Ermənistandakı siyasi xaos – İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
Bir neçə gün əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası və onun strukturundakı qurumların Bakı və Ankaraya tətbiq etdiyi ikili standartlardan söz açıb.
Dövlət başçısı təəssüf hissi ilə qeyd edib ki, Avropa Şurasında deqradasiya prosesi gedir və bu təşkilat beynəlxalq aləmdə əhəmiyyətini itirir, dünyada baş verən proseslərə təsir göstərmək iqtidarında deyil.
Azərbaycan lideri qurumun nüfuzunun aşağı düşməsinin əsas səbəbinin orada hökm sürən riyakarlığın, ikili standartların və ədalətsizliyin olduğunu açıq şəkildə bəyan edib.
“Sözün düzü, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki, təxminən 20 ildir ki, müxtəlif dövrlərdə Azərbaycan siyasi sifariş əsasında hədəf seçilib, ölkə haqqında olmayan yalanlar uydurulur və yayılır. Azərbaycan geridə qalmış ölkə kimi təqdim olunur, ölkəmizdə baş verən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik” , – deyə Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, o yerlərdə ki, siyasi məhbuslar var, o ölkələr diqqətdən kənarda qalır. Bu mənada, nümunə kimi Ermənistanı göstərmək olar.
Prezident çıxışında qeyd edib: “Ermənistanın keçmiş prezidenti bir ildən çoxdur ki, həbs olunub, o, fəal siyasətlə məşğul olmaq haqqında öz sözünü deyəndən sonra həbs olunub və bir ildən çoxdur ki, həbsxanada saxlanılır. İki il bundan əvvəl Ermənistana rəhbərlik edən prezident də indi istintaq altındadır. Onun haqqında cinayət işi açılıbdır və mətbuatda yayılan məlumata görə, onun işi məhkəməyə verilibdir. Bunun da başlıca səbəbi keçmiş prezidentlərin indiki iqtidarın fəaliyyətini tənqid etmələridir. Ermənistanda jurnalistlər həbs olunur. Mənə verilən məlumata görə, bu yaxınlarda bir media orqanının rəhbəri həbs olunub. Bir neçə ay bundan əvvəl bir jurnalist həbsxanada aclıq aksiyasına başlayaraq aclıqdan vəfat edib. Ancaq bu faktların heç biri Avropa Şurasında qeydə alınmır. Nə üçün? Nə üçün Ermənistana qarşı bir münasibət var, Azərbaycana, Türkiyəyə qarşı başqa münasibət? Biz bu sualın cavabını yaxşı bilirik və bir daha qeyd etmək istəyirəm, yaxşı olardı ki, Avropa Şurası bu məsələlərlə məşğul olsun”.
Qocaman və “böyük” beynəlxalq təşkilatlardan birinin Azərbaycana qarşı belə açıq-aşkar, hətta qabarıq şəkildə ikili münasibəti ədalətsizlikdir. Doğurdan da, Azərbaycanı və Türkiyəni zəhərləyən Avropa Şurasının Ermənistanın beynəlxalq öhdəliklərini açıq-aşkar pozduğunu görməməsini necə izah etmək olar?
Bu ölkədə siyasi motivli təqiblər sözün həqiqi mənasında “gözə girir”. Ermənistandakı daxili siyasi çəkişmələri, təqibləri, qanunsuzluqları anlamaq üçün bir neçə misal göstərmək kifayətdir.
Məsələn, bu yaxınlarda, yanvar ayında erməni müxalifət fəallarının tutulması ilə bağlı məlumatlar yayıldı. Belə ki, yanvarın 28-də dörd erməni müxalifət lideri – “Adekvad” partiyasının qurucuları Artur Danielyan və Konstantin Ter-Nakalyan, həmçinin Qriqor Minasyan və Azat Adamyan polisə aparılıb.
Erməni bloqerlərin verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının əsas məqsədi şəxsi yazışmalara daxil olmaq və smartfonlara proqramlar yükləmək üçün aktivistlərin telefonlarını əldə etmək olub.
