         *** 

                  Bir dəli gülüşün uğultusunda, 

                  Körpə bir uşağın qığıltısında, 

                  Elin toy günündə, elin yasında 

                  Şəhidlər qayıdar yenə bu yurda… 

 

 

                                                                                                                                                               Camal ZEYNALOĞLU, 

                                                                                                                                                                      yazıçı-publisist 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password