Heydər Əliyev Mərkəzində II “Fərqli Fərdlər” Konqresi keçirilir
Fevralın 15-də Heydər Əliyev Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün II “Fərqli Fərdlər” Konqresi öz işinə başlayıb.
“Fərqli Fərdlər” Konqresi Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Heydər Əliyev Mərkəzinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə keçirilir.
Tədbir “Autizm spektr pozuntusu” (ASP) mövzusunu əhatə edir. Konqresin prodüseri Asperger sindromlu və autizmli şəxslərin dəstəyinə həsr olunmuş layihənin rəhbəri Antonina Steynberqdir.
Konqresin məqsədi autizmdən əziyyət çəkən uşaqların inkişafı və tərbiyəsi məsələlərinə ictimaiyyətin diqqətini daha çox yönəltmək, valideyn, mütəxəssis və pedaqoqlar arasında dialoq qurmaq və dövlətin tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin genişləndirilməsi təmayülünə dəstək verməkdir.
Konqres Heydər Əliyev Mərkəzi, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. Konqresin tərəfdaşı qismində BP çıxış edir.
Tədbirin təşkilatçıları “Caspian Event Organisers” şirkəti və Edutainment.az təhsil strukturudur. Tədbirdə qeyd olunub ki, konqresdə autizm anlayışı bilavasitə izah ediləcək və ASP-dən əziyyət çəkən şəxslərin təhsili, gələcək məşğulluğu, eləcə də ailədə yaşam tərzi, ictimaiyyətə inteqrasiyası və digər məsələləri ehtiva edən panellər təqdim olunacaq.
Tədbirdə, həmçinin “Bilmək və qəbul etmək” panelində eşitmə qabiliyyəti zəif olan autizmli şəxslər üçün surdo-tərcümə xidmətlərindən danışılıb. Rusiyalı ekspert-moderator, “Konsepsiya” elmi mərkəzinin psixoloqu, autizmli uşağın valideyni Arina Lipkina “ASP diaqnozlu uşaqların valideynləri psixoterapiya: psixoloji yardım və tövsiyyələr” mövzusunda çıxış edib. Daha sonra kliniki psixoloq, “Açıq ürəklər” fondunun eksperti, uşaqların inkişafı və psixi sağlamlığı üzrə mütəxəssis Tatyana Morozova “ASP-li uşaqlar üçün effektivliyi sübut olunmuş hərtərəfli qayğı proqramı: “Açıq ürəklər” fondunun təcrübə proqramından bəhs edən mövzu ilə çıxış edib.
Uşaq nevroloqu Svyotaslav Dovbnya ASP-li uşaqlar üçün Effektivliyi sübut olunmuş hərtərəfli qayğı proqramı: “Açıq ürəklər” fondunun təcrübə proqramı barədə danışıb. Sual-cavab sessiyasından sonra “Fərqli Həyat” panelində rusiyalı, “Fərqli Fərdlər” konqresinin prodüseri, ASP-li uşaqlara dəstək mərkəzinin rəhbəri Antonina Steynberq, Moskva Dövlət Universitetinin böyük elmi işçisi, autizmli Aleksey Voskov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əlaqələr şöbəsinin müdir müavini, autizmlu uşağın valideyni Elnarə Ənsari, autizmli uşaqlar Orxan Məstəliyev, Ayşə Məmmədli çıxış ediblər.
3-cü “İnklüziya və İnteqrasiya” Paneli autizmli uşaq Ayşə Məmmədlinin ssenarisi əsasında səhnələşdirilən “Zaman maşını” tamaşasının bir hissəsinin nümayişindən sonra başlayıb.
Panelin eksperti və moderatoru qismində “United Aid For Azerbaijan” təşkilatının təsisçisi Qven Börçel (Böyük Britaniya) “İnklüziya: nəzəriyyədən təcrübəyə” mövzusu ilə çıxış edib.
Konqresin ilk iş günü “Ailə. Həyatın başlanğıcı” adlı paneldə ABŞ-ın Ohayo Dövlət Universitetinin fəxri professoru Uilyam Hyuardın (ABŞ) “Ailədə davranış qaydaları” mövzusunda çıxışı və “Edutainment.az” təhsil platformasının və “Business Woman of Azerbaijan” təşkilatının təsisçisi Tatyana Mikayılovayla biznes dialoqun qurulması ilə yekunlaşıb.
İki gün davam edən tədbir çərçivəsində fevralın 16-da xarici mütəxəssislərin iştirakı ilə ilk dəfə olaraq “Tətbiqi Davranış Analizi” (“ABA”) mövzusunda konfrans keçiriləcək. Tədbirin qonaqları arasında ASP-li uşaqların valideynləri, ABŞ, Böyük Britaniya, İtaliya, Rusiya, Türkiyə və Yunanıstanı təmsil edən ekspertlər, pedaqoq və metodistlər, psixoloq və psixoterapevtlər olacaqlar.
II “Fərqli Fərdlər” Konqresi fevralın 16-da bitəcək.
Aktualinfo.org