Ərdoğan ultimatum verdi, kritik müddət başladı – Artıq heç nə əvvəlki kimi olmayacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Ədalət və İnkişaf Partiyasının toplantısında Bəşər Əsəd rejiminin hücumlarına qarşı gediləcək yol xəritəsini açıqladı. Ərdoğanın Suriyaya ultimatum göndərməsindən sonra Türkiyənin qarşıdakı müddətdə atacağı addımlar maraqla gözlənilir.
Jurnalist Mehmet Acet köşə yazısında Ərdoğanın verdiyi mesajları şərh edib.
O, prezidentin dilə gətirdiyi 3 istiqamətə diqqət çəkib: əsgərlərə kiçicik zərər gəlməsi təqdirində rejim qüvvələrinin hər yerdə vurulması, İdlibdə uçan təyyarələrin artıq rahat hərəkət etməyəcəyi, fevralın sonuna qədər rejimin türk ordusuna aid müşahidə məntəqələrini mühasirədən çıxarması.
Məqalədə bildirilib ki, bu sözlər iki əsas mövzuda Türkiyənin son dərəcə kritik prosesə daxil olduğuna işarə verir: “Ərdoğan Suriyadakı Türkiyə Silahlı Qüvvələri ünsürlərinə hər hansı yeni hücum ediləcəyi təqdirində buna birə-on, birə-yüz cavab veriləcəyini və bu cavabın sadəcə İdlib bölgəsi ilə məhdudlaşmayacağını söyləyir. Ultimatum çərçivəsi sadəcə qarşı tərəfdən gələcək hücumlara cavab verilməsi ilə başa çatmır. Bir də Ərdoğanın diqqət çəkdiyi “fevralın sonuna qədər” ifadəsi var. Rejimin 2018-ci ildə imzalanan Soçi memorandumu çərçivəsində çəkilən sərhədlərdən kənara çıxması istənilir. Ərdoğanın ortaya qoyduğu iradə rejimin bu bölgələrdən geri çəkilməsi və TSQ-ya aid müşahidə məntəqələrinin mühasirədən çıxarılması, 2018-ci il sərhədlərinə geri dönmək tələbini ehtiva edir.
Gözlər Moskva ilə aparılacaq müzakirələrdə
Şübhəsiz, İdlibdə yaşanan bu gərginlik sona çatacaq və məsələ diplomatik yolla həll olunacaqsa, bunu təmin edə biləcək ən əhəmiyyətli şey türk və rus heyətlər arasında gedən müzakirələr və bazarlıqlar olacaq. Ankaranın tələblərinin qarşılanması bir az da qarşı tərəfin tələbləri ilə ikisini uyğunlaşdırmaqla mümkün ola bilər. Bundan sonrakı görüşlərdə türk heyəti rejimin geri çəkilməsini tələb edərkən, Moskvanın əks tələbinin nə olacağını az da olsa ehtimal edə bilirik: İdlibdə şou göstərən Rusiya və rejimin terror ünsürü olaraq qəbul etdiyi radikal qrupların tənliyin xaricinə çıxarılması.
Ərdoğanın rejimə ultimatum mənası verən mesajlarından bu nəticələri çıxara bilərik: İdlibdəki gərginliyin azaldılması üçün Ankara-Moskva arasında rejimin geri çəkilməsi ilə İdlib bölgəsindəki terror qruplaşmasının kənara çıxarılması anlamında müzakirə aparılacağı anlaşılır. Bu müzakirələrdən necə nəticə çıxacağını, ya da bu metodla həll edilib-edilməyəcəyini qarşıdakı günlərdə daha rahat anlaya biləcəyik”.(publika.az)