Üstəlik, bütün bunların baş nazir Nikol Paşinyanın şəxsi əmri ilə edildiyi iddia olunur.
Elə həmin gün Ermənistan polisi müxalif bloqer, VETO hərəkatının qurucusu Narek Malyanı qanunsuz silah saxlamaq şübhəsi ilə saxlayıb.
Qeyd edək ki, Narek Malyan Soros Fondunun Ermənistandakı əsas əleyhdarlarından biridir. O, mövcud hökumətə qarşı mübarizə aparan “Adekvad” partiyasının qurucularından sayılır.
Qəribədir, amma nə ABŞ-ın Ermənistandakı səfirliyi, nə də Avropa təşkilatlarının nümayəndələri bu yüksək siyasi qalmaqalın fərqinə varmadılar. Nədənsə, yüksək statuslu qurumlar bu vəziyyətdə insan hüquqlarının xüsusi fundamental pozuntularını görmədilər.
Bütün bu faktlar heç bir halda Ermənistanın daxili siyasi həyatında ilk və çox güman ki, son deyil. Lakin bu kampaniyanın təşkilatçısı və ideoloji müəllifi Ermənistanın “küçə demokratın”dan başqa biri deyil. Hansı ki, o, bu yaxınlarda Ermənistanda “qanun və qaydanı” bərqərar etmək üçün səylərini əsirgəməyəcəyinə söz vermişdi.
Ermənistanın baş nazirinin anlayışındakı “qanun və qayda” daxili düşmənləri ilə haqq-hesab aparmaq üçün bir vasitədir. Bütün bunlar isə aşağıdərəcəli serialların süjetindəki kimi ucuz qisas kimi görünür.
Yaxın keçmişdə siyasi təqiblərin qurbanı olan bir şəxs hakimiyyətə gəldikdən sonra ölkəni ayağa qaldırmaq, sosial-iqtisadi və demoqrafik böhranı dayandırmaq, heç olmasa vətəndaşlarının soyuducularını doldurmaq üçün heç bir iş görmür. Səylərini siyasi rəqiblərinin təqiblərinə və müxaliflərin ailə üzvlərinə yönəldir.
Nümunələr üçün uzağa getməyə ehtiyac yoxdur. Hətta erməni mətbuatının səthi təhlili bu ölkədə “cadugər ovunun” nə qədər geniş inkişaf etdiyini göstərir. Maraqlıdır, görəsən niyə Avropa Şurası bu cür qərəzli siyasi könüllülük faktlarına cavab vermir, yaxud biganə yanaşır?
Guya demokratiya, bərabərlik və ədalət prinsiplərinə söykənən təşkilat Ermənistandakı insan hüquqlarının pozulması faktlarına göz yumur, eyni zamanda Azərbaycana gəldikdə isə faktları şişirdir.
Yekunda, bütün bu vəziyyətdə kim itirəcək – Azərbaycan, yoxsa Avropa Şurası?
Sual, necə deyərlər, ritorikdir.
Ermənistanda siyasi səbəblərə görə təqib olunan şəxslərin içində keçmiş yüksək vəzifəli məmurlar, onların yaxın qohumları, jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri də var. Məsələn, Ermənistanın üçüncü prezidenti, Respublika Partiyasının sədri Serj Sarkisyan 1 milyon dollardan çox pul oğurluğunda ittiham olunur. 2019-cu il dekabrın ortalarında Sarkisyanın əmlakına həbs qoyulub. Bu ilin yanvar ayında daha dörd şəxsə dövlət dəstəyi proqramı çərçivəsində ayrılmış 489 milyon 160 min 310 dram (1 milyon 20 min dollar) mənimsəmə ittihamı irəli sürülüb.
Serj Sarkisyanın qardaşı Levon Sarkisyan qanunsuz yolla vəsait əldə etməkdə, vergidən yayınmada ittiham olunur. Axtarışa verilib. Çex Respublikasından Ermənistana ekstradisiya edilən Levon Sarkisyanın oğlu Narek Sarkisyan silah-sursat, partlayıcı maddə və narkotik maddə saxlamaqda şübhəli bilinərək tutulub. O, hazırda həbsdədir.
