Vətəndaşlar Prezidentə yazır – Bu, gördüyümüz işlərə verilən yüksək qiymətdir
Ölkə vətəndaşları hər zaman olduğu kimi, 2019-cu ildə də sosial problemlərinin həlli, həyata keçirilən abadlıq-quruculuq işləri, ölkəmizin qazandığı nailiyyətlər və uğurlarla əlaqədar dövlətimizin başçısına çoxsaylı minnətdarlıq məktubları göndəriblər. Onlar öz problemlərinin həlli ilə yanaşı, respublikada aparılan əzəmətli quruculuq işlərindən duyduqları böyük sevinc hissini ifadə etməyi özlərinə borc hesab edirlər. Belə məktublar, demək olar ki, Azərbaycanın bütün bölgələrini əhatə edir. Eyni zamanda, xarici ölkə vətəndaşlarından, habelə xarici ölkələrdə yaşayan soydaşlarımızdan daxil olan minnətdarlıq məktubları da az deyildir.
Bu fikirlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” adlı məqaləsində öz əksini tapıb.
Vətəndaşlar dövlətin həyata keçirdiyi siyasəti, dövlət başçısının xalqa olan diqqət və qayğısını təqdir etdikləri kimi, Prezident İlham Əliyev də xalqın ümumi məsələlərə münasibətini, dövlətin öz xalqından güc aldığını vurğulayaraq deyir: “Bütün bunlar əlbəttə ki, gördüyümüz işlərə verilən yüksək qiymətdir. Ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir. Bu yaxınlarda aparılan sorğuya əsasən demək olar ki, əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir. Əlbəttə ki, bu dəstək bizə güc verir, iradəmizi artırır və biz islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyil göstəririk, bu islahatları aparırıq”.
Məqalədə bildirilir ki, yola saldığımız 2019-cu il ölkə tarixində mühüm sosial islahatlar ili kimi yadda qaldığına və bu islahatların təsir dairəsi çox geniş olduğuna görə bununla bağlı il ərzində xeyli minnətdarlıq məktubu daxil olub. Ümumiyyətlə, ölkəmizin sürətli inkişafı və bunun fonunda xalqımızın güzəranının yaxşılaşması vətəndaş məktublarının mütləq əksəriyyətini səciyyələndirən əsas mövzulardandır.
Aktualinfo.org