Levon Sarkisyanın qızı Ani Sarkisyan qeyri-qanuni vəsait əldə etməkdə, vergidən yayınmada ittiham olunur. İstintaq zamanı o, Ermənistanı tərk etməmək barədə yazılı öhdəlik verib.
Bundan başqa, Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan 2018-ci ilin iyununda qanunsuz silah saxlamaqda ittiham edilib. 2018-ci ilin iyul ayında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsinin qərarı ilə əmlakına həbs qoyulub. Ona büdcəyə 30 milyon dolları qaytarmaq üçün vaxt verilmişdi. Nəticədə S.Sarkisyan 2019-cu ilin fevral ayında dövlətə 19,6 milyon dollar qaytarıb.
Aleksandr Sarkiyanın oğlu Hayk Sarkisyan 1 iyul 2018-ci ildə məhkəmənin qərarı ilə “sui-qəsd cəhdi” ittihamı ilə iki ay müddətinə həbs olunub və həmin ilin sentyabrında 50 milyon dram girov müqabilində sərbəst buraxılıb.
Növbəti hədəf Ermənistanın ikinci prezidenti Robert Koçaryandır. Məlumat üçün bildirək ki, 1 mart 2008-ci il seçkilərindən sonra ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarlarının təşkil etdiyi mitinqdə 10 nəfər öldürülüb. O zaman prezident olan Robert Koçaryan 2018-ci ilin dekabrında nümayişləri dağıtmaq və konstitusiya quruluşunu devirmək ittihamı ilə həbs edilib. 2019-cu ilin fevral ayında o, 927 milyon dram (təxminən 3 milyon dollar) məbləğində rüşvət verməkdə ittiham olunub. Sabıq prezident hazırda həbsdədir.
Sabiq deputat, Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın ailə üzvləri və bütün yaxınları hələ də siyasi təqiblərlə üzləşirlər. Keçən il oktyabrın 4-də parlament Tovmasyanın sədrliyinə xitam verilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlib. Lakin Konstitusiya Məhkəməsi parlamentin tələbini nəzərdən keçirməkdən imtina edib.
Onun vəzifəsindən çıxarılması üçün əvvəlcə Ermənistan Konstitusiyasına dəyişiklik edilməliidi. Bu məqsədlə 6 fevral 2020-ci il tarixində Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı qanun parlamentdə hakim partiyanın səs çoxluğu ilə qəbul edildi.
Respublika Partiyasının üzvü, 1999-2007-ci illərdə parlamentin deputatı olmuş Levon Sarkisyan Ermənistan Cinayət Məcəlləsinin 175.1-2-3 (bədənə ağır xəsarət yetirmə və qarətetmə) və 223.3 (cinayət qrupu yaratmaq və orda iştirak etmə) maddələri ilə ittiham olunub. O, 2019-cu ilin noyabr ayında Rusiyada 40 gün müddətinə həbs edilib. Sabiq deputatın Ermənistana təhvil veriləcəyi gözlənilir.
Ermənistan parlamentinin aparat rəhbərinin sabiq müavini Arsen Babayan 21 oktyabr 2019-cu ildə hakimiyyəti zorla ələ keçirmək cəhdində şübhəli bilinərək saxlanılıb. Onun Ara Babloyanla birlikdə törətdiyi ehtimal edilən cinayət işi araşdırılır.
Bu, əlbəttə ki, təqiblərlə üzləşənlərin tam siyahısı deyil. Burada sabiq müdafiə naziri Seyran Ohanyan, sabiq deputat, müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryan, onun oğlu Ara Qriqoryan, həyat yoldaşı Nazik Qriqoryan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatın sabiq baş katibi Yuri Xaçaturov, bloqqerlər Narek Mutafyan, Sarkis Ohancanyan,”5-ci kanal”ın rəhbəri Armen Tavadyan və digərləri də var.
Nədənsə işğalçı ölkədə başqa verən bu qədər qanunsuzluqlar və insan hüquqlarının tapdalanması faktları Avropa Şurasında olan “demokratların” heç veclərinə də deyil.(azvision.az)